Yayda yol qəzaları artır: səbəbləri Gündəm

Yayda yol qəzaları artır: səbəbləri

Tez-tez baş verən ağır yol-nəqliyyat hadisələri insanların həyatını yarımçıq qoyur və ömrün ən yaxşı çağında onu sonlandırır. Ölkə ərazisində il ərzində baş verən qəzalar nəticəsində yüzlərlə insan həyatını itirir.
Yay aylarında isə bu qəzalar daha da çoxalır. Bunun səbəbi məsuliyyətsizlik, yayda uzaq yerlərə, istirahət məkanlarına gedərkən yolda yorğunluq və s. ola bilər.
“Xalq Cəbhəsi” yay aylarında qəzaların artmasının əsas səbəblərini nəqliyyat ekspertlərdən öyrənib.

“Yayda qəzaların artmasının texniki və psixoloji tərəfi var”
Nəqliyyat eksperti Raqif Raufoğlu söyləyib ki, yol-nəqliyyat hadisələrinin yayda artmasının texniki və psixoloji tərəfi var: “Texniki tərəfi odur ki, sürücülərin bəlli bir rutini var. Bir çoxları standart işə gedib-gələn marşrutu bilir və buna uyğun refleksləri var. Amma yay mövsümü gələndə onlar həmin rutindən çıxırlar, başqa marşrutlar yaranır, istirahət zonlarına gedirlər və s. Birinci səbəb budur. Yəni marşrutlar dəyişir. Hətta bir çox sürücü məhz səfər vaxtı başa düşür ki, onun maşınında hansısa problem var. Elə problem var ki, o, gündəlik işə gedib-gələndə yaranmır. Çünki avtomobil rahat rejimdədir. Ancaq o, kənara çıxanda problemlər üzə çıxmağa başlayır. İcarə maşınların da ən çox aktiv işlədiyi vaxt yaydır, turistlər var və maşını olmayanlar da avtomobil götürüb harasa getmək istəyir. Bu, istənilən halda təcrübəsiz sürücülərin yola çıxmasını artırır və dünyanın hər yerində bu, belədir. Bu da başqa bir səbəb olur ki, yollarda kifayət qədər təcrübəsiz sürücülər var, daha ehtiyatlı olmaq lazımdır”.
“Kondisionersiz avtomobillə yola çıxmaq düzgün deyil”
R.Raufoğlunun sözlərinə görə, digər bir səbəb isə insanların uzun yolda yorğunluğudur: “İsti faktoru var. Ümumiyyətlə, kondisionersiz avtomobillə yola çıxmaq düzgün deyil. Düzdür, indi kondisioner demək olar ki, bütün maşınlarda var. Amma bəziləri ondan ya istifadə etmir, ya şüuraltı olaraq heç onun fərqində olmur. Ancaq kondisionersiz avtomobildə hərəkət ona həmin gərginliyi ötürür. Bütün bunlar yay mövsümündə qəzaların sayını artırır, baxmayaraq ki, biz qışda qəzaların çox olmasını fikirləşirik. Amma bir də sürücünün yay mövsümündə həm də rahatlığı olur. Məsələn, deyəndə ki, təkərə fikir ver, deyir ki, yaydır, heçnə olmaz, təkərdir gedəcək. Lakin texniki göstəricilərə baxanda avtomobillə bağlı düşündüyümüz bir çox şeylər var. Məsələn, akkumulyatorun qışda xarab olduğunu düşünürük, amma çox vaxt görürük ki, akkumulyatoru yayda alırlar. Yəni sürücülər təhlükəsizliyə cavabdeh elementləri yay aylarında o qədər də ciddiyə almırlar. Bunlar da yayda olan qəzaların səbəblərindən biridir”.
“Yayda bu səbəblərdən qəzalar artır”
Nəqliyyat məsələləri üzrə ekspert Yasin Mustafayev yayda yol-nəqliyyat hadisələrinin sayı artdığını deyərək əlavə edib ki, buna təsir göstərən faktor insanların tətilə getməkləridir: “Yəni insanlar nəqliyyat vasitəsilə çox vaxt bölgələrə tətilə gedirlər. Bu zaman yolda intensivlik çoxalır. İnsanlar tətildə olduqları zaman spirtli içkilər qəbul edərək avtomobil idarə edirlər. Eyni zamanda, sürücülük vəsiqəsi olmayanlar müəyyən təcrübə keçmək üçün qanunsuz olaraq avtomobil idarə edilər. Yəni yayda yol-nəqliyyat hadisələrinin çoxalma səbəbi bütün bunlardır. Bizim tövsiyəmiz odur ki, insanlar istirahətə gedib dincəlmək əvəzinə bədbəxtliklə rastlaşmamaq üçün son dərəcə diqqətli olsunlar, yol-hərəkəti qaydalarına əməl etsinlər, spirtli içki qəbul etməsinlər, sürücülük vəsiqəsi və təcrübəsi olmayanlar nəqliyyat vasitələrini idarə etməsinlər. Əsasən də hadisələr sürət həddini aşmaqla baş verir. Sürət həddinə maksimum dərəcədə əməl etsinlər”.
