Əsədə ölüm hökmü çıxarıldı Dünya

Əsədə ölüm hökmü çıxarıldı

Rəsmi Dəməşq onu Moskvadan tələb edə bilər?

Dəməşqdə Dördüncü Ağır Cinayətlər Məhkəməsi Suriya xalqına qarşı cinayətlər törətməkdə ittiham devrilmiş prezident Bəşər Əsəd və onun qohumu Atif Nəcib barəsində açılmış cinayət işi üzrə hökmün elan edilməsi üçün doqquzuncu iclasını keçirib. Suriyanın rəsmi SANA xəbər agentliyinin məlumatına görə, məhkəmə Bəşər Əsəd və Atif Nəcib barəsində ölüm hökmü çıxarıb. Bildirilir ki, Bəşər və Atif məhkəmədə qiyabi mühakimə olunub və onların beynəlxalq səviyyədə axtarışa verilməsi barədə qərar qəbul edilib.
Hakim Fəxrəddin Əl-Əryan hökmün elan edildiyi iclasda bildirib ki, Atif Nəcib “Suriya inqilabının başlanğıcında Dərada mülki şəxslərə qarşı təhlükəsizlik əməliyyatına rəhbərlik edib”. O vurğulayıb ki, istintaq materialları və şahid ifadələrinə əsasən, Nəcibə aid edilən əməllər insanlıq əleyhinə cinayətlər təşkil edir.
Hakim həmçinin bildirib ki, "Bəşər Əsəd bu cinayətlərdə iştirakı ən yüksək səviyyədədir. O, qərar qəbul edən şəxs kimi cinayətlərin həyata keçirilməsində və dövlət qurumlarından bu məqsədlər üçün istifadə olunmasında şəxsən iştirak edib".
Məhkəmə Bəşər Əsədi bir neçə şəxsin, o cümlədən uşaqların qəsdən və bilərəkdən öldürülməsi, işgəncə verilməsi və özbaşına həbs cinayətlərində, həmçinin digər ağır cinayətlərdə təqsirli bilib.
Yaxın Şərq üzrə gürcü ekspert Vasili Papava qəzetimizə açıqlamasında deyib ki, Dəməşqdəki cinayət məhkəməsi tərəfindən Bəşər Əsəd və keçmiş rəhbərliyin əsas fiqurlarına qarşı çıxarılan ilk hökm, ilk növbədə, Suriyanın yeni keçid hakimiyyətinin siyasi və hüquqi baxımdan legitimləşdirilməsi üçün bir vasitə rolunu oynayır: “Keçmiş prezident barəsində onun iştirakı olmadan çıxarılan ölüm hökmü mühüm institusional funksiya daşıyır: bu hökm əvvəlki rejimlə hüquqi əlaqələrin tam kəsilməsini rəsmən təsbit edir və uzunmüddətli vətəndaş münaqişəsi zamanı baş vermiş hadisələrə hüquqi qiymət verərək, siyasi məsuliyyəti cinayət hüququ müstəvisinə keçirir. Prosesin əsas elementlərindən biri deklarativ və prosessual məsuliyyət arasında aydın fərqin qoyulmasıdır. Suriya məhkəmə sistemi üçün əlçatmaz olduqlarına görə yüksək vəzifəli şəxslərlə bağlı qərarlar əsasən rəmzi xarakter daşısa da, Atif Nəcibin şəxsən mühakimə olunaraq təqsirli bilinməsi islah edilmiş məhkəmə sisteminin fəaliyyət potensialını nümayiş etdirmək məqsədi daşıyır. 2011-ci ildə Dəraada keçirilən ilkin etirazların amansızlıqla yatırılmasında birbaşa əli olan bir rəsmini məsuliyyətə cəlb etmək, gərginliyin artmasına səbəb olan amillər arasındakı əlaqələrə dair rəsmi bir mənzərə yaratmağa və güc tətbiqini həyata keçirən konkret şəxsləri müəyyən etməyə imkan verir”.
