
“Prezident İlham Əliyevin Azərbaycan Televiziyasına müsahibəsində səsləndirdiyi fikirlər Naxçıvan Muxtar Respublikasının gələcək inkişaf strategiyasının geniş mənzərəsini ortaya qoyur”.
Bu fikirləri deputat Könül Nurullayeva Xalq Cəbhəsi.az-a açıqlamasında bildirib.
O qeyd edib ki, Naxçıvanın müasir inkişaf mərhələsinin təməlində Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik və inkişaf siyasəti dayanır:
“Ulu Öndər Heydər Əliyevin Naxçıvanla bağlı fəaliyyəti bu qədim diyarın Azərbaycanın dövlətçilik tarixindəki xüsusi mövqeyini daha da möhkəmləndirib. Bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi isə Naxçıvanın inkişafına yönəlmiş çoxsaylı layihələrdə özünü göstərir.
Sənaye, kənd təsərrüfatı, enerji, nəqliyyat, sosial infrastruktur, turizm və tarixi-mədəni irsin qorunması istiqamətində həyata keçirilən tədbirlər Naxçıvanın yeni inkişaf mərhələsinə qədəm qoyduğunu göstərir. Naxçıvan Sənaye Parkının yaradılması da bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Bu layihə yeni istehsal müəssisələrinin yaradılmasına, investisiyaların cəlb edilməsinə və məşğulluğun artırılmasına imkan verəcək.
Qarşıdakı dövr üçün əsas məqsədlərdən biri Naxçıvan iqtisadiyyatının daha çox istehsal və ixracyönümlü modelə keçirilməsidir. Bunun üçün muxtar respublikanın sənaye və kənd təsərrüfatı potensialından daha səmərəli istifadə olunması vacibdir. Kənd təsərrüfatının inkişafına dair Dövlət Proqramında Naxçıvana xüsusi yer ayrılması da bunun göstəricisidir”.
Könül Nurullayeva vurğulayıb ki, Naxçıvanın inkişafı yalnız iqtisadi göstəricilərlə məhdudlaşmır, sosial infrastrukturun yenilənməsi və əhalinin keyfiyyətli xidmətlərə çıxışının genişləndirilməsi də əsas prioritetlərdəndir: “DOST və “ASAN xidmət” mərkəzlərinin fəaliyyəti, yeni sosial obyektlərin yaradılması, şəhər və rayonlararası nəqliyyatın yaxşılaşdırılması insanların gündəlik həyatına birbaşa təsir edən mühüm layihələrdir.
Naxçıvanın gələcək inkişafında enerji təhlükəsizliyi də xüsusi əhəmiyyət daşıyır. 300 meqavat gücündə istilik elektrik stansiyasının təməlinin qoyulması, Günəş elektrik stansiyalarının tikintisi, Ordubad rayonunun Tivi kəndində su elektrik stansiyası layihəsinin həyata keçirilməsi və yeni enerji saxlanc sistemlərinin yaradılması Naxçıvanın enerji imkanlarını əhəmiyyətli dərəcədə genişləndirəcək.
Xüsusilə bərpaolunan enerji sahəsində Naxçıvanın böyük potensialı var. Günəş enerjisinin istehsalının artırılması gələcəkdə Naxçıvanı elektrik enerjisi ixrac edən regiona çevirə bilər”.
Deputatın sözlərinə görə, Naxçıvanın gələcəyinə ən böyük təsir göstərə biləcək layihələrdən biri Zəngəzur dəhlizidir:
“Uzun illər ərzində Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında birbaşa quru əlaqəsinin olmaması muxtar respublikanın iqtisadi və nəqliyyat imkanlarını məhdudlaşdıran əsas amillərdən biri olub. Zəngəzur dəhlizinin reallaşması bu coğrafi məhdudiyyətin aradan qalxmasına şərait yaradır.
