
Dörd ildən çoxdur davam edən Rusiya-Ukrayna müharibəsinin coğrafiyası daha da genişlənir. Belə ki, ötən gün Ukrayna ordusunun Tatarıstanın Nijnekamsk şəhərindəki neft emalı zavoduna PUA zərbələri endirib. Nijnekamsk və Çistopolye sakinləri şəhərləri üzərindən çox sayda PUA-ların hücum etdiyini bildiriblər. Son məlumaltara görə, hücum nəticəsində ölənlərin sayı 13-ə, yaralananların sayı isə 39-a çatıb.
Bu cür hücumlar Rusiyanın cavab zərbələrinin daha da intensivləşməsinə səbəb ola bilər?
“Xalq Cəbhəsi” sual ətrafında politoloqların fikirlərini öyrənib.
“Bu hücumlar sonuncu deyil”
Politoloq Samir Hümbətov bildirib ki, bu hücumlar birinci dəfə deyil, heç sonuncu da deyil: “Nə qədər ki, tərəflər arasında müharibə davam edir biz bu cür PUA hücumlarını görə bilərik. Qarşılıqlı şəkildə Rusiyadan Ukraynaya, Ukraynadan Rusiyaya bu cür addımlar atıla bilər. Ukrayna onsuz da Rusiyanın ən strateji nöqtələrini belə PUA hücumları ilə hədəfə alıb. Rusiya da Ukraynada kifayət qədər dağıntılara səbəb ola biləcək addımlar atıb. Yəni Kiyevi, Lvovu və digər müharibə olmayan əraziləri belə Rusiya raket zərbələri ilə vurub. Ancaq hesab edirəm ki, bu, müharibənin dayanmasına şərait yaratmayacaq. Rusiyanın o dərəcədə dərin aqressiyasına da səbəb olmayacaq. Çünki görünən odur ki, Rusiyanın son edə biləcəyi nüvə silahıdır. Onu da ata biləcəyi vəziyyət deyil. Addımlar onu göstərir ki, müharibəni hansısa formada dayandırmağa ehtiyac var. Çünki bu cür addımlar infrastrukturun sıradan çıxmasının açıq göstəricisidir”.
Politoloqun fikrincə, artıq elə bir vəziyyətdir ki, təkcə müharibə yox, həm də iqtisadi zərərə gedirlər: “Ona görə də düşünürəm ki, Rusiya bundan artıq qızışa bilməcəyək. Yəni təkcə o qalır ki, Ukraynanı nüvə silahı ilə vursun, lakin vurmaq potensialı hələ ki, çox da real görünmür. Amma hər vəziyyətdə bu cür addımlar Rusiyanı daha aqressiv, intensivləşmiş zərbələr endirməyə yox, daha çox danışıqlar masasına otuzdurmağa hesablanmış addım kimi dəyərləndirilə bilər və ona şərait yarada bilər”.
“Eskalasiya yeni mərhələyə keçə bilər”
Siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Züriyə Qarayeva söyləyib ki, Nijnekamska endirilən bu miqyaslı PUA zərbələri Rusiya–Ukrayna müharibəsində qarşılıqlı eskalasiyanın yeni mərhələsinə keçid riskini artırır: “Xüsusilə Tatarıstan kimi Ukrayna sərhədindən xeyli uzaqda yerləşən və Rusiya üçün mühüm neft-kimya sənayesi mərkəzi sayılan ərazinin vurulması Kiyevin uzaqmənzilli PUA imkanlarının genişləndiyini göstərir. Ukraynanın strateji məqsədi Rusiyanın enerji gəlirlərinə, yanacaq təminatına və müharibəni davam etdirmək üçün istifadə etdiyi iqtisadi-sənaye bazasına zərbə vurmaqdır. Lakin insan tələfatının yüksək olması Moskvanın bunu yalnız iqtisadi infrastruktura hücum deyil, Rusiya ərazisinə qarşı genişmiqyaslı hücum kimi təqdim etməsinə və daha sərt cavab üçün siyasi əsas yaratmasına imkan verir”.
Z.Qarayeva qeyd edib ki, bu baxımdan yaxın günlərdə Rusiyanın Ukraynanın enerji infrastrukturu, hərbi-sənaye müəssisələri, aerodromları və PUA istehsalı ilə əlaqəli obyektlərinə raket və dron hücumlarının intensivliyini artırması kifayət qədər real ssenaridir: “Eyni zamanda, Moskva hava hücumundan müdafiə sistemlərinin daha böyük hissəsini ölkənin dərinliklərindəki strateji obyektlərin qorunmasına yönəltməyə məcbur olur ki, bu da Ukraynanın belə əməliyyatlarının hərbi-strateji məqsədlərindən biridir. Nijnekamsk hadisəsi göstərir ki, artıq cəbhə xəttindən yüzlərlə kilometr uzaqlıq belə Rusiyanın strateji infrastrukturu üçün təhlükəsizlik təmin etmir. Buna görə də qarşıdakı mərhələdə “Ukraynanın Rusiya dərinliyinə zərbəsi – Rusiyanın Ukraynaya kütləvi cavab hücumu” dövrəsinin daha da intensivləşməsi və bunun mümkün diplomatik təşəbbüsləri çətinləşdirməsi ehtimalı yüksəlir”.
“Müharibə yeni mərhələyə keçib”
Politoloq Məhəmməd Əsədullazadə bildirib ki, Rusiya-Ukrayna müharibəsi yeni mərhələyə keçib və tərəflər bir-birinə qarşı uzaqmənzilli dronlardan istifadə edir: “Xüsusilə Ukraynanın Rusiyanın dərinliklərinə vurduğu zərbələr nəticəsində logistika imkanları, dəniz limanları və neft emalı zavodları sıradan çıxarılıb. Təbii ki, bu da Rusiyanı danışıqlara məcbur etmək siyasətinin bir hissəsidir. Rusiya da cavab olaraq ballistik raketlərlə Kiyev və digər ətraf şəhərləri vuraraq humanitar böhran yaratmağa çalışır. Danışıqlar prosesində hər hansısa bir irəliləyiş yoxdur və Rusiya xarici işlər nazirinin müavini Qaluzin də qeyd etdi ki, ilkin səbəblər ortadan qaldırılmadan Rusiya müharibəni dondurmayacaq. Bir tərəfdən də Rusiya işğalı genişləndirmək istəyir. Rusiya Ukraynada humanitar böhran yaratdığı kimi artıq Ukrayna da Rusiya iqtisadiyyatına ciddi şəkildə zərbə vurur. Bu zərbənin təsiri ilə sosial-iqtisadi vəziyyət də ağırlaşır”.
Onun sözlərinə görə, Ukrayna beynəlxalq ticarət şəbəkəsinin Rusiyada logistikasına zərbə vurmaqla bir növ pərakəndə satışı da iflic etdi: “Bu, onu göstərir ki, Ukrayna da kifayət qədər güclənib və Rusiya qarşısında duruş gətirə bilir. Proseslər elə bir müstəvidədir ki, danışıqlar prosesi dayanıb. Tərəflər bir-birilərinə qarşı güc nümayiş etdirir və hansı tərəf üstünlük təşkil edəcəksə, o, danışıqlar masasında da güzəştə gedəcək. Göründüyü kimi hazırda heç bir tərəf bir-birinə ciddi təzyiq edib danışıqlar masasına əyləşdirə bilmir”.
Röya İsrafilova