Türkiyənin turistik şəhəri Alanya: turistlərə nə vəd edir? Dünya

Türkiyənin turistik şəhəri Alanya: turistlərə nə vəd edir?

Antalya şəhəri Türkiyənin əsas turizm şəhərlərindən biridir. Bura dənizi, qumu, saysız çimərlikləri və əyləncə yerlərinə görə turistlərin diqqətini cəlb edir. Ümumiyyətlə, Akdeniz bölgəsi Türkiyə turizmində xüsusi paya malikdir. Hər il dünyanın müxtəlif ölkələrindən bura çox sayda turist gəlir. Hətta deyərdim ki, çoxları ilk dəfə deyil, hər il bura üz tuturlar.
Son bir neçə ildə Türkiyə iqtisadiyyatında vəziyyətin ürəkaçan olmaması sözsüz ki, turizm sahəsinə və yay istirahətinə də təsirsiz ötüşmür. Bu səbəbdən son illər Antalyaya gələn turistlərin sayında da fərq var. Yəni əvvəlki dövrlərdə bura daha çox insan gəlirdisə, son bir neçə ildə turist sayı azalıb. Çoxları qiymətlərin baha olmasından narazılıq edir. Həmçinin yerli əhali də bundan şikayətçidir. Hətta Türkiyənin başqa bölgələrində yaşayan yerli əhalinin belə yay istirahətində Antalyaya gəlməsi çətinləşib. Yəni onların da sayında azalma müşahidə edilir.
10 ildən artıq müddətdir hər il bura gələn biri olaraq deyə bilərəm ki, bura mənim üçün əvəzolunmaz bir yerdir. Xüsusilə də Antalyanın ən sevilən yerlərindən olan Alanya bölgəsi. Alanyanın dupduru suyu olan dənizi, sakitliyi ilə insana hüzur bəxş edən yanı mənim üçün əvəzsizdir.
Artıq illərdir Alanyaya səyahət edən biri olaraq özümü burada heç də turist kimi hiss etmirəm, yerli insanlar kimi hiss edirəm. Sanki mən də onlardan biriyəm.
Elə bir növ bu səbəblə buradakı yerli əhali və turistlərdən Alanya haqqında düşüncələrini öyrəndim. Alanyada nə onlara yaxşı təsir edir, nədən razıdırlar (və ya narazıdırlar) və s. bu kimi suallarla onlara müraciət etdim.
Həmçinin burada sahilyanı istirahət məkanında çalışanlar da fikirlərini bildirdilər. Onlar həm də turistlərin azlığı və ya çox olması, ümumən isə vəziyyətin hansı yerdə olduğu haqqında düşüncələrini paylaşdılar.

“Burada dəniz, günəş və təbiət bir-biri ilə iç-içədir”

Alanya sakini Nalan Alan qeyd etdi ki, Antalyanın ən məşhur rayonlarından biri olan Alanya təbii gözəllikləri, tarixi abidələri və turizm potensialı ilə həm yerli, həm də xarici bir çox insanın yaşamaq üçün üstünlük verdiyi bir yerdir. O, Alanyada yaşamağın üstünlükləri və çatışmazlıqları haqqında söhbət açdı: “Yaxşı tərəfləri odur ki, Alanyada ilin böyük hissəsi günəşli və mülayim iqlim hökm sürür. Dəniz, günəş və təbiət bir-biri ilə iç-içədir. Təmiz çimərlikləri, tarixi qalası və təbii gözəllikləri sayəsində həyat keyfiyyəti yüksəkdir. Turizm sayəsində müxtəlif ölkələrdən olan insanlarla tanış olmaq imkanı var və mədəni müxtəliflik olduqca genişdir. Kənd təsərrüfatı və turizm sayəsində təzə meyvə və tərəvəz olduqca əlçatandır. Kafelər, restoranlar, gəzinti yolları və sosial həyat baxımından rayon kifayət qədər canlıdır.

