
Prezident İlham Əliyevin Naxçıvana səfəri muxtar respublikanın yalnız sosial-iqtisadi həyatında deyil, bütövlükdə Cənubi Qafqazın geosiyasi və geoiqtisadi xəritəsində mühüm dönüş nöqtəsi oldu. Həyata keçirilən nəqliyyat, enerjidaşıyıcı və sənayeləşmə layihələri Naxçıvanın uzunillik blokada şəraitinə son qoyaraq onu Şərq-Qərb və Şimal-Cənub koridorlarının əvəzolunmaz iqtisadi qovşağına çevirir. Millət vəkilləri dövlət başçısının səfərini və regionun gələcək inkişaf perspektivlərini belə qiymətləndiriblər.
“Naxçıvanın regional nəqliyyat qovşağında tarixi rolu”
Mövzu ilə bağlı millət vəkili Hikmət Babaoğlu “Xalq Cəbhəsi”nə açıqlamasında deyib ki, Azərbaycan Prezidentinin Naxçıvana səfəri tarixi səfər kimi səciyyələndirilməlidir. Çünki Azərbaycanın yaratdığı yeni tarixi reallıqlar Naxçıvanın da tarixi rolunu özünə qaytarmış olur.
Deputat bildirib ki, Naxçıvan Azərbaycanın qapısıdır: “Naxçıvan həm Türkiyə vasitəsilə Qərbə açılan qapıdır, həm də İran vasitəsilə Şərqə açılan qapıdır. Bu gün Azərbaycanın həyata keçirdiyi nəqliyyat-kommunikasiya layihələri Naxçıvanın tarixi əhəmiyyətinə yeni keyfiyyətlər qazandırır. Azərbaycan Prezidenti çıxışlarının birində demişdi ki, biz strateji çatışmazlıqlarımızı həyata keçirdiyimiz layihələrlə doldurduq.
Ona görə də düşünürəm ki, bu gün Orta Asiyadan Transxəzər marşrutu ilə daşınan yüklər, qurulan əlaqələr və baş verən iqtisadi inteqrasiya Naxçıvandan keçirsə, bu, sadəcə Naxçıvan məsələsi deyil. Bu, bütövlükdə Azərbaycanın inkişafı məsələsidir.
Strateji coğrafiyanı bir qədər də genişləndirsək, görərik ki, Naxçıvan vaxtilə xəyal edə bilmədiyimiz bir mərkəzə çevrilir. Azərbaycanla birlikdə belə bir mərkəzə çevrilir. Çindən gələn yüklərin Avropaya qədər Naxçıvan üzərindən daşınması artıq real perspektivdir.
Bu günə qədər biz həmin yüklərin böyük bir qismini başqa ölkələr, əsasən də Türkiyə üzərindən daşıyırdıq. Artıq isə bu yüklərin Azərbaycanın öz ərazisindən keçməsi mümkün olacaq. Bu, əlbəttə ki, Azərbaycanın rifahı və inkişafı deməkdir. Eyni zamanda Naxçıvanın inkişafı və rifahı deməkdir”.
“Naxçıvanın geosiyasi və geoiqtisadi inkişaf strategiyası”
Millət vəkili Elnarə Akimova nəzərə çatdırıb ki, Prezident İlham Əliyevin avqustun 11-də Naxçıvana səfəri ilk baxışda muxtar respublikanın sosial-iqtisadi inkişafına həsr olunmuş növbəti dövlət səfəri təsiri bağışlasa da, səfərin məzmununa, keçirilən açılış və təməlqoyma mərasimlərinə, eləcə də dövlət başçısının Azərbaycan Televiziyasına verdiyi geniş müsahibədə səsləndirdiyi fikirlərə diqqət yetirdikdə bunun daha böyük strateji əhəmiyyət daşıdığı aydın görünür.
Deputat bildirib ki, səfər Naxçıvanın yeni inkişaf mərhələsinin təqdimatı olmaqla yanaşı, Azərbaycanın Cənubi Qafqazda formalaşdırdığı yeni geosiyasi və geoiqtisadi reallığın mühüm elementlərini ortaya qoyub: “Prezident İlham Əliyevin də vurğuladığı kimi, artıq söhbət yalnız Naxçıvanın sosial-iqtisadi inkişafından getmir. Burada Azərbaycanın əsas hissəsi ilə Naxçıvanın birləşdirilməsi, Zəngəzur dəhlizinin və TRIPP layihəsinin reallaşdırılması, Orta Dəhlizin imkanlarının genişləndirilməsi, enerji ixracının artırılması və Naxçıvanın beynəlxalq nəqliyyat mərkəzinə çevrilməsi kimi daha böyük strateji hədəflərdən söhbət gedir.
