TAP-ın keçdiyi ərazilərdə torpaq örtüyü bərpa olunur İqtisadiyyat

TAP-ın keçdiyi ərazilərdə torpaq örtüyü bərpa olunur

Azərbaycan təbii qazını Avropaya çatdıracaq "Trans-Adriatik" (TAP) qaz boru kəmərinin inşası çərçivəsində Yunanıstan və Albaniya marşrutunun 72 faizində torpaq örtüyü tamamilə əvvəlki vəziyyətinə gətirilib. Bu barədə boru kəmərinin operatoru olan TAP AG şirkəti məlumat yayıb. Bildirilir ki, boru kəmərinin 765 kilometrlik Yunanıstan və Albaniya hissəsinin 550 kilometrində torpaq örtüyü bərpa edilib.
Qeyd edək ki, TAP layihəsi üzrə işlərin - mühəndis, təchizat və tikinti işləri də daxil olmaqla ümumilikdə 75 faizdən çoxu icra edilib. Boru kəmərinin ötürücülük qabiliyyəti ildə 10 milyard kubmetr olan ilkin layihəsi üzrə biri Yunanıstanda - Kipoidə, digəri isə Albaniyada - Fierdə olmaqla ümumilikdə 2 kompressor stansiyasının inşasına ötən ilin birinci yarısında başlanılıb və işlər qrafik üzrə davam etdirilir. Fierdəki stansiyaya turbo kompressorlar çatdırılıb və quraşdırılıb. Bu kompressor stansiyasının tikintisinin ümumilikdə 40 faizdən çoxu tamamlanıb. Kompressor stansiyaları ilə yanaşı, Albaniyanın şərqində Bilisht regionunun yaxınlığında ölçmə stansiyasının tikintisi də aparılır. Ölçmə stansiyasındakı işlərə keçən ilin birinci rübündə başlanılıb. Hazırda tikinti işlərinin 40 faizi yekunlaşıb.
Kompressor və ölçmə stansiyalarının tikintisi təxminən 2 il müddətində başa çatdırılacaq. Bundan sonra isə ilkin istismara hazırlıq və tam istismara verilmə üzrə yoxlamalar keçiriləcək. Təxminən 6 ay müddətində aparılacaq bu əhatəli yoxlamalar yeni qurğuların tam işlək, eləcə təbii qazın nəqli üçün təhlükəsiz və hazır olub-olmadığını göstərəcək. TAP qaz boru kəməri üçün lazım olan turbo kompressorlar isə "Siemens" şirkəti tərəfindən istehsal edilib.
TAP-ın təməli 2016-cı il mayın 17-də Yunanıstanın Saloniki şəhərində qoyulub. Xəzər dənizinin Azərbaycan sektorundakı "Şahdəniz-2" yatağından hasil olunacaq qazı Türkiyəyə və bu ölkədən də Avropaya daşıyacaq 3 min 500 kilometr uzunluğundakı Cənub Qaz Dəhlizinin tərkib hissəsi olan TAP Cənubi Qafqaz Boru Kəmərinin və TANAP-ın davamı olub, "Şahdəniz-2"dən hasil olunacaq qazı Yunanıstan və Albaniya vasitəsilə, Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna, oradan da Qərbi Avropaya çatdıracaq. TAP Avropa İttifaqı üçün prioritet enerji layihələrindən olan Cənub Qaz Dəhlizinin bir seqmentidir.
Layihə üzrə kapital xərcləri 4,5 milyard avrodur və may ayının sonuna TAP-a 3 milyard avro sərf olunub. Cənub Qaz Dəhlizinə daxil olan layihələrdə "Cənub Qaz Dəhlizi" QSC-nin mülkiyyətində olan iştirak paylarının maliyyələşdirilməsinə qoyulan 9,1 milyard dollar vəsaitin isə 0,7 milyard dollardan çoxu TAP layihəsinə xərclənib. 2020-ci ilədək layihə üzrə Azərbaycan şirkətlərinin xərclərinin 1,2 milyard dollar olması gözlənilir. TAP-ın səhmdarları belədir: BP (20 faiz), SOCAR (20 faiz), "Snam S.p.A." (20 faiz), "Fluxys" (19 faiz), "Enagás" (16 faiz) və "Axpo" (5 faiz).