Qanunun aliliyi və qarşılıqlı məsuliyyət: Şəffaf və dayanıqlı cəmiyyətə doğru” Gündəm

Qanunun aliliyi və qarşılıqlı məsuliyyət: Şəffaf və dayanıqlı cəmiyyətə doğru”

Müasir dövlətçilik anlayışında cəmiyyətin inkişaf səviyyəsi yalnız iqtisadi göstəricilər və texnoloji tərəqqi ilə deyil, ilk növbədə insan hüquq və azadlıqlarının nə dərəcədə təmin olunması, eləcə də vətəndaşların hüquqi və siyasi mədəniyyəti ilə ölçülür. Hüquqi dövlətin əsas dayaqlarından birini fərdlərin öz qanuni hüquqlarını dəqiq bilməsi, onların müdafiəsi üçün mövcud mexanizmlərdən səmərəli istifadə etməsi və ictimai-siyasi proseslərdə məsuliyyətli iştirakı təşkil edir. Bu kontekstdə hüquqi maarifləndirmə yalnız nəzəri biliklərin ötürülməsi deyil, cəmiyyətdə qanunun aliliyinə hörmət, başqalarının hüquqlarına ehtiram və qarşılıqlı etimad mühitinin bərqərar olunması üçün strateji amildir.
Eyni zamanda, dövlət-vətəndaş münasibətlərinin rəqəmsallaşdırılması, xidmətlərə əlçatanlığın artırılması və vətəndaş məmnunluğunun idarəçilikdə əsas meyar kimi qəbul edilməsi insan hüquqlarının real həyatda təminatına güclü təkan verir. Dövlət institutlarının operativliyi, şəffaflığı və vətəndaş fəallığının təşviqi hüquqi mexanizmlərin daha effektiv işləməsinə zəmin yaradır. Beləliklə, hüquqi və siyasi maarifləndirmənin gücləndirilməsi sağlam ictimai dialoqun formalaşmasına, emosional manipulyasiyaların və qarayaxma kampaniyalarının qarşısının alınmasına, bütövlükdə isə demokratik cəmiyyətin sosial dayaqlarının möhkəmlənməsinə xidmət edir.

Mövzu ilə bağlı “Xalq Cəbhəsi”nə danışan Milli Məclisin deputatı Mehriban Vəliyeva deyib ki, müasir dünyada dövlətlərin inkişaf səviyyəsi yalnız iqtisadi göstəricilər, sosial rifah və texnoloji tərəqqi ilə deyil, eyni zamanda insan hüquq və azadlıqlarının nə dərəcədə təmin olunması, vətəndaşların hüquqi və siyasi mədəniyyətinin səviyyəsi, dövlət-vətəndaş münasibətlərinin mahiyyəti ilə də ölçülür.