O, qeyd edib ki, beynəlxalq hüquq və geosiyasət baxımından, bu hökmün icrası ilə bağlı aşkar məhdudiyyətlər mövcuddur. Məhkum edilmiş əsas şəxslərin Rusiyada olması və ekstradisiya mexanizmlərinin olmaması səbəbindən, hökmün yaxın gələcəkdə icrası qeyri-mümkündür. Belə bir şəraitdə beynəlxalq həbs orderləri, həmin keçmiş dövlət rəhbərlərinin müharibə cinayətləri və bəşəriyyətə qarşı cinayətlərə görə rəsmən təqib olunan şəxslər statusunu diplomatik cəhətdən möhkəmləndirir və bununla da onların beynəlxalq arenada fəal iştirakçı kimi çıxış etmək imkanını qəti şəkildə məhdudlaşdırır.
Bəs rəsmi Dəməşq Əsədi Rusiyadan tələb edə bilərmi sualımızı cavablandıran V.Papava deyib ki, Dəməşqə qarşı qiyabi qaydada çıxarılmış hökmün hüquqi nəticələrinin təhlilini davam etdirərkən, Suriyanın yeni hakimiyyətinin Bəşər Əsədin ekstradisiyasını tələb etmək hüququ məsələsinin həm formal prosedur, həm də geosiyasi reallıq müstəvisində kəsişdiyi müşahidə olunur.
Sırf hüquqi baxımdan, tanınmış bir dövlət adından fəaliyyət göstərən Suriyanın keçid dövrü qurumları Moskvaya belə bir sorğu təqdim etmək üçün tam rəsmi hüquqa malikdirlər. İki ölkə arasındakı dövlətlərarası münasibətlər 2022-ci il tarixli ikitərəfli ekstradisiya sazişinə əsaslanır; dövlətə qarşı ağır cinayətlərə və hərbi cinayətlərə görə məhkum edilmə faktı isə beynəlxalq hüquqi yardım mexanizmlərinin tətbiqi üçün əsaslı prosessual zəmin yaradır: “Bununla belə, Dəməşqin ekstradisiya tələb etmək üçün prosessual hüquqa malik olması Rusiya tərəfi üçün həmin tələbi yerinə yetirmək barədə heç bir hüquqi öhdəlik yaratmır. Moskvanın imtina üçün geniş hüquqi əsaslar toplusu mövcuddur və bunlardan ən əsası Bəşər Əsədə siyasi və humanitar sığınacaq verilməsi faktıdır. Rusiya qanunvericiliyinə və beynəlxalq hüquq normalarına əsasən, sığınacaq vasitəsilə dövlət himayəsindən istifadə edən şəxslər məcburi ekstradisiyaya məruz qalmırlar.
Çıxarılmış hökmün mahiyyəti özlüyündə əlavə və fundamental bir maneə təşkil edir. Rusiyanın prosessual qaydaları və ikitərəfli sazişlərin müddəaları şəxslərin ölüm cəzası ilə üzləşə biləcəkləri dövlətlərə ekstradisiya edilməsini birmənalı şəkildə qadağan edir; qeyd edək ki, ölüm cəzası Rusiya Federasiyasında qeyri-müəyyən müddətə moratoriuma məruz qalan bir cəza növüdür. Bundan əlavə, sorğu olunan tərəf cinayət təqibini siyasi motivli kimi qiymətləndirmək barədə müstəsna hüquqa malikdir və bu da istənilən xarici məhkəmə qərarının icrasını avtomatik olaraq əngəlləyir.
Nəticə etibarilə, Dəməşqin ekstradisiya tələb etmək hüququ xarici siyasətin sırf rəmzi bir alətinə çevrilir. Yeni hakimiyyət beynəlxalq arenadakı mövqeyini nümayiş etdirmək və keçmiş prezidentin qaçqın statusunu hüquqi cəhətdən təsdiqləmək üçün rəsmi sorğular və orderlər verməlidir. Lakin Moskva üçün bu sorğu hüquqi baxımdan qüvvəsiz olaraq qalır və hökm oxunmuş şəxsin həm faktiki, həm də hüquqi cəhətdən Suriya ədalət mühakiməsi sisteminin əli çatmayan yerdə olduğunu qəti şəkildə təsdiqləyir”.

Cavid