İsmayıllıda sahibkarlara kredit veriləcək İqtisadiyyat

İsmayıllıda sahibkarlara kredit veriləcək

Tural

İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu 2014-cü il dekabrın 11-də İsmayıllı rayonunun Qalınçaq kəndində sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forum keçirib. İşgüzar forum çərçivəsində sahibkarlarla mövcud iqtisadi potensialdan daha səmərəli istifadə edilməsi məqsədilə müzakirələr aparılmış, Sahibkarlığa Kömək Milli Fondu tərəfindən İsmayıllı rayonu üzrə sahibkarlıq subyektlərindən aşağıdakı istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilmişdir:
- 50 başlıq südlük istiqamətli müasir ailə fermer təsərrüfatlarının yaradılması;
- intensiv bağçılıq və arıçılıq təsərrüfatlarının (o cümlədən sənaye üsulu ilə bal istehsalı müəssisəsinin) yaradılması;
- pendir istehsalı müəssisəsinin və fermer mağazalarının yaradılması.
Sahibkarlar bu sahələr üzrə nümunəvi layihələri Sahibkarlığa Kömək Milli Fondundan əldə edə bilərlər. Sahibkarların istəyinə əsasən bu investisiya layihələrinin dəyərinin 100%-dək hissəsi dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəkdir. Bu gündən etibarən sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə Fonda müraciət edə bilərlər. Əlavə məlumat üçün Sahibkarlığa Kömək Milli Fonduna müraciət etmək olar.