
Rusiya–Ukrayna müharibəsinin coğrafi sərhədlərinin genişlənməsi ilə bağlı narahatlıqlar yenidən gündəmə gəlib. Rusiyaya qonşu olan NATO üzvü ölkələrin kritik infrastruktur obyektlərinin mühafizəsini gücləndirməsi alyans ərazisinə mümkün təhdidlərin artıq yalnız nəzəri ssenari kimi qiymətləndirilmədiyini göstərir. Xüsusilə Ukrayna PUA-larına bənzər dronların aşkarlanması fonunda “yalan bayraq” əməliyyatı ehtimalının müzakirə olunması Baltikyanı ölkələr və Polşada təhlükəsizlik narahatlıqlarını artırıb.
Bəs bu addımlar NATO ərazisinin müharibəyə cəlb olunması riskinin artdığını göstərirmi?
“Xalq Cəbhəsi” sual ətrafında politoloqların fikirlərini öyrənib.
Siyasi şərhçi Müşfiq Abdulla söyləyib ki, Rusiya təhlükəsinin davam etməsi Avropa İttifaqı dövlətlərini müdafiə tədbirlərini gücləndirməyə vadar edib: “Bu, özünü Avropa dövlətlərinin sənaye potensialını döyüş vasitələrinin istehsalına yönəltməsində və dövlət büdcəsində müdafiə xərclərinin artmasında göstərir. Rusiyaya məxsus dronların və ballistik raketlərin Polşa, Rumıniya ərazisinə zərbə endirilməsi Ukraynadakı müharibənin Şərqi Avropaya genişlənmək təhlükəsini artırır. Son vaxtlar Moskvanın və Rusiyanın neft emalı müəssisələrinin Latviya ərazisindən vurulmasına dair informasiyaların dövriyəyə buraxılması, Baltikyanı ölkələrin infrastrukturuna Ukrayna pilotsuz uçuş aparatları ilə hücum ediləcəyi barədə Litvanın müdafiə naziri Robertas Kaunasın açıqlaması, hətta qonşu Moldovaya Rusiyaya məxsus PUA-nın düşməsi münaqişənin coğrafiyasının böyüməsindən xəbər verir. Lakin Baltikyanı ölkələrin Ukrayna tərəfindən vurulması təbii ki, inandırıcı deyil. Həmin dronların Rusiya tərəfindən buraxıla bilməsi ehtimalının yüksək olduğunu Litvanın müdafiə naziri özü də təsdiq edib. Yəni Rusiya bölgədə hərbi təxribat törətməklə yanaşı, siyasi çaşqınlıq və xaos yaratmaq istəyir”.
M.Abdulla qeyd edib ki, bütün bunlar Avropa ölkələrini müdafiə “çətir”ini gücləndirməyə vadar edir: “Hazırda Avropanın hava məkanında təhlükəsizliyin tam təmin edilməsi yeni strateji məqsəd kimi qarşıya çıxıb. Əgər 2022-ci ildən ötən dörd ildə Avropa ölkələri daha çox Ukraynanın hava məkanının müdafiəsi haqqında düşünürdülərsə, indi hərbi potensiallarını özlərinə yönəltməyə məcbur olublar. NATO üzvü olan Avropa dövlətləri Ukraynanı “Patriot” raketdən müdafiə sistemi ilə təmin etməkdə çətinlik çəkirlər. Moskvanın istədiyi də elə budur. ABŞ Prezidenti Donald Tramp “Patriot” sistemlərinin istehsalı texnologiyasının Ukraynaya verəcəyinə dair NATO-nun Türkiyədə keçirilən sammitində vədinə əməl etmədi. Üstəlik, ABŞ-nin İranla müharibədə raket ehtiyatlarının azalması Ukrayna üçün əlavə problem yaradıb. Almaniyanın briqada generalı Yurgen Şrödl ölkəsinin daha çox öz müdafiəsini təmin etməyə üstünlük verməli olduğunu deyib. Almaniya ilə yanaşı, İsveç və Polşa da özünün hava məkanını qorumağı daha vacib hesab edir. Ukrayna ümidini İspaniya və Yunanıstandan “PAC-2” və “PAC-3” Hava hücumundan müdafiə sistemlərinə bağlayıb. Son günlər Rusiyanın Ukrayna ərazisinə raket zərbələri endirməsi fonunda rəsmi Kiyev hava hücumundan müdafiə sistemlərinin alınması ilə bağlı Qərblə danışıqları fəallaşdırmalı olacaq. Onu da qeyd edim ki, logistika şəbəkəsi, istehsal müəssisələri və neft-yanacaq kompleksi, hərbi anbarları Ukrayna tərəfindən hər gün vurularaq sıradan çıxarılan Rusiyanın Avropaya qarşı ikinci cəbhə açmaq imkanları tükənir. Avqustun 10-da Krımda Rusiyanın “S-400” sistemlərinin vurulması göstərdi ki, Moskva özü perspektivdə HHM təminatında ciddi çatışmazlıqlarla üzləşə bilər. Artıq Rusiyanın Şimali Koreyadan qanadlı raketlər və HHM sistemləri alması buna sübutdur”.
