08:00
371
“Mədəni səviyyə olmadan insan nəinki öz hüququnu qoruya bilməz, hətta hüququnun mahiyyəti barədə də kifayət qədər məlumatlı olmaz”.
Bunu Milli Məclisin deputatı Fazil Mustafa “xalqcebhesi.az”a açıqlaması zamanı söyləyib.
Deputat bildirib ki, vətəndaşların hüquqi bilikləri ilə yanaşı, onların davranış mədəniyyətinin də yüksəldilməsi vacibdir:
“Bir də mədəni səviyyəni adi bir vəziyyətdə, məsələn, küçədə avtomobil toqquşması zamanı da görürük. Hələ ortada hər hansı nəticə olmadan insanlar bir-birini linç etməyə başlayırlar. Bunlar məntiqsiz davranışlardır və nədən irəli gəlir? Çünki xarici ölkələrdə belə hallarda insanlar sığorta şirkətinin gəlməsini gözləyirlər, məsələ ölçülüb-biçilir və həll olunur. Heç kim də digər insanın qəlbinə dəymir”.
Fazil Mustafa qeyd edib ki, Azərbaycanda da bu istiqamətdə müəyyən problemlərin həlli üçün ciddi addımların atılmasına ehtiyac var:
“Təbii ki, bizdə sığorta sistemi ilə bağlı müəyyən problemlər ola bilər. Amma bütövlükdə məsələnin həlli istiqamətində ciddi addımların atılması, ilkin olaraq, vətəndaşlara daha yaxşı hüquqi təhsil verməkdən, onları daha yaxşı hazırlamaqdan və öz hüquqlarını qorumağa sövq etməkdən keçir”.
Deputatın sözlərinə görə, hüquqi maarifləndirmənin gücləndirilməsi həm vətəndaş fəallığının artmasına, həm də hüququn işləmə mexanizminin daha effektiv fəaliyyət göstərməsinə imkan yarada bilər:
“Əgər belə olarsa, məncə, bu problemlər də bu dərəcədə artmaz, vətəndaş fəallığı daha çox artar və ümumiyyətlə, hüququn işləmə mexanizminə də yardım edər”.
Günel Elxan