Zəngəzur dəhlizi və Naxçıvanın böyük dönüşü: Regionun "Dubay" modeli reallaşır Gündəm

Zəngəzur dəhlizi və Naxçıvanın böyük dönüşü: Regionun "Dubay" modeli reallaşır

Prezident İlham Əliyevin xarici siyasəti və Zəngəzur dəhlizinin açılması perspektivi uzun illər blokada şəraitində yaşayan Naxçıvan Muxtar Respublikası üçün tamamilə yeni iqtisadi era açır. Azərbaycanın əsas hissəsi ilə birbaşa nəqliyyat-logistika əlaqəsinin bərpası, regionun yalnız tranzit qovşağına deyil, həm də Cənubi Qafqazın aparıcı ticarət və turizm mərkəzinə çevrilməsinə zəmin yaradır.
Mövzu ilə bağlı turizm və iqtisadiyyat ekspertləri “Xalq Cəbhəsi”nə Naxçıvanın gözlənilən böyük inkişaf potensialını şərh ediblər.

“Zəngəzur dəhlizi Naxçıvan turizmini canlandıracaq”

Turizm eksperti Əziz Şiriyev diqqətə çatdırıb ki, Naxçıvan Azərbaycan üçün ən mühüm strateji bölgələrdən biridir.
Ekspert bildirib ki, bu günə qədər Naxçıvan bölgəsi blokadada qalmışdı: “Amma hazırkı vəziyyətdə Naxçıvanda dəmir yolu xəttinin və nəqliyyat yollarının mövcud olması, eyni zamanda hava nəqliyyatının açıq olması bu istiqamətdə işlərin yenidən bərpa olunmasına imkan yaradır. Zəngəzur dəhlizinin açılması Naxçıvanın logistika və turizm imkanlarının genişlənməsinə mühüm töhfə verəcək.
Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması və Zəngəzur dəhlizinin açılması həm logistika, həm də turizm baxımından müsbət nəticələrə səbəb olacaq. Bu, Azərbaycana gələn turistlərin, eləcə də yerli vətəndaşların daha rahat şəkildə Naxçıvana səfər etməsinə, bölgənin tarixi və turizm məkanlarını ziyarət etməsinə imkan yaradacaq.
Gələcəkdə quru sərhədlərin açılması ilə Türkiyəyə quru yolla səfərlərin həyata keçirilməsi, həmçinin Türkiyə istiqamətindən Naxçıvana, Naxçıvandan isə Azərbaycanın digər bölgələrinə gediş-gəlişin təmin olunması çox mühüm imkanlar yaradacaq.

Bu marşrutların açılması səfərlərin həm qiymət baxımından daha əlçatan olmasına, həm də nəqliyyat imkanlarının genişlənməsinə şərait yaradacaq. Naxçıvanın Türkiyə və Azərbaycan arasında mühüm tranzit və turizm qovşağına çevrilməsi bölgənin iqtisadi inkişafına da müsbət təsir göstərəcək.
Düşünürəm ki, Zəngəzur dəhlizinin fəaliyyətə başlaması Naxçıvanın turizm potensialının tam şəkildə reallaşdırılması üçün yeni mərhələnin başlanğıcı olacaq. Bu, həm Naxçıvana turist axınının artmasına, həm də bölgənin iqtisadi göstəricilərinin yüksəlməsinə ciddi töhfə verə bilər”.

“Naxçıvan regional logistika mərkəzinə çevrilir”

Turizm məsələləri üzrə ekspert Rəhman Quliyev qeyd edib ki, Cənab Prezident İlham Əliyevin uğurlu və uzaqgörən xarici siyasətinin nəticəsi olaraq Naxçıvanın regional ticarət-logistika mərkəzinə çevrilməsi üçün yeni və geniş perspektivlər formalaşıb.
Ekspert bildirib ki, Prezident İlham Əliyevin Naxçıvanın regionun “Dubayı”na çevrilə biləcəyi ilə bağlı fikri, ilk növbədə, muxtar respublikanın coğrafi mövqeyinin yaratdığı böyük iqtisadi və logistika imkanlara diqqət çəkir: “Naxçıvan tarixən mühüm ticarət yollarının üzərində yerləşib və bu üstünlük müasir nəqliyyat-logistika infrastrukturu ilə yeni mərhələyə daşına bilər. Hesab edirəm ki, Naxçıvanın regional ticarət mərkəzinə çevrilməsi üçün əsas şərtlərdən biri beynəlxalq nəqliyyat dəhlizləri ilə inteqrasiyanın gücləndirilməsidir. Bununla yanaşı, müasir logistika mərkəzlərinin, anbar komplekslərinin, gömrük terminallarının və yükdaşıma infrastrukturlarının yaradılması vacibdir. Naxçıvanda investorlar üçün əlverişli biznes mühitinin formalaşdırılması və xüsusi iqtisadi təşviqlərin tətbiqi də bu prosesə ciddi təkan verə bilər. Regionun turizm potensialı da ticarət-logistika imkanları ilə paralel inkişaf etdirilməli, Naxçıvan həm biznes, həm də turizm istiqamətində cəlbedici mərkəzə çevrilməlidir.
Xüsusilə Türkiyə və digər qonşu bazarlarla iqtisadi əlaqələrin genişləndirilməsi Naxçıvanın tranzit və ticarət imkanlarını əhəmiyyətli dərəcədə artıra bilər. Burada rəqəmsal logistika, elektron gömrük və ‘ağıllı’ nəqliyyat sistemlərinin tətbiqi də rəqabət qabiliyyətinin yüksəldilməsi baxımından mühüm rol oynayacaq.
Əsas məqsəd yalnız tranzit yük axınlarını artırmaq deyil, Naxçıvanda həmin yük və ticarət dövriyyəsinin yaratdığı əlavə dəyəri də formalaşdırmaq olmalıdır.
Düşünürəm ki, düzgün strategiya, böyük investisiyalar və regional əməkdaşlığın genişləndirilməsi ilə Naxçıvanın Cənubi Qafqazda mühüm ticarət-logistika və turizm mərkəzlərindən birinə çevrilməsi tamamilə realdır”.