Politoloq Aytən Qurbanova deyib ki, Rusiya–Ukrayna müharibəsinin coğrafi olaraq NATO ərazisinə doğru birbaşa genişlənməsi hazırda qaçılmaz ssenari kimi qiymətləndirilə bilməz: “Lakin son dövrdə Polşa və Baltikyanı ölkələrin hava məkanının, enerji və nəqliyyat sistemlərinin, eləcə də digər kritik infrastrukturun mühafizəsini gücləndirməsi Avropanın təhlükəsizlik mühitində risklərin artıq yalnız ənənəvi hərbi qarşıdurma çərçivəsində formalaşmadığını göstərir. NATO-nun öz qiymətləndirmələrində də Şərq cinahında hava məkanı pozuntuları, kiberhücumlar, sabotaj və digər düşmənçilik xarakterli fəaliyyətlərin artdığı vurğulanır. Əslində, burada əsas məsələ Rusiya ilə NATO arasında genişmiqyaslı müharibənin nə zaman başlayacağı sualından daha çox, Ukrayna müharibəsinin yaratdığı təhlükəsizlik risklərinin Alyans ərazisinə hansı formada keçə biləcəyidir. Müasir müharibələrin xarakteri dəyişdikcə cəbhə anlayışı da əvvəlki mənasını itirir. Dronlar, kiberhücumlar, elektron müharibə, sabotaj, kritik infrastrukturun sıradan çıxarılması və informasiya manipulyasiyası dövlətlərarası qarşıdurmanın yeni alətlərinə çevrilib. Məhz bu baxımdan yanaşdıqda, Baltik regionu xüsusilə həssas ərazi hesab olunur. NATO 2025-ci ilin əvvəlində Baltik dənizində kritik sualtı infrastrukturun mühafizəsini gücləndirmək məqsədilə fəaliyyətə başlayıb. Təşəbbüsə hərbi gəmilər, dəniz patrul aviasiyası, pilotsuz sistemlər və digər müşahidə imkanları cəlb olunur. Alyans bununla enerji və kommunikasiya kabelləri də daxil olmaqla kritik infrastrukturun mümkün sabotaj və digər destabilizasiya fəaliyyətlərindən qorunmasını gücləndirməyə çalışır. Hava məkanında baş verən son insidentlər isə problemin daha da mürəkkəb xarakter aldığını göstərir. 2026-cı il martın 25-də Latviya hakimiyyəti Rusiya istiqamətindən ölkənin hava məkanına daxil olan xarici pilotsuz uçuş aparatının qalıqlarının aşkarlandığını açıqladı. Hadisə nəticəsində mülki şəxslər xəsarət almayıb və infrastruktura zərər dəyməyib”.
A.Qurbanovanın sözlərinə görə, daha əhəmiyyətlisi isə odur ki, aparılan araşdırmalar nəticəsində həmin PUA-nın Ukrayna mənşəli olduğu müəyyənləşdirildi: “Bu fakt təhlükəsizlik baxımından mühüm bir məqamı ortaya çıxarır. Belə ki, müasir münaqişələrdə yalnız hücumun özü deyil, onun mənşəyinin müəyyənləşdirilməsi də strateji əhəmiyyət daşıyır. Xüsusilə PUA-nın hansı ərazidən daxil olması ilə onun istehsal və ya mənşə ölkəsinin eyni olmaması ilkin mərhələdə ciddi informasiya və siyasi qeyri-müəyyənlik yarada bilər. Buna görə də ayrı-ayrı insidentlər əsasında dərhal nəticə çıxarmaq, yaxud hər hansı hadisəni avtomatik olaraq “yalan bayraq” əməliyyatı kimi qiymətləndirmək doğru olmaz. Hazırda belə ssenarilərin mümkünlüyü barədə təhlükəsizlik qayğıları mövcud olsa da, konkret hadisələrin Rusiyanın “yalan bayraq” əməliyyatı olması barədə etibarlı və açıq sübutlar təqdim edilməyib. Bununla belə riskin özü kifayət qədər realdır. Çünki belə bir insident NATO ərazisində baş verərsə, hadisənin ilk saatlarında hücumun mənbəyi barədə qeyri-müəyyənlik siyasi qərarverməni çətinləşdirə bilər. Rəqibin məqsədi mütləq böyükmiqyaslı hərbi zərbə endirmək olmaya bilər. Bəzən daha effektiv nəticə rəqib cəmiyyətdə qorxu yaratmaq, dövlətlərin qərarvermə mexanizmlərini sınağa çəkmək, informasiya xaosu formalaşdırmaq və müttəfiqlər arasında qarşılıqlı etimadı zəiflətmək yolu ilə əldə edilir. Ona görə də, hibrid təhlükələr ənənəvi hərbi təhdidlərdən daha mürəkkəb xarakter daşıyır”.
