Sənaye parkları: sənayeləşmənin yeni modeli İqtisadiyyat

Sənaye parkları: sənayeləşmənin yeni modeli

Naxçıvan Sənaye Parkının təməli qoyuldu. Bu sənaye parkı Azərbaycan Prezidentinin 2024-cü ildə imzaladığı Fərmanla yaradılıb. Onun fəaliyyətinin təşkili məqsədilə ilkin olaraq ərazinin istifadəyə yararlı vəziyyətə gətirilməsi, növbəti mərhələdə isə xarici və daxili infrastrukturun, o cümlədən elektrik və istilik enerjisi, qaz, su, rabitə, nəqliyyat, istehsal, inzibati, sosial və digər obyektlərin yaradılması nəzərdə tutulur. Naxçıvan şəhərinin cənub-qərb hissəsində, Naxçıvan-Sədərək avtomobil yolunun cənubunda yerləşən bu sənaye parkı 310 hektar ərazini əhatə edəcək. Artıq sənaye parkına potensial sahibkarların cəlb olunması istiqamətində bir sıra layihələr üzrə danışıqlar aparılır.
Ölkəmizdə hazırda 8 sənaye parkı (Sumqayıt Sənaye Parkı, Mingəçevir Sənaye Parkı, Qaradağ Sənaye Parkı, Pirallahı Sənaye Parkı, Ağdam Sənaye Parkı, Hacıqabul Sənaye Parkı, “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkı, Balaxanı Sənaye Parkı) fəaliyyət göstərir.
Bundan başqa, Gəncə şəhərinin və Şəmkir rayonunun inzibati ərazilərində yaradılacaq Qərb Sənaye Parkında infrastrukturun qurulması üçün texniki şərtlərin alınması prosesi aparılır. Bu sənaye parklarında ümumilikdə 184 rezident qeydiyyata alınıb ki, onların da 101-i artıq fəaliyyət göstərir. İndiyədək rezidentlər tərəfindən 7,1 milyard manatdan çox investisiya cəlb edilib, 11 min 500-dən çox iş yeri yaradılıb. 2026-cı ilin iyulun 1-ə olan məlumata görə, sənaye parklarında ümumilikdə 21,4 milyard manatlıq məhsul istehsal edilib, bunun da 6,7 milyard manatlıq hissəsi ixrac olunub.
Sənaye parkları və məhəllələri, aqroparklar ixracyönümlü məhsulların istehsalının genişləndirilməsinə, istehsal sahəsində iş yerlərinin artırılmasına yeni imkanlar açır. Ölkəmizdə sənayenin yeni modellərin tətbiqi ilə inkişafı dayanıqlı iqtisadi artım üçün böyük əhəmiyyət kəsb edir. Bu baxımdan iqtisadi şaxələndirmədə mühüm istiqamətlərdən biri də qeyri-neft sənayesinin inkişafıdır. Bu istiqamətdə yeni istehsal müəssisələri və iş yerləri yaradılır, sənayenin yeni üsul və texnologiyalarla inkişafına, əhalinin məşğulluq səviyyəsinin və rifahının yüksəldilməsinə əhəmiyyətli töhfələr verilir.
Dövlət başçısının təşəbbüsü ilə yaradılmış sənaye zonaları yeni dövrdə sənayenin inkişafında mühüm rol oynayır. Sənaye zonalarına daxil olan sənaye parkları və məhəllələri, eləcə də aqroparklar kimi səmərəli mexanizmlər ixracyönümlü məhsulların istehsalının genişləndirilməsinə, innovativ və rəqabətqabiliyyətli sənayenin inkişafına, istehsal sahəsində iş yerlərinin artırılmasına yeni imkanlar açır.
