“Azərbaycanımıza baxıb qürur hissi keçiririk” Müsahibə

“Azərbaycanımıza baxıb qürur hissi keçiririk”

Türkiyəli millət vəkili: "15 sentyabr Azərbaycan türkləri üçün necə əziz və müqəddəs gün hesab edilirsə, eynilə bizim üçün də dəyərli gündür"

Türkiyə Böyük Millət Məclisinin deputatı Feramuz Üstünün BayMedia-ya müsahibəsini oxucularımıza təqdim edirik

- Feramuz bəy, 15 sentyabrı - Qafqaz İslam Ordusunun Bakını işğaldan azad etdiyi günü necə dəyərləndirirsiniz?

- İlk öncə onu qeyd edim ki, Türkiyə hər zaman Azərbaycan qardaşlarının yanında olub və bundan sonra da olacaq. Bu dəstək sonsuza qədər davam edəcək.
15 sentyabrdan öncə Azərbaycan türkləri Canaqqala savaşında, ondan sonra 1919-1922-ci illərdə Türkiyənin istiqlal savaşında da qardaşları ilə birgə düşmənə qarşı savaşırdılar və Türkiyənin azadlığı uğrunda canlarından keçirdilər.
Bu gün onların müqəddəs şəhid məzarları Türkiyə torpaqlarındadır və öz qardaşları ilə yanaşı uyuyurlar. Bu qardaşlığımızın əyani sübutudur. Həmçinin, bizim birlik və qardaşlıq simvolumuzdur. Sarsılmaz qardaşlıq birliyimizin məhək daşıdır. Yəni bizi qan, din, dil və mənəvi amillər birləşdirir və bu faktorlar ən çətin zamanlarımızda bizə kömək olur. Məhz, buna görə də 15 sentyabr hadisələrinə eyni prizmadan baxmaq lazımdır. Bu həm də Çanaqqala savaşının davamı idi. Həmin dövrdə Azərbaycan Xalq Cümhuriyyəti yenicə müstəqilliyini əldə etmişdi və ona ayaqda dayanması üçün dəstəyin verilməsi mütləq idi. Çünki, daşnak-bolşevik qüvvələri 1918-ci ildə Azərbaycanda mart hadisələrini törətmişdilər və on minlərlə Azərbaycan türkünü qətlə yetirərək öz hakimiyyətlərini qurmuşdular. Azərbaycan xalqını çətin mərhələyə qədim qoyurdu. 1918-ci ilin may 28-də Tiflisdə elan olunan Azərbaycan Xalq Cümhuriyyətini çətin sınaqlar gözləyirdi. Ordusu olmayan bir dövlətin daşnak və bolşevik qüvvələrini Bakı və digər bölgələrdən təmizlənməsi qeyri-mümkün idi. Həm də Osmanlı imperiyasının qonşuluğunda bir türk dövlətinin yaranması onun özü üçün də önəmli olmaqla yanaşı, üstəlik Azərbaycan Xalq Cümhuriyyətinin siyasi-strateji cəhətdən dəstəklənməsini zəruri hala çevrilmişdi.
Məhz, Batumi danışıqlarından sonra Osmanlı dövləti ilə Azərbaycan Xalq Cümhuriyyəti arasında Azərbaycana hərbi yardımın göstərilməsi ilə bağlı saziş imzaladı.
Nuru paşa başda olmaqla Qafqaz İslam Ordusu Azərbaycana gəldi. Yerli qüvvələrin onlara birləşməsindən sonra güclü ordu formalaşdırıldı və həlledici döyüşlər başladı. Bu qəhrəman ordu düşməni darmadağın edərək, 15 sentyabrda Bakını azad etdi. Tarixin çətin sınağı qarşısında alnıaçıq çıxaraq, türkün şanlı zəfər qabiliyyəti tarixə düşdü.
15 sentyabr Azərbaycan türkləri üçün necə əziz və müqəddəs gün hesab edilirsə, eynilə bizim üçün də dəyərli gündür.
- Sizcə, o zaman Qafqaz İslam Ordusu qalib gəlməsə idi, vəziyyət necə ola bilərdi?
- Çox şükürlər ki, o zaman ordumuz düşmən üzərində qalib gəldi və milli hökumət Bakıya köçdü. Bu qalibiyyət olmasaydı, vəziyyət dəhşətli və faciəli olardı. Bakı bir erməni şəhəri ola bilərdi. Bütünlüklə, Azərbaycanın taleyi düşmənlərimizin xeyrinə həll olunardı. Həmçinin, regionun vəziyyəti ermənilərin xeyrinə dəyişib, əsasən də onların arzuladıqları "Böyük Ermənistan" ideologiyasının həyata keçməsi istiqamətində önəmli addım atılardı. Təbii ki, bunlar hamısı tarixdə qaldı. Amma, bu günümüzü qeyd etməklə bir daha qardaşlığımızı və dostluğumuzu daha da gücləndiririk. Və mən buradan vətənimizin istiqlalı uğrunda şəhid olan insanlarımıza Allahdan rəhmət diləyirəm və məkanları cənnətlik olsun.
- Siz həm də 1990-ci ildə 20 yanvarda rus ordusunun Azərbaycanda törətdiyi qanlı faciələrə qarşı Türkiyədə keçirilən sərt etiraz aksiyaların ən fəal gənclərindən olmusunuz...
- Hər zaman qardaşlarımızın yanında almaq bizim mənəvi və insanı borcumuzdur. O zaman Azərbaycan meydanda tək qalmışdı. Bu aksiyalar qardaşlarımızın yanında olduğunu göstərdi. Həmin ərəfədə tələbə idik, bu aksiyalar vasitəsilə dünya ictimaiyyətinə çatdırılırdı ki, Azərbaycanda dinc insanlar vəhşicəsinə qətlə yetiriliblər və onların qanı batırılır və dünya buna susmamalıdır. Azərbaycan İnformasiya blokadasında idi. Gücümü çatdığı səviyyədə qardaşlarımızın başına gələnləri mediada işıqlandırmağa çalışırdıq.
Bütün bunlara baxmayaraq, şükürlər olsun ki, Azərbaycan yenidən müstəqilliyini əldə etdi. Sonda onu da deyim ki, bu gün güclənən və inkişaf edən Azərbaycanımıza baxıb qürur hissi keçiririk və Azərbaycanın daha da güclənməsini ürəkdən dəstəkləyirik. İnanırıq ki, işğal altında qalan Qarabağ torpaqları azad ediləcək, Azərbaycanın ərazi bütövlüyü bərpa olunacaq, köçkünlərimiz öz torpaqlarını qayıdacaqlar.

Elnur Eltürk