Deputat bildirib ki, hüquqi dövlətin əsas dayaqlarından biri vətəndaşın öz hüquqlarını bilməsi, həmin hüquqların müdafiəsi üçün qanuni mexanizmlərdən istifadə etməsi və cəmiyyətin idarə olunması proseslərində fəal iştirak etməsidir: “Hüquqi və siyasi mədəniyyətin yüksəldilməsi yalnız maarifləndirici proses deyil, həm də insan hüquqlarının daha səmərəli müdafiəsinə xidmət edən mühüm dövlətçilik amilidir.
Azərbaycanın müasir inkişaf modeli bu istiqamətdə özünəməxsus xüsusiyyətləri ilə seçilir. Ölkəmizdə dövlət siyasətinin mühüm prioritetlərindən biri insan amilinin ön plana çəkilməsi, vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsi, onların müraciətlərinə həssas münasibətin formalaşdırılması və dövlət institutlarına əlçatanlığın artırılmasıdır. Bu siyasətin mərkəzində güclü dövlət, hüquqi dövlət prinsipləri və vətəndaşın rifahının qorunması dayanır”.
Mehriban Vəliyeva qeyd edib ki, Azərbaycan Respublikasının Konstitusiyası insan və vətəndaş hüquq və azadlıqlarını dövlətin ali məqsədlərindən biri kimi müəyyən edir: “Vətəndaşın hüquqlarının qorunması yalnız qanunvericilik aktlarının qəbul edilməsi ilə məhdudlaşmır. Əsas məsələ həmin hüquqların real həyatda təmin olunması, hər bir vətəndaşın hüquqi müdafiə imkanlarından istifadə edə bilməsi və dövlət orqanlarının öz fəaliyyətində qanunun aliliyini əsas götürməsidir”.
Deputat vurğulayıb ki, Prezident İlham Əliyevin çıxış və nitqlərində insan hüquq və azadlıqlarının qorunması, vətəndaşların dövlət qurumları tərəfindən qəbul edilməsi, onların problemlərinin dinlənilməsi və həllinə operativ yanaşılması məsələləri daim xüsusi yer tutur: “Dövlət başçısının müxtəlif çıxışlarında dəfələrlə vurğuladığı kimi, dövlət siyasətinin əsas məqsədi Azərbaycan vətəndaşının təhlükəsizliyini, rifahını və hüquqlarını təmin etməkdir. Cənab Prezidentin aidiyyəti dövlət qurumlarının qarşısında vətəndaş müraciətlərinə diqqətlə yanaşılması, insanların problemlərinin vaxtında həll edilməsi, qanunsuzluq və bürokratik əngəllərin aradan qaldırılması ilə bağlı müəyyən etdiyi vəzifələr də məhz bu siyasətin praktiki istiqamətlərindən biridir”.
M.Vəliyevanın sözlərinə görə, dövlət qurumlarının fəaliyyətinin qiymətləndirilməsində vətəndaş məmnuniyyətinin mühüm meyar kimi qəbul edilməsi idarəçilikdə insan amilinin əhəmiyyətini göstərir: “Burada mühüm məqamlardan biri də hüquqi mədəniyyətin formalaşdırılmasıdır. Hüquqlarını bilməyən vətəndaşın həmin hüquqlardan səmərəli istifadə etməsi çətinləşir. Əksinə, hüquqi savadlı vətəndaş öz hüquq və vəzifələrini daha yaxşı anlayır, qanuni müdafiə mexanizmlərindən istifadə edir, dövlət qurumları ilə münasibətlərini hüquqi çərçivədə qurur və cəmiyyətin ictimai-siyasi həyatında daha məsuliyyətli mövqe tutur”. Hüquqi mədəniyyət yalnız qanunları bilməkdən ibarət deyil. Bu anlayış eyni zamanda qanunun aliliyinə hörmət, digər şəxslərin hüquqlarına ehtiram, öz hüquq və azadlıqlarından istifadə zamanı məsuliyyətli davranış və ictimai maraqları nəzərə almaq mədəniyyətini də əhatə edir. Demokratik cəmiyyətin dayanıqlılığı məhz hüquq və məsuliyyətin qarşılıqlı vəhdətinə əsaslanır.
Siyasi mədəniyyət də vətəndaşın ictimai-siyasi proseslərdə məsuliyyətli iştirakının əsas şərtlərindən biridir. Siyasi mədəniyyət vətəndaşın ölkədə gedən ictimai-siyasi prosesləri düzgün qiymətləndirməsi, siyasi hüquqlarını anlaması, seçki proseslərində və digər qanuni ictimai fəaliyyət formalarında iştirak etməsi, müxtəlif mövqelərə hörmətlə yanaşması və dövlətçilik maraqlarını nəzərə alan məsuliyyətli mövqe nümayiş etdirməsi ilə bağlıdır. Fəal vətəndaş yalnız seçkilərdə iştirak edən şəxs deyil. O, ictimai müzakirələrdə mövqe bildirən, qanunvericilik və idarəçilik proseslərini izləyən, hüquqlarının müdafiəsi üçün qanuni vasitələrdən istifadə edən, yaşadığı ərazinin sosial problemlərinə biganə qalmayan və cəmiyyətin inkişafına töhfə verməyə çalışan şəxsdir. Bu baxımdan vətəndaş fəallığının artırılması dövlət-vətəndaş münasibətlərinin daha da möhkəmləndirilməsi üçün mühüm amildir”.
Deputat dövlət-vətəndaş kommunikasiyasının institusional əsaslarının gücləndirilməsini də vacib hesab edir: “Vətəndaş müraciətlərinin elektronlaşdırılması, müxtəlif dövlət xidmətlərinin rəqəmsal platformalara keçirilməsi, “ASAN xidmət” modelinin formalaşdırılması, elektron hökumət imkanlarının genişləndirilməsi, açıq məlumatlara çıxışın artırılması və dövlət qurumlarının ictimaiyyətlə əlaqələrinin inkişaf etdirilməsi vətəndaşın dövlət idarəçiliyinə çıxış imkanlarını əhəmiyyətli dərəcədə genişləndirir”.