Səfərin mühüm mesajlarından biri Naxçıvanın təhlükəsizlikdən inkişaf mərhələsinə keçidinin artıq real nəticələr üzərində qurulmasıdır. Prezident İlham Əliyev müsahibəsində Naxçıvanın müdafiə potensialının gücləndirilməsinin uzun illər prioritet məsələlərdən biri olduğunu və bu istiqamətdə böyük işlərin görüldüyünü qeyd etdi. Əlahiddə Ümumqoşun Ordunun yeni yaradılan komando hərbi hissələrinə Döyüş bayraqlarının təqdim olunması da bu siyasətin davamlılığını göstərir. Dövlət başçısının “Azərbaycan Silahlı Qüvvələri bölgədə söz sahibidir” fikri Naxçıvanın təhlükəsizlik arxitekturasının Azərbaycanın ümumi müdafiə sisteminin ayrılmaz hissəsi olduğunu bir daha təsdiqləyir.
Səfərin digər mühüm istiqaməti iqtisadi inkişaf və yeni iş yerlərinin yaradılmasıdır. Naxçıvan Sənaye Parkının təməlinin qoyulması muxtar respublikanın iqtisadiyyatında sənayeləşmənin yeni mərhələsinin başlanğıcı kimi qiymətləndirilə bilər. 310 hektar ərazini əhatə edəcək sənaye parkında bütün zəruri infrastrukturun yaradılması, yeni istehsal sahələrinin fəaliyyətə başlaması Naxçıvanın investisiya və istehsal imkanlarını əhəmiyyətli dərəcədə genişləndirəcək.
Burada əsas məqsəd Naxçıvanı yalnız dövlət büdcəsi hesabına inkişaf edən region kimi deyil, özəl investisiyaların cəlb olunduğu, istehsal və ixrac imkanlarının genişləndiyi, yeni iş yerlərinin yaradıldığı iqtisadi mərkəzə çevirməkdir. Azərbaycanın sənaye parkları modelinin indiyədək əldə etdiyi nəticələr bu baxımdan kifayət qədər ciddi əsaslar yaradır”.
Elnarə Akimovanın sözlərinə görə, Naxçıvanda 300 meqavat gücündə istilik elektrik stansiyasının yaradılması da xüsusi əhəmiyyət daşıyır:
“Bu layihə Naxçıvanın enerji təhlükəsizliyinin təmin olunması ilə yanaşı, muxtar respublikanın gələcəkdə enerji ixracatçısına çevrilməsi baxımından strateji əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin Naxçıvan enerjinin ixracı ilə məşğul olacaq fikri burada qarşıya qoyulan məqsədin miqyasını göstərir.
Eyni zamanda, Naxçıvanın yaşıl enerji potensialının hərəkətə gətirilməsi xüsusi əhəmiyyət kəsb edir. Şəms 1 və Qərbi Üfüq Günəş Elektrik stansiyalarında görülən işlər, gələcəkdə günəş enerjisi üzrə istehsal gücünün daha da artırılması planları Naxçıvanın Azərbaycanın yaşıl enerji strategiyasında mühüm yer tutacağını göstərir.
Naxçıvanda günəş enerjisi istehsalının 500 meqavat, hətta 1000 meqavat səviyyəsinə çatdırılması perspektivi və bu enerjinin Türkiyəyə, İrana, gələcəkdə isə Avropaya ixracı imkanlarının nəzərdən keçirilməsi Naxçıvanın regional enerji xəritəsində rolunu tamamilə dəyişə bilər.
Azərbaycanın əsas hissəsindən Naxçıvana Ermənistan ərazisindən elektrik xətlərinin çəkilməsi üçün layihənin hazır olması və bunun TRIPP layihəsinin ayrılmaz hissəsinə çevrilə bilməsi də göstərir ki, Zəngəzur istiqamətinə artıq yalnız avtomobil və dəmir yolu layihəsi kimi baxılmır. Burada elektrik enerjisi, fiber-optik rabitə və digər infrastruktur xətlərinin keçə biləcəyi çoxşaxəli regional bağlantı formalaşır”.
