
Azərbaycanın zəngin mədəniyyətə, qədim tarixə və çoxəsrlik dövlətçilik ənənələrinə malik olan Naxçıvan Muxtar Respublikası çətin, mürəkkəb və eyni zamanda parlaq inkişaf yolu keçərək ölkəmizin sosial-iqtisadi, siyasi və mədəni həyatında hər zaman əhəmiyyətli rol oynayıb. Naxçıvan bu gün özünün tərəqqi dövrünü yaşayır. Azərbaycanın ayrılmaz parçası olan Naxçıvan ölkə üçün siyasi və iqtisadi strateji əhəmiyyətə malik regionlardan biridir. Əsas hədəflərdən biri də Zəngəzur dəhlizinin açılması ilə Naxçıvanın inkişafının tam təmin olunması da var. Bunun üçün muxtar respublikada böyük quruculuq, abadlıq, eyni zamanda iqtisadi, sosial cəhətdən inkişafı üçün mühüm dövlət proqramları həyata keçirilir. Eyni zamanda Naxçıvanın öz-özünü maliyyələşdirən bölgəyə çevrilməsi yönündə mühüm işlər aparılır.
Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən Naxçıvanda iqtisadi və sosial islahatlar həyata keçirilir. Naxçıvan ildən-ilə iqtisadi, sosial, turizm sahəsində əhəmiyyətli irəliləyişlərə nail olub. Bölgənin mövcud iqtisadi, ictimai-siyasi həyatında əhəmiyyətli dəyişikliklər müşahidə olunur, muxtar respublikanın iqtisadi-siyasi və sosial həyatında mühüm dəyişikliklər baş verib ki, bu da Naxçıvanın sədasının bütün regionda yayılması və duyulmasına gətirib çıxarıb. Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin müəyyənləşdirdiyi iqtisadi inkişaf strategiyasının ölkə prezidenti cənab İlham Əliyev tərəfindən müvəffəqiyyətlə davam etdirilməsi digər bölgələr kimi Naxçıvanın da inkişafına səbəb olub. Ölkə prezidentinin "Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında" 24 noyabr 2003-cü il tarixdə imzaladığı fərmanla müəyyən edilmiş sosial-iqtisadi inkişafın əsas istiqamətləri üzrə həyata keçirilən tədbirlər bu sahədə əldə edilmiş nailiyyətləri daha da möhkəmləndirib.
"Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı Naxçıvanın iqtisadi inkişafının davamlılığının təmin edilməsində, infrastrukturun və sosial xidmətlərin daha da yaxşılaşdırılmasında, əhalinin məşğulluğunun və maddi rifahının yüksəldilməsində mühüm rol oynayır. Yeni mərhələdə qarşıya qoyulan hədəflərin reallaşdırılması məqsədilə "Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı" hazırlanıb.
Ölkə iqtisadiyyatının inkişafının müxtəlif istiqamətlərinin vahid dövlət proqramları çərçivəsində tənzimlənməsi, iqtisadi inkişafın sürətləndirilməsi, sosial-iqtisadi inkişafda regionların rolunun yüksəldilməsi, iqtisadiyyatın sahələrinin və regionların kompleks inkişafının təmin edilməsi nəticəsində əhalinin rifah halının və həyat standartlarının təkmilləşdirilməsi istiqamətində mühüm nailiyyətlər əldə edilib.
Naxçıvan inkişafda olan çoxsahəli sənaye və aqrar-sənaye respublikasıdır. Sənayedə yerli kənd təsərrüfatı məhsullarının emalı və faydalı qazıntı hasilatı xüsusi yer tutur. Onun elektronika, metal emalı, tikinti materialları və yüngül sənayesi var. Kənd təsərrüfatı, əsasən taxılçılıq, heyvandarlıq, tərəvəzçilik və bağçılıq sahəsində ixtisaslaşıb. Muxtar respublikada iqtisadi islahatlar ardıcıl həyata keçirilən, torpaq islahatı başa çatdırılıb, azad sahibkarlığın, xüsusi mülkiyyətin və kiçik biznesin inkişafı üçün geniş imkanlar yaradılıb.
Naxçıvanın sosial-iqtisadi inkişafı və ölkənin ümumi inkişaf proseslərinə daha sıx inteqrasiyası daim Prezidenti İlham Əliyevin xüsusi diqqət mərkəzində olub. Dövlət başçısı indiyədək 16 dəfə Naxçıvan Muxtar Respublikasına səfər edib, bu səfərlər çərçivəsində çoxsaylı sosial, iqtisadi və infrastruktur obyektlərinin açılışında iştirak edib, bölgənin gələcək inkişafı ilə bağlı mühüm tapşırıqlar verib.
Son illərdə Naxçıvanla bağlı bir sıra mühüm dövlət proqramları və tədbirlər planları qəbul edilib.
Prezident İlham Əliyevin 2023-cü il 5 iyun tarixli Sərəncamı ilə “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı” təsdiq edilib. Davamlı iqtisadi artımın təmin edilməsini, vətəndaşların həyat səviyyəsinin yaxşılaşdırılmasını və muxtar respublikanın ölkə iqtisadiyyatına tam inteqrasiyasını hədəfləyən Dövlət Proqramında 11 prioritet istiqamət müəyyən edilib.
Bununla yanaşı, Naxçıvanda yeni istilik elektrik stansiyasının tikintisi, Naxçıvan Sənaye Parkının yaradılması, Naxçıvan şəhərində ictimai nəqliyyat sisteminin yenilənməsi, su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi, əhalinin içməli su ilə təminatının yaxşılaşdırılması, eləcə də muxtar respublikanın paylayıcı elektrik şəbəkəsinin yenidən qurulması və bərpası ilə bağlı qəbul edilmiş qərarlar inkişaf prosesinin kompleks və uzunmüddətli xarakter daşıdığını göstərir.