M.Vəliyeva rəqəmsallaşmanın dövlət-vətəndaş münasibətlərində yeni imkanlar yaratdığını vurğulayıb:“Vətəndaşın dövlət qurumuna müraciət etmək üçün uzun prosedurlardan keçməsinə ehtiyac qalmadan elektron platformalar vasitəsilə müraciət göndərə bilməsi, müraciətin icra vəziyyətini izləməsi və xidmətlərdən daha rahat yararlanması həm şəffaflığı, həm də dövlət institutlarına etimadı artırır. Son illərdə Azərbaycanda rəqəmsal dövlət quruculuğu istiqamətində həyata keçirilən tədbirlər də bu məqsədə xidmət edir”.
Deputatın sözlərinə görə, hüquqi və siyasi mədəniyyətin yüksəldilməsində maarifləndirmə xüsusi əhəmiyyət daşıyır:
“Məktəbdən başlayaraq hüquqi biliklərin artırılması, gənclərin Konstitusiya, insan hüquqları, vətəndaş məsuliyyəti və demokratik iştirak mexanizmləri barədə məlumatlandırılması uzunmüddətli perspektivdə daha hüquqi və məsuliyyətli cəmiyyətin formalaşmasına imkan yaradır. Universitetlərdə, media məkanında, vətəndaş cəmiyyəti institutlarında və dövlət qurumlarının həyata keçirdiyi layihələrdə hüquqi maarifləndirmənin genişləndirilməsi bu baxımdan xüsusi əhəmiyyət daşıyır”.
O, müasir informasiya mühitində informasiya savadlılığının da hüquqi və siyasi mədəniyyətin mühüm hissəsinə çevrildiyini deyib: “Sosial şəbəkələrin ictimai rəyə təsir imkanlarının genişləndiyi bir dövrdə vətəndaşın doğru və yanlış məlumatı ayırd edə bilməsi, manipulyativ və təxribat xarakterli məlumatlardan qorunması, emosional çağırışlara deyil, faktlara əsaslanan mövqe formalaşdırması demokratik cəmiyyətin informasiya təhlükəsizliyi baxımından mühüm əhəmiyyət kəsb edir”.
M.Vəliyeva bildirib ki, vətəndaş cəmiyyəti institutları, qeyri-hökumət təşkilatları, media subyektləri, ekspert icmaları və digər ictimai platformalar da bu prosesin mühüm komponentləridir: “Azərbaycanın dövlətçilik modeli baxımından diqqətçəkən məqamlardan biri dövlətin vətəndaş qarşısında məsuliyyətini ön plana çıxarmasıdır. Güclü dövlət anlayışı yalnız iqtisadi və siyasi güc göstəricisi deyil. Güclü dövlət eyni zamanda vətəndaşının hüququnu qoruyan, onun təhlükəsizliyini təmin edən, sosial rifahını düşünən, müraciətlərinə cavab verən və çətin vəziyyətdə vətəndaşının yanında dayanan dövlətdir”.
Deputat qeyd edib ki, 44 günlük Vətən müharibəsindən sonra işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq siyasəti də dövlətin vətəndaş qarşısında məsuliyyətinin mühüm nümunəsidir: “Böyük Qayıdış siyasəti yalnız ərazilərin yenidən qurulması deyil, eyni zamanda insanların öz doğma yurdlarına təhlükəsiz və ləyaqətli qayıdışının təmin edilməsini nəzərdə tutur. Dövlətin vətəndaşa sahib çıxması anlayışı məhz belə kompleks yanaşmada öz mahiyyətini tapır. Burada söhbət yalnız sosial təminatdan deyil, insanın hüququnun, ləyaqətinin, təhlükəsizliyinin və gələcəyə inamının qorunmasından gedir”.
M.Vəliyeva vurğulayıb ki, hüquqi və siyasi mədəniyyətin yüksəldilməsi dövlətlə vətəndaş arasında qarşılıqlı məsuliyyətin güclənməsinə gətirib çıxarır: “Vətəndaş hüquqlarını bilməli, dövlət isə həmin hüquqların təmin olunması üçün effektiv mexanizmlər yaratmalıdır. Vətəndaş öz hüququnu tələb etməyi bacarmalı, eyni zamanda başqasının hüququna hörmət etməlidir. Dövlət qanunun aliliyini təmin etməli, vətəndaş isə qanuni tələblərə riayət etməlidir. Məhz bu qarşılıqlı məsuliyyət hüquqi dövlətin sosial dayaqlarını möhkəmləndirir”.
Deputat sonda qeyd edib ki, insan hüquqlarının müdafiəsi yalnız hüquqi institutların mövcudluğu ilə deyil, həm də hüquqlarını bilən və hüquqi mexanizmlərdən istifadə etməyi bacaran vətəndaş cəmiyyətinin formalaşması ilə təmin edilir: “Azərbaycan üçün əsas hədəf dövlət-vətəndaş münasibətlərində etimadın daha da gücləndirilməsi, hüquqi dövlət prinsiplərinin gündəlik ictimai münasibətlərdə daha dərindən bərqərar olması və vətəndaşların ictimai-siyasi proseslərdə məsuliyyətli iştirakının genişləndirilməsidir. Çünki müasir dövlət yalnız vətəndaşı üçün qərarlar qəbul edən dövlət deyil, vətəndaşını dinləyən, onun hüququnu qoruyan, problemlərinə həssas yanaşan və onu dövlət quruculuğunun fəal iştirakçısına çevirən dövlətdir”.

Günel Elxan