Deputat qeyd edib ki, Naxçıvanın nəqliyyat potensialının artırılması səfərin ən mühüm strateji istiqamətlərindən biridir:
“Azərbaycan uzun illər ərzində öz coğrafi mövqeyinin yaratdığı üstünlüklərdən maksimum istifadə etməyə çalışıb. Bakı-Tbilisi-Qars dəmir yolu, Ələt Beynəlxalq Dəniz Ticarət Limanı, enerji dəhlizləri və Orta Dəhliz üzrə həyata keçirilən layihələr Azərbaycanın Şərqlə Qərb arasında mühüm bağlantı nöqtəsinə çevrilməsinə xidmət edib. İndi bu xəritəyə Naxçıvan istiqaməti də əlavə olunur.
Prezidentin ifadə etdiyi kimi, Naxçıvan əvəzolunmaz nəqliyyat mərkəzlərindən birinə çevriləcək. Bunun əsas dayaqlarından biri isə TRIPP layihəsidir. Zəngəzur dəhlizinin reallaşması Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında birbaşa quru və dəmir yolu bağlantısının bərpasına imkan yaradacaq. Bununla yanaşı, Türkiyə ilə Azərbaycanın birbaşa bağlantısı daha da güclənəcək, Orta Dəhliz vasitəsilə Mərkəzi Asiya və Çindən gələn yüklərin Naxçıvan üzərindən Türkiyə və Avropa bazarlarına çıxarılması üçün yeni imkanlar yaranacaq.
Eyni zamanda, bu marşrut Azərbaycanın İran və Fars körfəzi istiqamətində bağlantılarını da gücləndirə bilər. Beləliklə, Naxçıvan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat sistemlərinin kəsişdiyi mühüm regional qovşağa çevrilə bilər”.
Elnarə Akimova vurğulayıb ki, Azərbaycanın bu istiqamətdə hazırlığı artıq praktiki mərhələdədir: “Horadiz-Ağbənd avtomobil yolunun tamamlanmaq üzrə olması, dəmir yolu tikintisinin sürətlə davam etdirilməsi və Naxçıvan istiqamətində yeni dəmir yolu layihələrinin hazırlanması Azərbaycanın siyasi razılaşmaları gözləməklə kifayətlənmədiyini göstərir. Azərbaycan öz ərazisində zəruri infrastrukturu qabaqcadan formalaşdırır.
Hazırkı Naxçıvan dəmir yolunun yükaşırma qabiliyyətinin 1,5 milyon tondan ən azı 15 milyon tona çatdırılması hədəfi də məsələnin miqyasını göstərir. Bu, Naxçıvanın sadəcə tranzit ərazi deyil, böyük regional logistika mərkəzi kimi formalaşmasına xidmət edəcək.
Prezidentin bizi bypass etmək, bizdən yan keçmək mümkün deyil fikri də Azərbaycanın regional nəqliyyat sistemində artan strateji çəkisini ifadə edir”.
Deputatın sözlərinə görə, Naxçıvana beynəlxalq marağın artması da təsadüfi deyil: “Avropa İttifaqının nümayəndələrinin Naxçıvana səfər etməsi, Azərbaycan dəmir yollarının Naxçıvan seqmentinə maraq göstərilməsi və dəmir yolunun reabilitasiyası üçün beynəlxalq konsorsiumun yaradılması imkanlarının müzakirə olunması Naxçıvanın beynəlxalq nəqliyyat sistemindəki əhəmiyyətinin artdığını göstərir.
Burada Azərbaycanın mövqeyi də kifayət qədər aydındır: beynəlxalq əməkdaşlıq və investisiyalara açıq olmaqla yanaşı, strateji nəzarət və milli maraqlar qorunmalıdır. Bu yanaşma Azərbaycanın regional layihələrə münasibətinin əsas prinsiplərindən biridir”.
Elnarə Akimova hesab edir ki, Prezidentin Naxçıvan səfərinin bütün istiqamətləri vahid strateji konsepsiyanın tərkib hissəsidir:
“Burada təhlükəsizlik, enerji, sənaye, sosial müdafiə, nəqliyyat, şəhərsalma, turizm və mədəni irs kimi müxtəlif istiqamətlər bir-birini tamamlayır. Ayrı-ayrılıqda hər biri mühüm layihədir, lakin bütövlükdə bunlar Naxçıvanın yeni inkişaf modelini formalaşdırır.
Ən mühüm məqam isə Naxçıvanın Azərbaycanın əsas hissəsindən təcrid olunmuş coğrafi məkan kimi deyil, Azərbaycanın regional və beynəlxalq əlaqələr sistemində strateji qovşaq kimi təqdim edilməsidir.