2025-ci il avqustun 8-də Vaşinqtonda əldə edilmiş razılaşmalar fonunda bu istiqamətdə yeni mərhələnin başlanması Zəngəzur dəhlizinin regional nəqliyyat sistemindəki rolunu daha da aktuallaşdırıb. Azərbaycan üçün əsas məsələ bu dəhlizin yalnız avtomobil və dəmir yolu xətti kimi deyil, çoxşaxəli nəqliyyat, enerji və kommunikasiya platforması kimi formalaşdırılmasıdır.
Dəmir yolu və avtomobil yolu ilə yanaşı, fiber-optik kabellərin, elektrik xətlərinin və perspektivdə digər enerji infrastrukturlarının yaradılması Zəngəzur dəhlizinin əhəmiyyətini daha da artıracaq”.
Könül Nurullayeva vurğulayıb ki, Naxçıvanın coğrafi mövqeyi onun Türk dünyasının inteqrasiyasında da mühüm rolunu şərtləndirir:
“Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında nəqliyyat bağlantısının yaradılması və oradan Türkiyəyə çıxışın təmin olunması Mərkəzi Asiya ölkələri ilə Türkiyə və Avropa arasında nəqliyyat əlaqələrinin genişləndirilməsinə əlavə imkanlar yaradacaq.
Prezident İlham Əliyevin müsahibəsində diqqət çəkən mühüm mesajlardan biri Naxçıvanın Qarabağ və Şərqi Zəngəzurla vahid konsepsiya əsasında inkişaf etdirilməsi ideyasıdır. Burada söhbət yeni idarəetmə modellərinin tətbiqindən, müasir infrastrukturun qurulmasından, yaşıl enerji layihələrinin inkişafından və regionlar arasında iqtisadi əlaqələrin gücləndirilməsindən gedir.
Naxçıvanın yaşıl enerji zonası kimi inkişaf etdirilməsi də bu strategiyanın mühüm hissəsidir. Bərpaolunan enerji mənbələrinin artırılması və enerji saxlanc sistemlərinin yaradılması gələcəkdə daha çevik və dayanıqlı enerji sisteminin formalaşmasına imkan verəcək”.
Deputat tarixi-mədəni irsin qorunmasının da Naxçıvanın inkişaf strategiyasında mühüm yer tutduğunu bildirib:
“Möminə xatun türbəsi, Əcəmi Naxçıvani irsi və digər tarixi abidələr Naxçıvanın yalnız Azərbaycan üçün deyil, bütövlükdə region üçün böyük mədəni əhəmiyyət daşıdığını göstərir. Bu irsin qorunması turizm strategiyası ilə də əlaqələndirilə bilər. Müasir hotellərin, nəqliyyat infrastrukturunun və turizm xidmətlərinin inkişafı Naxçıvanın zəngin tarixi və təbii imkanlarının beynəlxalq səviyyədə tanıdılmasına şərait yaradacaq.
Naxçıvanda idarəetmə sisteminin təkmilləşdirilməsi də qarşıdakı mərhələnin əsas istiqamətlərindən biridir. Qarabağ və Şərqi Zəngəzurda tətbiq olunan yeni idarəetmə modelinin Naxçıvanda tətbiqi regional inkişafın daha çevik və koordinasiyalı həyata keçirilməsinə imkan verə bilər.
Burada əsas məqsəd muxtar respublikanın xüsusi statusunu qorumaqla idarəetmənin səmərəliliyini artırmaq, layihələrin icrasını sürətləndirmək və dövlət resurslarından daha effektiv istifadə etməkdir”.
Könül Nurullayeva əlavə edib ki, bütün bu layihələr və təşəbbüslər Naxçıvanın Azərbaycanın iqtisadi, enerji, nəqliyyat və geosiyasi xəritəsində daha mühüm mövqeyə çıxmasına xidmət edir:
“Əminliklə demək olar ki, Naxçıvan qarşıdakı illərdə regionun mühüm iqtisadi və logistika mərkəzlərindən birinə çevriləcək. Prezident İlham Əliyevin müəyyən etdiyi strategiya bu qədim diyarın potensialının tam şəkildə reallaşdırılmasına geniş imkanlar açır”.
Günel Elxan