O həmçinin deyib ki, Latviyada 2026-cı il mayın 7-də baş verən hadisə də regiondakı həssaslığın miqyasını nümayiş etdirdi: “Latviya Müdafiə Nazirliyinin məlumatına görə Rusiya istiqamətindən ölkənin hava məkanına daxil olan üç pilotsuz uçuş aparatından ikisi ölkə ərazisinə düşüb, üçüncüsü isə hava məkanını keçərək ərazini tərk edib. Hadisədən sonra NATO-nun Baltik hava patrul missiyasının təyyarələri bölgədə əlavə patrul həyata keçirib və Latviyanın şərq sərhədində hava hücumundan müdafiə imkanları gücləndirilib. Polşa da oxşar təhlükəsizlik mühitinin mərkəzindədir. 2025-ci ildə çoxsaylı Rusiya PUA-larının Polşa hava məkanını pozmasından sonra Varşava NATO-nun Vaşinqton müqaviləsinin 4-cü maddəsi çərçivəsində məsləhətləşmələrin keçirilməsini tələb etmişdi. NATO həmin hadisəni Alyans hava məkanının ən ciddi pozuntularından biri kimi qiymətləndirərək Şərq cinahında müdafiə və çəkindirmə imkanlarını artırmaq üçün müəyyən fəaliyyətlər başlatdı. NATO-nun əsas məqsədi hərbi eskalasiyanı artırmaq deyil, mümkün təhdidlərin qarşısını almaq və alyans ərazisinə qarşı hər hansı hücumun nəticələrinin ağır olacağını nümayiş etdirməklə çəkindirmə yaratmaqdır. NATO özü də Şərq cinahındakı tədbirlərini müdafiə xarakterli, proporsional və beynəlxalq öhdəliklərə uyğun addımlar kimi təqdim edir. Əsl risk isə “boz zona”da yerləşir. Əgər kritik enerji obyektinə, elektrik şəbəkəsinə, dəmir yoluna, rabitə xəttinə və ya sualtı kabelə qarşı sabotaj həyata keçirilərsə, bunun ardınca hücumun mənbəyinin müəyyənləşdirilməsi, siyasi məsuliyyətin kimin üzərinə qoyulması və NATO-nun hansı səviyyədə cavab verməsi məsələləri meydana çıxacaq. Eyni zamanda, kiberhücumla fiziki sabotajın, PUA hücumu ilə informasiya əməliyyatının paralel həyata keçirilməsi mümkün nəticələrin daha da ağırlaşmasına səbəb ola bilər. Məhz buna görə Baltikyanı ölkələrin və Polşanın hazırkı siyasətini yalnız hərbi hazırlıq kimi qiymətləndirmək düzgün olmaz. Burada söhbət daha geniş mənada strateji dayanıqlılığın formalaşdırılmasından gedir. Kritik infrastrukturun qorunması, hava hücumundan müdafiənin gücləndirilməsi, PUA-lara qarşı sistemlərin inkişaf etdirilməsi, kəşfiyyat məlumatlarının paylaşılması, kibermüdafiənin möhkəmləndirilməsi və mülki qurumlarla hərbi strukturlar arasında koordinasiyanın artırılması vahid təhlükəsizlik mexanizminin elementləridir”.
Politoloq qeyd edib ki, Rusiya–Ukrayna müharibəsinin NATO ərazisinə birbaşa və genişmiqyaslı şəkildə keçməsi hazırda qaçılmaz ssenari deyil: “Lakin NATO ərazisinin müharibənin dolayı və hibrid təsirlərindən tamamilə kənarda qaldığını söyləmək də mümkün deyil. Əksinə, PUA-ların hava məkanına daxil olması, elektron müharibənin təsirləri, kiberhücumlar, kritik infrastrukturun sabotaj riski və informasiya manipulyasiyası Avropanın təhlükəsizlik gündəliyində artıq real amillərdir. Məhz bu nöqteyi-nəzərdən yanaşdıqda, əsas strateji məsələ müharibənin NATO ərazisinə keçib-keçməyəcəyindən daha çox, bir insidentin nəzarətsiz eskalasiyaya çevrilməsinin necə qarşısının alınacağıdır. Bunun üçün erkən xəbərdarlıq sistemləri, dəqiq kəşfiyyat, müttəfiqlər arasında operativ koordinasiya və vahid informasiya siyasəti həlledici əhəmiyyət daşıyır. Çünki müasir təhlükəsizlik mühitində bəzən bir raketdən daha təhlükəli olan məhz yanlış qiymətləndirilmiş bir insidentdir. Ona görə də, Polşa və Baltikyanı ölkələrin kritik infrastrukturun mühafizəsini gücləndirməsi müharibənin mütləq NATO ərazisinə keçəcəyinin göstəricisi deyil. Bu daha çox Avropanın yeni təhlükəsizlik reallığına uyğunlaşmasının göstəricisidir. NATO üçün əsas çağırış isə yalnız hərbi üstünlüyü qorumaq deyil, eyni zamanda, hibrid təhdidlərə qarşı dayanıqlı cəmiyyət, qorunan kritik infrastruktur, sürətli və koordinasiyalı qərarvermə sistemini formalaşdırmaqdır. Belə yanaşma həm çəkindirməni gücləndirir, həm də təhlükəli yanlış hesablamaların genişmiqyaslı münaqişəyə çevrilməsinin qarşısını almağa imkan verir”.
Röya İsrafilova