Bu baxımdan avqustun 11-də Naxçıvanda baş verənləri yalnız açılış və təməlqoyma mərasimləri kimi qiymətləndirmək düzgün olmaz. Bu səfər Azərbaycanın postmüharibə dövründə qazandığı geosiyasi üstünlüklərin iqtisadi, enerji və nəqliyyat layihələrinə çevrilməsinin növbəti mərhələsini nümayiş etdirdi.
Naxçıvanın inkişafının Qarabağ və Şərqi Zəngəzurun dirçəldilməsi ilə eyni strateji konsepsiyada birləşdirilməsi, Zəngəzur dəhlizinin TRIPP formatında reallaşdırılması, Türkiyə və İranla bağlantıların genişləndirilməsi, Orta Dəhlizin yeni qolunun formalaşdırılması və enerji ixracı imkanlarının artırılması Azərbaycanın regional strategiyasını daha da bütövləşdirir.
Düşünürəm ki, Prezident İlham Əliyevin Naxçıvana səfəri məhz bu baxımdan tarixi əhəmiyyət daşıyır. Çünki burada söhbət təkcə Naxçıvanın deyil, Azərbaycanın gələcək regional mövqeyinin, iqtisadi gücünün və nəqliyyat imkanlarının yeni mərhələyə yüksəldilməsindən gedir”.
“Naxçıvanın blokadadan çıxması və yeni iqtisadi dövrü”
Millət vəkili Ceyhun Məmmədov qeyd edib ki, bu gün Naxçıvan özünün yeni inkişaf mərhələsinə daxil olub.
Deputat bildirib ki, Prezidentin iştirakı ilə Naxçıvanda günəş elektrik stansiyalarının, iqtisadi zonanın, sənaye parkının yaradılması, otelin tikilməsi, avtobusların istifadəyə verilməsi və dəmir yolu ilə bağlı mühüm layihələrin icrası Naxçıvanın inkişafında yeni mərhələnin əsasını qoyur: “Bu, bir daha göstərir ki, cənab Prezident bu gün Qarabağda həyata keçirilən abadlıq və quruculuq işləri ilə yanaşı, Naxçıvanın inkişafına da xüsusi önəm və diqqət ayırır. Bu gün Naxçıvan inkişaf edir və əsas hədəflərdən biri Naxçıvanı mühüm iqtisadi qovşağa çevirməkdir.
Dəmir yolunun çəkilməsi ilə bağlı həyata keçirilən layihələr də bu baxımdan böyük əhəmiyyət daşıyır. Cənab Prezident müsahibəsində qeyd etdi ki, gələcəkdə Naxçıvan üzərindən İrana yüklərin daşınması, hətta Pakistan istiqamətində əlaqələrin genişləndirilməsi üçün imkanlar yaranacaq. Bu, Naxçıvanın regionun mühüm nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilməsinə şərait yaradacaq”.
C.Məmmədov qeyd edib ki, Azərbaycanın bütün bölgələrinin inkişafı dövlət siyasətinin əsas istiqamətlərindən biridir: “Bu gün biz cənab Prezidentin rəhbərliyi ilə Azərbaycanın bütün bölgələrinin inkişaf etdiyinin şahidiyik. Naxçıvan təəssüf ki, uzun müddətdir blokada şəraitindədir. Lakin cənab Prezidentin də qeyd etdiyi kimi, artıq bu blokadaya son qoyulması istiqamətində mühüm addımlar atılır.
Zəngəzur dəhlizinin fəaliyyətə başlaması Naxçıvanın Azərbaycanın əsas hissəsi ilə əlaqələrinin bərpası baxımından tarixi əhəmiyyət daşıyacaq. Bu, həm Naxçıvanın iqtisadi inkişafını sürətləndirəcək, həm də onun regional nəqliyyat və logistika imkanlarını əhəmiyyətli dərəcədə genişləndirəcək.
Azərbaycan Prezidenti ilə ABŞ Prezidenti arasında keçirilən görüşdə də bir çox mühüm məsələlər ətrafında geniş müzakirələr aparılıb. Bu görüşdə əldə olunan razılaşmalar və formalaşan yeni reallıqlar regionun gələcək inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir.
Bir sözlə, artıq biz Naxçıvanın sürətli inkişafının şahidiyik. Naxçıvan inkişaf edir və qarşıdakı dövrdə burada daha böyük iqtisadi, sosial və infrastruktur layihələrinin həyata keçirilməsinin şahidi olacağıq”.
Günel Elxan