Krımın işğalı Qarabağdan, Xocalıdan başlayıb Siyasət

Krımın işğalı Qarabağdan, Xocalıdan başlayıb

Rusiya Krımı özünə birləşdirməklə bir daha islah olunmaz dövlət olduğunu və imperiya mərəzindən qurtula bilmədiyini bir daha dünyaya nümayiş etdirdi. Putin SSRİ modelini belə kölgədə qoyan "Avrasiya Birliyi" adı altında neoimperialist planlarını həyata keçirmək üçün bütün regionu təhdid edir, açıq şəkildə beynəlxalq birliyi zor işlətməklə hədələyir.
Görünən odur ki, Putinin yeni birlik yaratmaq planlarının heç bir iqtisadi əsasları yoxdur, Kreml Rusiya cəmiyyətini Jirinovskinin xəstə təxəyüllərinə yoluxdurmaqla özünün gələcək təcavüzkar siyasətinin əsaslarını hazırlayır. Krımla bağlı baş verənlər həm də onu göstərdi ki, Rusiya cəmiyyətində artıq faşizmin təzahürləri baş qaldırıb və bu təhlükəli tendensiya dünyaya təkcə "soyuq müharibə" kimi sınaqdan keçirilmiş perspektivlər vəd etmir, hətta böyük coğrafi sərhədləri əhatə edən münaqişələr gətirə bilər.
Rusiya Krımı ələ keçirəndən sonra Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilat - GUAM-da ərazisi işğal olunmamış dövlət qalmayıb. Bu işğalla Ukrayna da Azərbaycan, Gürcüstan, Moldova kimi parçalanmış duruma düşdü.
- Azərbaycanın separatçı Dağlıq Qarabağ bölgəsi və onun ətrafındakı 7 rayon 1990-cı illərin əvvəlindən erməni işğalı altındadır.
- Gürcüstanın Abxaziya, Cənubi Osetiya bölgələri 1990-cı illərindən özünü müstəqil dövlət elan etmiş rejimlərin əlindədir. 2008-ci ildə Rusiya Abxaziya və Cənubi Osetiyanı hərbi təcavüzlə işğal edərək onları "müstəqil dövlət" kimi tanıyıb.
- Moldovanın Dnestryanı bölgəsi 1990-cı illərin əvvəllərində ölkədən ayrıldığını elan edib. Bununla bağlı yaranan silahlı münaqişədə Rusiya qoşunları separatçı rejimin tərəfini tutub. O zamandan qondarma rejimi Rusiya ordusu qoruyur.
- Ukrayna torpağı Krımı isə bu ilin fevralında Rusiya işğal edib. Hazırda Krım Muxtar Respublikası və Sevastopol şəhəri Rusiya Federasiyasına birləşdirilib.
Bu son olacaqmı? Çətin! Zamanında Qərbin bu münaqişələrlə bağlı iki standartları, Qarabağdan Dnestryanı bölgəyədək bütün ərazi işğalları faktının arxasında Rusiyanın dayandığını görməzdən gəlməsi, qlobal münaqişələri bir qayda olaraq İslam coğrafiyasına keçirmək siyasəti bu gün beynəlxalq terrorizmdən daha ağır, həm də xəstə rus cəmiyyətində ənənəvi "velikoderjavizm" virusunun inkişafına şərait yaratdı.
"Kapitalizm öz qəbirqazıyanını yetişdirdi". Vaxtilə Leninin dediyi bu fikirlər rus bolşevizminin sevimli sitatı idi. Bu gün Rusiyada acqarına "Böyük Rusiya" üçün dəstək verən proletariat yetişməkdədir. Gələcəkdə SSRİ-nin dağılmasından sonra müstəqilliklərini elan etmiş ölkələri zəncirləmək üçün, bütöv millətləri sürgün etmək, Avropanın o biri ucundan tam Alyaskayadək bütöv bir materiki yenə də qırmızı rəngə boyamaq üçün.
Krımda, Donetskdə, Rusiyanın Krımla bağlı "həmrəylik" mitinqləri keçirən bölgələrində SSRİ-nin qan qoxuyan bayraqlarının da qaldırılması təsadüf idimi? İTAR-TASS-ın nostalji SİTA (Sovet İttifaqı Teleqraf Agentliyi) adını özünə qaytarması nədən xəbər verir? Hər halda Putinin SSRİ-dən "düzgün çıxmayan" ölkələrlə bağlı dedikləri qulaqardına vurula bilməz. "Düzgün olmayan" qərarlara düzəlişlər, "düzgün olmayan" adların qaytarılması, "düzgün olmayan" dünya düzəninin hərbə-zorba ilə "nizama salınması"...Bəs Rusiyaya SSRİ-nin dağılmasından sonra ayaqda durmaq şansının verilməsi, dünyada yeni bir geosiyasi güc mərkəzi kimi ortaya çıxa biləcək, həm də Rus imperializminə qarşı dayana biləcək Türk Dünyasına qarşı tədbirlər, xristian fatorundan çıxış edərək Rusiyanın Ermənistan kimi əl qamçılarına yağ çəkmək düzgün siyasət idimi?
Zamanında Çeçenistanda milli-azadlıq hərəkatı baş qaldıranda Qərb Rusiyanın parçalanmasına qarşı çıxdı. Mərhum Cövhər Dudayevin peyk vasitəsilə koordinatı ABŞ-dan verimədimi? Bu gün Krıma göndərilən rus əsgərlərinin vaxtilə azadlıq istəyən bir xalqı qurşuna düzməsinə Qərb göz yummadımı? O xalqın ki, onun azadlıq ideallarını sonradan elə Rusiyanın əlində alətə çevrilmiş hansısa radikal silahlı qruplaşmalar oğurladı...
İndi Rusiya parçalayır. Ukrayna artıq Avropanın birbaşa sərhədləridir. İndi Polşadan da, Baltik sahillərindən də, Mərkəzi və Qərbi Avropadan da "Rus ayısı"nın dişləri qorxunc görünür.
Avropa üçün təhlükəsizlik problemi yaranıb, ABŞ Krımı "kartof kisəsi" kimi qaytaran Rusiyanın günün birində Xruşşovdan əvvəl Hikolayın bağışladığı Alyaskanı istəyə biləcəyindən narahatdır. Krımın bəlkə də xəritədə harada olduğunu bilməyən maqadanlı, eskimos, çukça "tarixi ədalətin bərpasını" bayram edir. Təhlükə bu deyilmi?
Təhlükə o deyil ki, Dərbəndin qədim Azərbaycan şəhəri olduğunu tarixə adi ekskurs kimi dilə gətirək. Zəngəzurun, Göyçənin, İrəvanın Azərbaycanın tarixi torpaqları olduğunu aradabir xatırladaq. Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğunu dönə-dönə israr etməyimiz, hətta bunun üçün hərbi variantı belə istisna etməməyimiz də təhlükəli deyil.
Təhlükə odur ki, bütün bu istəklərin qarşısında Rusiya var! Elə Qarabağ məsələsində Ermənistanın və Rusiyanın maraqları ilə eyni sırada dayanan Qərb də var!
Bir gerçəyi unudurlar...Krımın işğalı Qarabağdan, Xocalıdan başladı. Sonra Cənubi Osetiya, Abxaziya, Dnestryanı, Sevastopol, sabah Allah bilir hara..?

TURQUT