“Bəzi sürücülər köhnə vərdişlərindən əl çəkmirlər”
Nəqliyyat eksperti Elməddin Muradlı qeyd edib ki, yay aylarında yol qəzalarının sayının artması səfərlərin sayının çoxluğu ilə bağlıdır: “Çünki sutkanın işıqlı vaxtı çox olur və intensiv səfərlər baş verir. Buna görə hərəkətlilik artır. Hərəkətlilik artırsa təbii ki, diqqətli olmaq lazımdır. Bəzi sürücülər köhnə vərdişlərindən əl çəkmirlər və istədikləri qədər məsuliyyətsiz davranışlar nümayiş etdirirlər. Şərurda baş verən hadisə göstərdi ki, bu insanlar hələ də ötmə manevri qaydalarının nə dərəcədə riskli və təhlükəli olduğunu dərk etmirlər. İctimai qınağa məruz qoyan zaman deyirlər ki, adam tələsir, nə olub ki. Bu insanlar elə harasa tələsir. Onların bəziləri evinə sağ-salamat çatır, bəziləri də çata bilmir, ömrü yarada qalır. O baxımdan yalnız və yalnız diqqətli olmaq lazımdır”.
“Avtomobili yorğun və yuxusuz halda idarə etmək olmaz”
E.Muradlı vurğulayıb ki, avtomobili yorğun və yuxusuz halda idarə etmək olmaz: “İstirahət üçün yola çıxan, səfərə gedən insanlar var, müxtəlif məqsədlər üçün evdən çıxan insanlar var. Bunlar yalnız səfəri düşünürlər ki, mən yola çıxıram, bu yolu gedirəm, filan yerdə dincələcəm və yaxud da hər hansı bir işim var, onu həll edib qayıdacam. Amma insanlar fikirləşmir ki, mən bu yola hansı vəziyyətdə çıxıram? Gümrah vəziyyətdəyəm, yorğunam, yuxuluyam, xəstəyəm, ümumiyyətlə, mən sükan arxasına keçməliyəm mi? Bax, bu cür məsələlərə yanaşma dəyişilməlidir. Yay və ya qış fərq etməz, ancaq son dərəcə diqqətli olmaq lazımdır. Qayda pozan sürücülərdən başqa qayda pozmayan sürücülər də diqqətli olmalıdırlar ki, qayda pozanların kiçik bir səhvinin qurbanı olmasınlar”.
Məsuliyyət hissi
Nəqliyyat eksperti Aslan Əsədov diqqətə çatdırıb ki, yol-nəqliyyat hadisələrinin mövsümdən asılı olaraq artması və ya azalması birbaşa insanların məsuliyyət hissini özündə ehtiva edir: “Yəni sürücü üçün istər yay, istər qış olsun o, nəqliyyat vasitəsini idarə edərkən məsuliyyətli davranacaq. Nəqliyyat vasitəsinin idarə edilməsi zamanı yol hərəkəti qaydalarında birinci növbədə onun bu və ya digər formada təzahürləri meydana çıxa bilər. Məsələn, yayda sürücülər daha sərbəst olmağa çalışırlar. Yəni gün işıqlı olur və onlar nəqliyyat vasitəsini sürətlə idarə etməyi sevirlər. Bundan əlavə, daha çox fikir dağınıqlığı olur və s. Yəni bütün bunlar bir-biri ilə sıx bağlıdır. Qış mövsümündə isə havanın yağışlı olması, eləcə də qaranlıq olması insanı diqqəti daha çox cəmləməyə vadar edir. İnsan yollara daha çox diqqətli yanaşır”.
Qaydalara biganəlik
Ekspertin sözlərinə görə, yol-nəqliyyat hadisələrinin baş verməməsi üçün əsas xüsusiyyətlərdən biri də insanların bu və ya digər formada qaydalara biganə olmasıdır: “İnsanlar qaydalara biganə olarsa, bu da özü-özlüyündə nəqliyyat sıxlığına, problemə gətirib çıxara bilər. Ona görə biz nəqliyyat sıxlığı, yol-nəqliyyat hadisələri üçün baş verəcək problemlərin aradan qaldırılmasına rəvac verməliyik. Yəni çalışmalıyıq ki, qaydaları pozmayaq. Qaydalar bizim üçün daha vacib bir element olsun”.

Röya İsrafilova