Naxçıvanda 2023-cü ildə ümumi məhsul istehsalı 1 milyard 552 milyon manatdan çox olub. Bu dövrdə sənaye məhsulunun həcmi 593,9 milyon manat, kənd təsərrüfatı məhsulu 358,4 milyon manat, informasiya və rabitə xidmətlərinin həcmi 34,2 milyon manat, əhaliyə göstərilən ödənişli xidmətlər 178,2 milyon manat, orta aylıq əməkhaqqı isə 689,0 manat təşkil edib.
2023-cü ildə büdcə gəlirlərində qeyri-dövlət sektorunun payı 55,7 faiz, vergi daxilolmalarında isə 62,4 faiz təşkil edib. Sahibkarlığın sürətli inkişafında ən önəmli amillərdən biri maliyyə əlçatanlığıdır. 2023-cü ildə Naxçıvan Muxtar Respublikası Sahibkarlığın İnkişafı Fondu tərəfindən 40 investisiya layihəsinin maliyyələşdirilməsinə 6,2 milyon manat güzəştli şərtlərlə dövlət maliyyə dəstəyi göstərilib ki, bunun 84,8 faizi sənaye məhsullarının istehsalına, 11,7 faizi kənd təsərrüfatına və 3,5 faizi isə xidmət sahələrinə yönəldilib. Muxtar respublika iqtisadiyyatında kiçik və orta biznesin dominantlığı xeyli yüksəlib, 2023-cü ildə qeydiyyatda olan KOB subyektlərinin sayı 2022-ci illə müqayisədə 26 faiz artıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 5 iyun 2023-cü ildə imzaladığı “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsinə dair sərəncamı proqramın əsas qayələrindən birinin sahibkarlar üçün əlverişli investisiya mühiti formalaşdırmaq, azad iqtisadi zona yaratmaqla Naxçıvanı əsas sərmayə mərkəzinə çevirmək olması öz əksini tapıb.
Naxçıvan Muxtar Respublikası ilə bağlı Azərbaycan Respublikasının Prezidenti tərəfindən 2 Fərman və 5 Sərəncam verilib, Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən isə 10 Sərəncam və 15 Qərar qəbul edilib.
Bu inkişaf xəttinin möhkəm maliyyə bazası da ardıcıl dövlət qərarları ilə təmin edilib. 2023-cü il 22 iyun tarixində imzalanmış Sərəncamla dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu üzrə nəzərdə tutulan vəsaitin bölgüsünə əsasən Naxçıvan Muxtar Respublikasında infrastruktur və sosial layihələrin həyata keçirilməsi üçün 50,0 milyon manat vəsait ayrılıb.
2023–2026-cı illərdə həyata keçirilən genişmiqyaslı tədbirlər göstərir ki, Naxçıvan Muxtar Respublikası sosial-iqtisadi inkişafının keyfiyyətcə yeni mərhələsinə qədəm qoyub.
359 istehsal və xidmət sahəsinin yaradılması, 342 sahibkarlıq layihəsinə 27,2 milyon manat güzəştli kreditin verilməsi, ÜDM-in real ifadədə 7,6 faiz artması, əsas kapitala investisiyaların 2,5 dəfə genişlənməsi, büdcənin öz gəlirlərinin artması və dotasiyanın 62,4 faiz azalması, enerji və su təhlükəsizliyinin gücləndirilməsi, 183,6 kilometr avtomobil yolunun əsaslı təmiri, müasir sosial və təhsil infrastrukturunun yaradılması, tarixi-mədəni irsin qorunması və yeni idarəetmə modelinin formalaşdırılması Naxçıvanda həyata keçirilən ardıcıl dövlət siyasətinin konkret nəticələridir.
Müasir dövrümüzdə Naxçıvanda bütün sosial, iqtisadi, infrastruktur və hərbi məsələlər yüksək səviyyədə öz həllini tapır. Naxçıvanda həyata keçirilən iqtisadi siyasət sahibkarlığın inkişafının sürətləndirilməsinə, sahibkarlığın rolunun gücləndirilməsinə, bu istiqamətdə dövlət qayğısının artırılmasına və ən əsası mövcud potensialın reallaşdırılmasına yönəlib. 30 ilə yaxındır, blokada şəraitində yaşasa da, Naxçıvan Muxtar Respublikası hərtərəfli və dayanıqlı inkişafa nail olub. Bu gün Naxçıvan tarixdə ən qızıl dövrünü yaşamaqdadır. Muxtar respublika bütün sahələrdə yüksək inkişafa nail olub, burada ərzaq və enerji, eləcə də müdafiə təhlükəsizliyi təmin olunub. Azərbaycan xalqının çoxəsrlik nailiyyətlərini, mədəni irsini özündə yaşadan Naxçıvanda milli və dini dəyərlərə hörmətlə yanaşılır, elm və təhsil inkişaf etdirilir, adət-ənənələr qorunub saxlanılır, qədim yaşayış yerləri, tarixi memarlıq nümunələri bərpa olunur. Bütün bunlar Prezident İlham Əliyevin Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvanın müasir inkişafının təmin olunmasına göstərdiyi böyük qayğının və dəstəyin əməli ifadəsidir. Dövlət proqramında nəzərdə tutulan layihələrin icrası Naxçıvanın modern tərəqqisini təmin edəcək. Naxçıvan özünün inkişafı, yüksək dəyərləri, sədaqət nümunəsi ilə Azərbaycanın yüksəlişinin daim ön sıralarında yer alacaq.
Cavid