
“Prezident İlham Əliyevin Naxçıvana səfəri çərçivəsində muxtar respublikanın bugünkü rolu və gələcək strateji mövqeyi xüsusilə vurğulanıb. Hesab edirəm ki, Naxçıvanın gələcək inkişaf perspektivləri onun coğrafi və strateji mövqeyi ilə birbaşa bağlıdır”.
Bu fikirləri turizm eksperti Ceyhun Aşurov Xalq Cəbhəsi.az-a açıqlamasında bildirib.
Ekspert qeyd edib ki, Naxçıvanın “Dubaya çevrilməsi” dedikdə Dubayın sadəcə təqlid edilməsi deyil, onun kimi özünəməxsus strateji və iqtisadi modelə malik mərkəzə çevrilməsi nəzərdə tutulmalıdır:
“Naxçıvanın İran və Türkiyə ilə sərhəddə yerləşməsi, Qafqazın, Türk dünyasının, Avropanın və Orta Asiyanın kəsişməsində olması, eyni zamanda Şərqdən Qərbə uzanan strateji logistika xəttinin üzərində yerləşməsi onun əhəmiyyətini xüsusilə artırır.
Gələcəkdə burada investisiyaların, ticarətin və logistikanın inkişafı iqtisadiyyatın digər sahələrinin də böyüməsinə ciddi təkan verəcək. Təbii ki, turizm də burada istisna deyil. Naxçıvan hazırda sağlamlıq, qastronomik, qış və digər turizm növləri ilə tanınır və bu istiqamətdə müəyyən işlər görülür. Lakin gələcəkdə Naxçıvanın mühüm ticarət yollarının üzərində yerləşməsi, böyük yükdaşımaların və logistika əməliyyatlarının həyata keçirilməsi investisiyaların daha çox cəlb olunmasına şərait yaradacaq”.
Ceyhun Aşurovun sözlərinə görə, Naxçıvanın logistika imkanlarının genişlənməsi bütövlükdə Azərbaycanın iqtisadi potensialına da müsbət təsir göstərəcək:
“Bu proses Azərbaycanı ümumi olaraq böyük logistika mərkəzinə çevirmək baxımından da mühüm əhəmiyyət daşıyır. Xüsusilə Orta Asiyadan gələn ticarət əlaqələrinin Avropaya ötürülməsində Naxçıvan müstəsna rol oynaya bilər.
Naxçıvan dəmir yolu, yerüstü nəqliyyat və Beynəlxalq Hava Limanı vasitəsilə bu prosesə mühüm töhfə verə bilər. Nəqliyyat imkanlarının genişlənməsi ilə yanaşı, burada investisiyaların cəlb olunması, müxtəlif logistika mərkəzlərinin və iri həcmli anbarların yaradılması, xidmət sahələrinin inkişaf etdirilməsi də yeni iqtisadi imkanlar formalaşdıracaq”.
Ekspert vurğulayıb ki, Naxçıvanın turizm potensialının inkişafı da yeni logistika imkanları ilə paralel şəkildə həyata keçirilməlidir:
“İnfrastrukturun yenilənməsi, müasir beynəlxalq standartlara uyğunlaşdırılması, nəqliyyat və xidmət sektorunun inkişafı turistlərin bölgəyə çıxışını asanlaşdıracaq. Naxçıvanın tarixi, mədəni və təbii potensialı onsuz da kifayət qədər zəngindir. Burada əsas məsələ bu potensialı müasir turizm infrastrukturu ilə birləşdirməkdir.
Sağlamlıq turizmi, qastronomik turizm, qış turizmi, mədəni və tarixi turizm istiqamətlərində yeni layihələrin həyata keçirilməsi Naxçıvanın turizm xəritəsində mövqeyini daha da gücləndirə bilər”.
Ceyhun Aşurov hesab edir ki, Naxçıvanın qarşıdakı dövrdə inkişafı yalnız bir sahə ilə məhdudlaşmayacaq:
“Logistika inkişaf edirsə, bunun ardınca ticarət, xidmət, turizm, anbarçılıq, hotelçilik və digər iqtisadi sahələr də inkişaf edəcək. Yeni iş yerlərinin yaradılması, investisiya mühitinin genişlənməsi və müasir infrastrukturun formalaşdırılması Naxçıvanın iqtisadi potensialını daha da artıracaq.
Bu baxımdan Naxçıvanın gələcəkdə yalnız regional deyil, beynəlxalq əhəmiyyətli iqtisadi və logistika mərkəzinə çevrilməsi üçün böyük potensialı var. Düşünürəm ki, Prezident İlham Əliyevin Naxçıvanla bağlı səsləndirdiyi fikirlər də məhz bu strateji perspektivin konturlarını ortaya qoyur”.
Günel Elxan