İslam siyasi alətə çevrilib - İdil Osmani Siyasət

İslam siyasi alətə çevrilib - İdil Osmani

İslam artıq siyasi alətə çevrilib.

Trend-in məlumatına görə, bu barədə bu gün Qlobal Media və Kommunikasiya üzrə proqram direktoru İdil Osmani "İslamofobiya irqçiliyin və ayrı-seçkiliyin spesifik forması kimi: Yeni qlobal və transmilli çağırışlar" mövzusunda Bakıda keçirilən beynəlxalq konfransda çıxışı zamanı deyib.

“İslam artıq kifayət qədər praktiki siyasi alətə çevrilib. İslam tamamilə fərqli şəkildə qələmə verilir, sanki Qərbin dəyərlərini dağıdan alət kimi göstərilir. Müxtəlif qütbləşmə yaradılır. Müsəlmanların sosial təcridinin, kənarda qalmasının şahidi oluruq", - ekspert bildirib.

İ.Osmaninin sözlərinə görə, İslama və müsəlmanlara qarşı mənfi münasibətin qarşısı bir sıra yollarla alına bilər:

"Qeyri-müsəlman cəmiyyəti ilə əməkdaşlıq daha da genişləndirilməlidir. Müsəlmanlar daha çox Qərb mediasında fəaliyyət göstərməlidir. Sosial mediadan maksimum faydalanmalıyıq”, - deyə o əlavə edib.

Xatırladaq ki, martın 15-16-da Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM), Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) və G20 Dinlərarası Dialoq Forumu İslamofobiya ilə Beynəlxalq Mübarizə Gününə həsr olunan “İslamofobiya irqçiliyin və ayrı-seçkiliyin spesifik forması kimi: Yeni qlobal və transmilli çağırışlar” mövzusunda beynəlxalq konfrans keçirilir.

Konfransın əsas məqsədi beynəlxalq və milli səviyyədə müsəlmanları və əhalisi müsəlman olan ölkələri hədəf alan həyəcanverici tendensiyaları müzakirə etmək üçün akademik platforma yaratmaqdır. Konfransda 32 ölkədən alimlər, beynəlxalq təşkilatların ekspertləri, din xadimləri və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edir, islamofobiya ilə mübarizədə fərqli yanaşma, Avropanın bəzi ölkələrində islamofobiyanın təzahürləri, dünya mediasında islamofobiya mövzularında müzakirələr aparırlar.

Qeyd edək ki, 15 mart tarixinin İslamofobiya ilə Mübarizə Günü olması ilk dəfə 2020-ci il noyabrın 27-28-də İslam Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının Niger Respublikasının Niamey şəhərindəki toplantısında elan edilib. Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası 2022-ci ildə 15 mart tarixini İslamofobiya ilə Beynəlxalq Mübarizə Günü kimi qəbul edib.