Sənaye parklarında sahibkarlığın inkişafına əlverişli şərait yaradılıb və rezidentlər üçün stimullaşdırıcı mexanizmlər tətbiq olunur. Sənaye parklarının rezidentləri dövlət vəsaiti hesabına hazır infrastrukturla - qaz, işıq, su, kanalizasiya, fiber-optik, daxili avtomobil və dəmir yolları xətləri ilə təmin edilirlər. Rezidentlər qeydiyyata alındıqları tarixdən etibarən 10 il müddətinə əmlak, torpaq, gəlir vergilərindən, həmçinin istehsal məqsədilə texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı zamanı ƏDV-dən və gömrük rüsumlarından azad olunurlar.
Bundan başqa, işğaldan azad olunmuş ərazilərdəki sənaye parklarında əlavə - kommunal xidmətlər üzrə, məcburi dövlət sosial sığorta haqqının subsidiyalaşdırılması, kreditlərin dövlət zəmanəti ilə təmin edilməsi və kredit faizlərinin subsidiyalaşdırılması, həmçinin müəyyən edilmiş bir sıra iqtisadi fəaliyyət sahələri üzrə xammal və materialların idxalının əlavə dəyər vergisi və gömrük rüsumundan azad olunması ilə bağlı güzəştlər tətbiq edilir.
Dünyanın müxtəlif ölkələrinin təcrübəsi göstərir ki, düzgün planlaşdırılmış sənaye parkları yalnız istehsal müəssisələrinin yerləşdirilməsi üçün ayrılmış ərazi deyil, bütöv iqtisadi ekosistem formalaşdıran mexanizmdir. Burada istehsal, logistika, enerji, innovasiya, maliyyə və xidmətlər bir-biri ilə əlaqələndirilir.
Sənaye parklarının əsas üstünlüyü sahibkar üçün hazır infrastrukturun yaradılmasıdır. Elektrik, qaz, su, yol, rabitə, logistika və digər xidmətlərin əvvəlcədən təmin edilməsi investorun ilkin xərclərini azaldır və layihənin daha qısa müddətdə reallaşmasına imkan verir. Eyni zamanda müəssisələrin bir ərazidə cəmləşməsi onların arasında kooperasiya əlaqələrinin yaranmasına, xammal və məhsul axınlarının optimallaşdırılmasına və istehsal xərclərinin azalmasına şərait yaradır.
Sənaye parklarının iqtisadi inkişafda rolunu ən aydın nümayiş etdirən ölkələrdən biri Çindir. Ölkənin son onilliklərdə dünya iqtisadiyyatında istehsal mərkəzinə çevrilməsində xüsusi iqtisadi zonaların və sənaye parklarının mühüm rolu olub.
Şençjen bunun ən uğurlu nümunələrindən biridir. 1980-ci ildə xüsusi iqtisadi zona statusu alan şəhər qısa müddət ərzində kiçik yaşayış məntəqəsindən yüksək texnologiyalar, elektronika, informasiya texnologiyaları və innovasiyalar mərkəzinə çevrilib. Burada vergi güzəştləri, investorlar üçün əlverişli hüquqi rejim, infrastruktur və xarici kapitalın cəlb edilməsi mexanizmləri birlikdə tətbiq olunub.
Çin təcrübəsinin mühüm xüsusiyyəti ondan ibarətdir ki, sənaye parkları yalnız ucuz istehsal sahələri kimi deyil, tədricən texnologiya və innovasiya mərkəzləri kimi inkişaf etdirilib. Bu gün Çində avtomobil, elektronika, süni intellekt, robototexnika, yeni enerji və digər yüksək texnologiya sahələrində ixtisaslaşmış sənaye klasterləri mövcuddur.
Cənubi Koreyanın iqtisadi möcüzəsində də sənaye parklarının xüsusi rolu olub. 1960–1970-ci illərdə ölkə ixracyönümlü sənayeləşmə strategiyasına keçərkən Ulsan, Kumi və digər sənaye zonalarında iri istehsal müəssisələri yaradılıb. Ulsan sənaye kompleksi xüsusilə diqqətəlayiqdir. Burada avtomobil, gəmiqayırma, neft-kimya və digər sahələr üzrə müəssisələr bir-biri ilə sıx əlaqədə fəaliyyət göstərir. Nəticədə vahid istehsal ekosistemi yaranıb. Koreya modelinin əsas xüsusiyyəti sənaye parklarının universitetlər, elmi-tədqiqat müəssisələri və iri şirkətlərlə əlaqələndirilməsidir. Bu yanaşma yeni texnologiyaların istehsala daha sürətlə tətbiqinə və yüksək əlavə dəyərli məhsulların istehsalına imkan yaradıb.