“Naxçıvan yeni iqtisadi mərhələdə”

İqtisadçı ekspert Günay Hüseynova bildirib ki, məhz cənab Prezident İlham Əliyevin uğurlu siyasətinin nəticəsidir ki, biz həm müharibəni qazandıq, həm də sülhə nail olduq.
Ekspert bildirib ki, Naxçıvanın blokadadan çıxması və Azərbaycanla birbaşa bağlantısının təmin olunması regionun iqtisadi inkişafında yeni mərhələnin başlanğıcı olacaq: “Cənab Prezidentin də qeyd etdiyi kimi, Naxçıvan artıq regionun mühüm ticarət mərkəzinə çevriləcək. Blokadadan çıxış həm Azərbaycanla birbaşa bağlantının təmin olunması, həm enerji diversifikasiyası, həm də nəqliyyat və logistika sahələrinin inkişafı baxımından böyük əhəmiyyət daşıyır.
Naxçıvanın iqtisadi potensialının artması ilə regionun idxalçı deyil, ixracatçı mövqeyindən çıxış etməsi üçün imkanlar genişlənəcək. Enerji sektorunda diversifikasiya, modernləşmə, quruculuq və abadlıq işləri Naxçıvanın gələcəkdə enerji ixracatçısına çevrilməsinə şərait yaradacaq.
Bununla yanaşı, iqtisadiyyatın digər sahələrinin inkişafına da ciddi töhfə veriləcək. Xüsusilə investisiya mühiti və turizm sektorunu qeyd etmək istərdim. Müharibə şəraiti və uzunmüddətli blokada regionda investisiya mühitinə, həmçinin turizm sektoruna mənfi təsir göstərib. Xarici investorların marağı isə əsasən Bakı və digər iri şəhərlərə yönəlirdi. Naxçıvanda yeni eranın başlanması bu sahələrin inkişafına mühüm təkan verə bilər.
Digər mühüm məsələ nəqliyyat və logistika ilə bağlıdır. Əvvəllər daşımaların böyük hissəsinin başqa ölkələrin ərazisindən həyata keçirilməsi həmin sahədə xərclərin artmasına səbəb olurdu. Azərbaycanın əsas hissəsi ilə birbaşa bağlantının təmin olunması və yeni nəqliyyat dəhlizlərinin fəaliyyətə başlaması bu problemin aradan qaldırılmasına imkan verəcək.
Eyni zamanda, Naxçıvanda uzun müddət iqtisadi aktivlik və məşğulluqla bağlı müəyyən problemlər mövcud olub. Əmək qabiliyyətli əhalinin bir hissəsi iş imkanları üçün Türkiyəyə və digər yaxın ölkələrə üz tuturdu. Yeni iqtisadi mərhələ, investisiyaların artması və yeni iş yerlərinin yaradılması məşğulluğun yüksəlməsinə, işsizliyin minimuma endirilməsinə və region əhalisinin rifahının yaxşılaşmasına ciddi təsir göstərəcək.
Düşünürəm ki, Naxçıvanın blokadadan çıxması təkcə nəqliyyat əlaqələrinin bərpası deyil, bütövlükdə regionun iqtisadi potensialının üzə çıxarılması deməkdir. Qarşıdakı dövrdə Naxçıvanın ticarət, enerji, logistika və turizm baxımından Azərbaycanın mühüm iqtisadi mərkəzlərindən birinə çevrilməsi üçün geniş imkanlar formalaşacaq”.

Günel Elxan