“Azərbaycan–Qırğızıstan müttəfiqliyi yeni geosiyasi mərhələ açır” Gündəm

“Azərbaycan–Qırğızıstan müttəfiqliyi yeni geosiyasi mərhələ açır”

“Prezident İlham Əliyevin Qırğız Respublikasına dövlət səfəri Azərbaycan–Qırğızıstan münasibətlərinin tarixində keyfiyyətcə yeni mərhələnin başlanğıcıdır”.

Bu fikirləri deputat Könül Nurullayeva Xalqcəbhəsi.az-a açıqlamasında bildirib.

Deputat qeyd edib ki, səfər çərçivəsində imzalanan “Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında Müttəfiqlik münasibətləri haqqında Müqavilə” ikitərəfli əlaqələri strateji tərəfdaşlıq səviyyəsindən müttəfiqlik səviyyəsinə yüksəldərək həm iki ölkə, həm də Türk dünyasının inteqrasiyası, Cənubi Qafqaz–Mərkəzi Asiya əməkdaşlığı və Avrasiya geosiyasəti baxımından mühüm əhəmiyyət kəsb edir: “Mövcud geosiyasi reallıqlar fonunda Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında əməkdaşlığın dərinləşdirilməsi artıq strateji zərurətə çevrilib. Xəzər dənizi Şərqlə Qərbi birləşdirən əsas nəqliyyat və logistika körpüsü kimi çıxış edir və Prezident İlham Əliyevin Qırğızıstana dövlət səfəri regional əməkdaşlığın yeni istiqamətlərini müəyyənləşdirib. İmzalanmış müttəfiqlik müqaviləsi dövlətlərarası münasibətləri ən yüksək səviyyəyə yüksəldib. Bundan sonra Azərbaycan və Qırğızıstan əlaqələrini dostluq və strateji tərəfdaşlıqla yanaşı, qarşılıqlı öhdəliklərə əsaslanan müttəfiqlik formatında inkişaf etdirəcək. Bu isə beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın, təhlükəsizlik sahəsində koordinasiyanın, iqtisadi əlaqələrin və regional təşəbbüslərdə qarşılıqlı siyasi dəstəyin daha da güclənməsi deməkdir.
Bişkekin Azərbaycanla münasibətləri uzunmüddətli strateji perspektivdə inkişaf etdirmək iradəsi siyasi dialoqun yüksək səviyyəyə çatmasına və qarşılıqlı etimadın möhkəmlənməsinə imkan yaradıb.
Səfər zamanı Azərbaycan–Qırğızıstan İnvestisiya Fondunun kapitalının 100 milyon dollardan 200 milyon dollara çatdırılması barədə qəbul edilən qərar sənaye, kənd təsərrüfatı, logistika, emal sənayesi və turizm sahələrində birgə layihələrin həyata keçirilməsi üçün yeni imkanlar açacaq.
İssık-Kul gölünün sahilində Azərbaycanın maliyyə dəstəyi ilə inşa olunan beşulduzlu “Bakı” hotelinin açılışı da xüsusi rəmzi məna daşıyır. Onun sözlərinə görə, bu layihə Azərbaycanın dost ölkələrin inkişafına verdiyi töhfənin, eyni zamanda xalqlar arasında möhkəm dostluq münasibətlərinin bariz nümunəsidir”.

Deputatın fikrincə, səfərin geosiyasi baxımdan ən mühüm nəticələrindən biri Cənubi Qafqaz ilə Mərkəzi Asiya arasında yeni əməkdaşlıq platformasının formalaşmasıdır: “Prezident İlham Əliyevin açıqladığı statistik göstəricilərə əsasən, 2023-cü ilin əvvəlindən Mərkəzi Asiya ölkələrinə 16, həmin ölkələrin liderləri tərəfindən isə Azərbaycana 26 səfər həyata keçirilib ki, bu da diplomatik münasibətlərin intensiv inkişafını nümayiş etdirir.
Orta Dəhliz artıq Avrasiyanın yeni iqtisadi və geosiyasi arxitekturasının əsas elementlərindən birinə çevrilib. Xəzər dənizi üzərindən keçən marşrutların strateji əhəmiyyətinin artması Azərbaycanı Mərkəzi Asiya dövlətləri üçün əsas tranzit və logistika tərəfdaşına çevirir. Bu baxımdan Prezident İlham Əliyevin Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşündə ilk dəfə tamhüquqlu üzv kimi iştirakı xüsusi siyasi əhəmiyyət daşıyır. Hazırda Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında münasibətlər institusional xarakter alır və ölkəmizin regional əməkdaşlıq mexanizmlərində rolu daha da güclənir. Prezident İlham Əliyevin Qırğızıstana dövlət səfəri humanitar əməkdaşlığın inkişafı baxımından da mühüm nəticələr verib. Qarabağın bərpasında Qırğızıstanın dəstəyi, Ağdamda məktəb tikintisi, Çingiz Aytmatovun irsinin birgə təbliği, qarşılıqlı Mədəniyyət Günlərinin təşkili və dostluq parklarının salınması ortaq türk kimliyinin, mədəni bağların və qardaşlıq münasibətlərinin daha da möhkəmləndiyini göstərir”.

Günel Elxan