Alanyada yaşamağın dezavantajları

N.Alan Alanyada yaşamağın dezavantajları haqqında da məlumat verdi: “Alanyada yay aylarında əhalinin artması ilə birlikdə nəqliyyat sıxlığı və izdiham ciddi problemə çevrilə bilər. Turizm bölgəsi olduğu üçün son illərdə kirayə və mənzil qiymətləri xeyli yüksəlib. Yay aylarında yüksək temperatur və rütubət bəzi insanlar üçün boğucu ola bilər. Turizm sektorunda çalışanlar üçün yay mövsümü ərzində iş yükü kifayət qədər çox olur. Qış aylarında turizmin səngiməsi səbəbindən bəzi sahələrdə iqtisadi aktivlik azalır. Onu söyləyə bilərəm ki, Alanya dənizi, təbiəti, iqlimi və sosial həyatı ilə bir çox insan üçün yaşamaq üçün ən gözəl rayonlardan biridir. Lakin artan yaşayış xərcləri, yay aylarında sıxlıq və isti hava kimi mənfi cəhətlər də nəzərə alınmalıdır. Ümumilikdə, sakit, təbii və sosial həyat istəyən insanlar üçün Alanya cəlbedici seçimdir. Mən Alanyanın ən çox təbiətini və dənizini bəyənirəm. Bir tərəfdə masmavi Aralıq dənizi, digər tərəfdə isə yamyaşıl Toros dağları yerləşir. İlin böyük hissəsində günəşli havanın olması da həyatı daha xoş və rahat edir. Bundan əlavə, müxtəlif mədəniyyətlərdən olan insanların bir arada yaşaması Alanyaya ayrı bir rəng qatır. Bu xüsusiyyətləri sayəsində Alanya həm yaşamaq, həm də vaxt keçirmək üçün çox gözəl bir şəhərdir”.

“Bahalıq turistlərin sayına ciddi təsir edib”

Alanyada çimərlikdə fəaliyyət göstərən restoranın işçisi Əli Adıgözəl söylədi ki, əvvəlki illərdə Alanyaya turist axını daha çox idi: “Öncələr turistlər bura daha çox gəlirdi və sahilyanı restoranlar, kafelər bundan daha çox qazanırdı. Amma son bir neçə ildə qiymətlərin artması, ümumi bahalıq turistlərin sayına ciddi təsir edib. İndi əvvəlki illərlə müqayisədə bura daha az turist gəlir və bu da təbii olaraq qazanca təsir göstərir. Əvvəllər qazanılan gəliri indi əldə etmək mümkün olmur”.

“Turistlər alternativ istiqamətlərə üz tutur”

Ə.Adıgözəl eləcə də qeyd etdi ki, Türkiyədə qiymətlər artdıqca turistlər də alternativ istiqamətlərə üz tutmağa başlayıblar: “Yunanıstan, Misir, Tayland kimi ölkələrə maraq artıb. Çünki turist üçün əsas məsələlərdən biri istirahətin ümumi xərcidir. Əgər Türkiyədə tətil əvvəlkindən daha baha başa gəlirsə, insanlar daha münasib qiymətə istirahət edə biləcəkləri ölkələri seçirlər. Bu vəziyyət də Alanyada turizm sektorunda çalışanlara və onların gəlirlərinə birbaşa təsir edir”.

“Hər il vaxtımın 2-3 ayını Alanyada keçirirəm”

Uzun illərdir hər il Alanyaya istirahətə gələn həmyerlimiz Xanoğlan Quliyev qardaş ölkənin bu şəhərini çox sevdiyini vurğuladı: “Mən Alanyanın dənizini, təbiətini, havasını, insanlarını, yeməklərini çox sevirəm. Özümü onların içində doğma hiss edirəm və mənim üçün Alanyada həyat keçirmək çox vacibdir. Burada olanda hərtərəfli dincəlirəm. Son 18 ildə demək olar ki, hər il vaxtımın 2-3 ayını Alanyada keçirirəm. Üç övladımı Alanyada böyütmüşəm, xüsusilə Alanyanın yayında. Onlar da Alanyanı sevə-sevə böyüyüblər. Alanya ailəlikcə bizim üçün çox dəyərlidir. Təbii ki, qardaş ölkənin çox şəhərləri gözəldir. Ancaq Alanyada uzun müddət olduğumuz və tez-tez gəlib-getdiyimizə görə bura bizim üçün xüsusən özəldir”.

Röya İsrafilova
Bakı - Alanya