
“Azərbaycan Prezidenti İlham Əliyevin Naxçıvan Muxtar Respublikasına səfəri təkcə bölgənin sosial-iqtisadi inkişafı baxımından deyil, bütövlükdə Azərbaycanın geosiyasi mövqeyinin daha da güclənməsi, Cənubi Qafqazda yeni nəqliyyat-kommunikasiya sisteminin formalaşdırılması və Şərqlə Qərb arasında strateji əlaqələrin genişlənməsi baxımından mühüm əhəmiyyət daşıyır”.
Bu fikirləri Milli Məclisin deputatı Tamam Cəfərova Xalq Cəbhəsi.az-a açıqlamasında bildirib.
Deputat qeyd edib ki, Prezident İlham Əliyevin Naxçıvana səfəri bir daha göstərir ki, muxtar respublika Azərbaycanın regional və beynəlxalq nəqliyyat-logistika siyasətində əsas dayaqlardan birinə çevrilir:
“İşğaldan azad olunmuş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma layihələri ilə paralel olaraq Naxçıvanda da müasir infrastrukturun qurulması, nəqliyyat, energetika, sənaye və sosial sahələrə yönələn investisiyalar ölkəmizin balanslı regional inkişaf strategiyasının uğurla icra olunduğunu nümayiş etdirir.
Dövlət başçısının istifadəyə verdiyi yeni obyektlər və təməlini qoyduğu layihələr Naxçıvanın iqtisadi potensialını daha da artırmaqla yanaşı, onun tranzit imkanlarını da genişləndirəcək. Müasir geosiyasi reallıqlar fonunda Naxçıvanın strateji mövqeyi daha da aktuallaşıb. Azərbaycan, Türkiyə və digər tərəfdaş ölkələr arasında əməkdaşlığın dərinləşməsi, Orta Dəhlizin inkişafı istiqamətində atılan addımlar Naxçıvanı Avropa ilə Asiyanı birləşdirən mühüm logistika mərkəzlərindən birinə çevirir. Bu isə Azərbaycanın beynəlxalq yükdaşımalar sistemində rolunu artırır, ölkəmizin etibarlı tranzit və nəqliyyat qovşağı kimi mövqeyini daha da möhkəmləndirir”.
Deputat Prezident İlham Əliyevin Naxçıvana səfəri zamanı Azərbaycan Televiziyasına verdiyi müsahibədə Zəngəzur dəhlizinin strateji əhəmiyyətinə xüsusi diqqət yetirdiyini vurğulayıb.
“Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər Naxçıvanın gələcək geoiqtisadi rolunu aydın şəkildə ortaya qoyur. Dövlət başçısının vurğuladığı kimi, Zəngəzur dəhlizinin reallaşması yalnız Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında birbaşa bağlantının yaradılması demək deyil. Bu layihə eyni zamanda Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin kəsişdiyi yeni strateji marşrut formalaşdıracaq.
Naxçıvan və Culfa üzərindən İrana ikinci dəmir yolu bağlantısının yaranması yükdaşımaları daha çevik və səmərəli edəcək, Fars körfəzi və Cənubi Asiya istiqamətində yeni logistika imkanları açacaq. Beləliklə, Naxçıvan beynəlxalq ticarət marşrutlarının əsas qovşaqlarından birinə çevrilərək Azərbaycanın Avrasiya məkanında tranzit və logistika mərkəzi kimi mövqeyini daha da möhkəmləndirəcək”.
Tamam Cəfərova bildirib ki, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin əsas istiqamətlərindən biri Azərbaycanın nəqliyyat infrastrukturunun qlobal tələblərə uyğun inkişaf etdirilməsidir:
“Bu baxımdan Naxçıvanın avtomobil yolları, dəmir yolu, hava nəqliyyatı və enerji infrastrukturu üzrə həyata keçirilən layihələr təkcə regionun inkişafına deyil, bütövlükdə Cənubi Qafqazın yeni iqtisadi və logistika xəritəsinin formalaşmasına xidmət edir.
Naxçıvanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin imkanlarından yararlanması Azərbaycanın regional və beynəlxalq ticarətdə rolunu əhəmiyyətli dərəcədə artıracaq. Bu, həmçinin ölkəmizin tranzit potensialının daha geniş coğrafiyada reallaşdırılmasına imkan verəcək”.
Deputatın sözlərinə görə, Prezidentin Naxçıvana səfəri Azərbaycanın bölgədə sülh, əməkdaşlıq və qarşılıqlı faydalı iqtisadi əlaqələrə əsaslanan inkişaf modelini ardıcıl şəkildə təşviq etdiyini də göstərir:
“Yeni kommunikasiya xətlərinin açılması regional inteqrasiyanı gücləndirir, beynəlxalq ticarət marşrutlarının şaxələndirilməsinə töhfə verir və Şərq-Qərb istiqamətində yükdaşımaların həcmini artırmaq üçün əlverişli imkanlar yaradır.
Bu gün Azərbaycan sabit siyasi idarəetməsi, güclü iqtisadi potensialı və strateji nəqliyyat layihələri sayəsində Avrasiya məkanında etibarlı tərəfdaş kimi çıxış edir. Prezident İlham Əliyevin Naxçıvana səfəri də bu strateji kursun davamı olmaqla, ölkəmizin regional liderliyini daha da möhkəmləndirən mühüm siyasi hadisədir”.
Tamam Cəfərova əlavə edib ki, Naxçıvanda həyata keçirilən layihələr və Zəngəzur dəhlizinin perspektivləri muxtar respublikanın gələcəkdə daha böyük geoiqtisadi əhəmiyyət qazanmasına şərait yaradacaq:
“Dövlət başçısının müsahibəsində səsləndirdiyi fikirlər bir daha təsdiqləyir ki, Naxçıvan yaxın gələcəkdə yalnız Azərbaycanın deyil, bütövlükdə Avrasiya məkanının mühüm nəqliyyat və logistika qovşaqlarından birinə çevriləcək”.
Günel Elxan