“Biz mübarizə aparıb, döyüşəcəyik” Müsahibə

“Biz mübarizə aparıb, döyüşəcəyik”

Sergey Zenyov: "Panatinaikos" çox güclü olsaydı, ilk oyunda qalib gələrdi"


"Qəbələ"nin futbolçusu Sergey Zenyovun apasport.az saytına müsahibəsi

- Avropa Liqasının pley-off mərhələsinin cavab oyununda Yunanıstanda "Panatinaikos"la qarşılaşacaqsız. Bu barədə nə düşünürsüz?
- "Panatinaikos"la cavab matçı asan olmayacaq. Yunanıstan təmsilçisi güclü komandadı. Üstəlik, onlar öz meydanlarında oynayacaq. Biz mübarizə aparıb, döyüşəcəyik. Çalışacağıq ki, şansımızdan istifadə edib, lazım olan nəticə ilə qrup mərhələsinə vəsiqə qazanaq.

- Sizcə, "Panatinaikos" keçiləsi rəqibdi, yoxsa çox güclüdü?
- Əgər rəqibimiz dediyiniz qədər çox güclü olsaydı, ilk oyunda qalib gələrdi. Belə olsaydı, qrupa düşmək şansımız qalmazdı. Lakin yunanıstanlılar bunu bacarmadı. Evdə 0:0 hesabı qeydə alındı. Hətta hesabı açmaq üçün qol şanslarımız da oldu. Bu da o deməkdi ki, səfərdə nəticə qazanmaq mümkündü.

- Buna inanırsızmı?
- Əlbəttə. Mərhələ adlayacağımıza inamımız olmasa, meydana çıxmağa dəyməz.

- Yunan azarkeşlərinin çox çılğın olmasından xəbəriniz var?
- "Panatinaikos"un azarkeşləri komandalarını 90 dəqiqə çılğınlıqla dəstəkləyir. Bütün görüşlərdə olduğu kimi, bizimlə qarşılaşmada da belə olacaq. Biz isə çalışacağıq ki, öz oyunumuzu göstərək.

- Psixoloji cəhətdən belə auditoriya önünə çıxmağa hazırsız?
- Belə vəziyyətdə köklənmə böyük rol oynayır. Biz də çalışırıq ki, özümüzü oyuna kökləyək.

- "Qəbələ"nin iki əsas heyət üzvü – Rafael Santos və Ürfan Abbasov cəzalı olduğundan qarşılaşmada iştirak etməyəcək. Bu müdafiəçilərin yoxluğunda sizə çətin olmayacaq?
- Komandamızda onları əvəz edə biləcək futbolçular var. Əlimizdən gələni edəcəyik ki, onların yoxluğunu hiss etdirməyək.

- İlk qarşılaşmada nə siz, nə də rəqib komanda fərqlənə bildi. Necə düşünürsüz, "Qəbələ" Afinada qol vura bilərmi?
- Təbii ki, bunu bacaracaq gücdəyik. Bunun üçün mübarizə aparıb, çalışacağıq. İnanıram ki, qol vurmaq üçün imkanlarımız olacaq. Bu şanslardan yararlanıb, rəqib qapısına yol tapmalıyıq.

- Artıq Topaz Premyer Liqasının 3 turu arxada qalıb. Millilərin oyunları öncəsi yaranan fasiləyədək 7 xal toplamısız. Komandanın çıxışını necə dəyərləndirirsiz?
- Hazırda 7 xalımız var. Liderliyə "Qarabağ"la bölüşürük. Düşünürəm ki, bu, yaxşı nəticədi.

- Artıq Azərbaycan çempionatında debüt edib, qol hesabınızı açmısız. Premyer Liqanın səviyyəsi haqda nə fikirdəsiz?
- Cəmi 3 tir keçdiyindən nə isə söyləmək çətindi. Həm də bu qarşılaşmalar Avropa Liqası ilə paralel keçdiyindən bütün fikrimizi çempionata yönəltməmişik. Bu üzdən də sırf çempionat haqda danışmağa çətinlik çəkirəm.

- Bəziləri Premyer Liqanın aşağı səviyyəli olması haqda fikir yürüdür. Bu fikirlə nə dərəcədə razısız?
- Bunu deyənlər öncə Avropa Liqasına baxsalar yaxşıdı. "Qarabağ"la "Qəbələ" turnirin pley-off mərhələsinədək irəliləyib. "İnter" də az mərhələ keçməyib. Bütün bunlara baxıb, çempionatın zəif olduğunu düşünməsinlər.