Sinqapurun Jurong sənaye parkı dünya sənaye parkları tarixində ən uğurlu layihələrdən biri hesab olunur. Ölkənin təbii resurslarının məhdud olmasına baxmayaraq, hökumət əlverişli investisiya mühiti və yüksək keyfiyyətli infrastruktur hesabına xarici şirkətləri ölkəyə cəlb edib. Jurong sənaye zonasında neft-kimya, elektronika, mühəndislik və logistika müəssisələri yerləşir. Liman, nəqliyyat və sənaye infrastrukturu bir-biri ilə inteqrasiya edilib. Nəticədə Sinqapur Asiyanın mühüm istehsal və logistika mərkəzlərindən birinə çevrilib.
Bu təcrübə Azərbaycan üçün də əhəmiyyətlidir. Xüsusilə Bakı və Ələt ətrafında sənaye və logistikanın inteqrasiyası, nəqliyyat dəhlizləri ilə sənaye parklarının əlaqələndirilməsi ölkənin regional logistika və istehsal mərkəzinə çevrilməsinə xidmət edə bilər.
Almaniyada sənaye parkları daha çox yüksək texnologiya, ixtisaslaşma və sənaye kooperasiyası prinsipləri əsasında inkişaf edib. Burada sənaye müəssisələri ilə universitetlər, tədqiqat mərkəzləri və texnologiya şirkətləri arasında sıx əlaqələr yaradılır. Almaniya təcrübəsinin mühüm elementi “Mittelstand” adlandırılan kiçik və orta müəssisələrin sənaye klasterlərinə inteqrasiyasıdır. Kiçik müəssisələr iri şirkətlərin təchizat zəncirinə daxil olaraq xüsusi məhsul və komponentlər istehsal edir. Belə model sənaye parklarında yalnız iri müəssisələrin deyil, KOB-ların da fəaliyyət göstərməsinin vacibliyini göstərir.
Hindistan sənaye zonalarından əsasən xarici investisiyaların cəlb edilməsi və ixracyönümlü istehsalın artırılması üçün istifadə edir. Ölkədə informasiya texnologiyaları, elektronika, avtomobil, əczaçılıq və tekstil sahələri üzrə ixtisaslaşmış sənaye və xüsusi iqtisadi zonalar yaradılıb. Hindistan təcrübəsində vergi güzəştləri ilə yanaşı, ixrac prosedurlarının sadələşdirilməsi və investorlar üçün “bir pəncərə” mexanizminin tətbiqi xüsusi əhəmiyyət daşıyır.
Azərbaycan üçün coğrafi və iqtisadi baxımdan Türkiyənin təcrübəsi də xüsusi maraq kəsb edir. Türkiyədə təşkil edilmiş sənaye zonaları istehsalın regionlar üzrə balanslaşdırılmasına, KOB-ların inkişafına və yerli sənaye kooperasiyasının geniºlənməsinə xidmət edir. Türkiyə modelində sənaye zonalarının avtomobil, tekstil, maşınqayırma, kimya, qida və müdafiə sənayesi kimi konkret sahələr üzrə ixtisaslaşdırılması geniş yayılıb. Bu yanaşma müəssisələr arasında əməkdaşlığın güclənməsinə və klasterlərin formalaşmasına imkan yaradır.
Azərbaycan sənaye parkları yalnız daxili bazarın təminatçısı deyil, regional istehsal, logistika, innovasiya və ixrac mərkəzləri kimi formalaşa bilər. Bu isə qeyri-neft sektorunun inkişafına, iqtisadiyyatın şaxələndirilməsinə və ölkənin qlobal istehsal zəncirlərində mövqeyinin güclənməsinə mühüm töhfə verəcək.
Mahir Həmzəoğlu