“Bu döyüşlə illərlə yaradılımış “işğal status-kvosu“ adlı dondurmanın donu açıldı” Siyasət

“Bu döyüşlə illərlə yaradılımış “işğal status-kvosu“ adlı dondurmanın donu açıldı”

İlqar Altay: "Qoşunların təmas xəttindən müəyyən bir qism torpağı düşmən murdarlığından təmizləmək adi iş deyil"

Aprelin əvvəllərində erməni təxribatı nəticəsində cəbhədə yaranan gərgin vəziyyət və Azərbaycan Silahlı Qüvvələrinin həyata keçirdiyi uğurlu hərbi əməliyyat cəmiyyət arasında mövcud olan ruh yüksəkliyini bir qədər də artırdı və xalqın Ali Baş Komandan və Silahlı Qüvvələrə olan inamı daha da yüksəldi. Azərbaycan cəmiyyəti qətiyyətlə əmin oldu ki, Silahlı Qüvvələrimiz istənilən anda işğal altında olan ərazilərini azad etmək iqtidarındadır. Lakin təəssüflər olsun ki, Azərbaycanın hər bir uğurunu düşməncəsinə qısqanclıqla qarşılayan bəzi xarici dairələr və onların daxildəki əlaltıları Qarabağ kimi ümummilli məsələdə də erməni dəyirmanına su tökməyə üstünıük verdilər. Məlum qüvvələrin belə bir mövqe nümayiş etdirməsi istər-istəməz cəmiyyətin böyük əksəriyyəti tərəfindən kəskin etirazla qarşılandı. Siyasi mənsubiyyəti, cəmiyyətdəki yeri və rolu, ictimai fəallığından asılı olmayaraq mütləq əksəriyyət həmin qüvvələrə qarşı öz layiqli sözünü dedi və bu gün də antimilli qüvvələrə qarşı sərt mövqelər özünü göstərir.
İctimai Tədqiqatlar Mərkəzinin sədri İlqar Altay deyir ki, 2-5 aprel tarixlərində işğal altında olan ərazimizdəki erməni silahlı birləşmələrinə qarşı ordumuzun əks-həmləsinin əbəs və boşuna olması fikirləri yanlış olmaqla bərabər, həm də hamımız üçün ziyanlıdır. Onun sözlərinə görə, bu döyüşlə illərlə, Minsk qrupu da daxil olmaqla Rusiya, Birləşmiş Ştatlar, Avropa Birliyi tərəfindən yaradılımış "işğal status-kvosu" adlı dondurmanın donu açıldı: "Balaca iş deyil, qoşunların təmas xəttindən müəyyən bir qism torpağı düşmən murdarlığından təmizləmək. Arxalı köpəyi geri oturdub, arxasını da silkələyib ayıltmaq. 25 ildən bəri Azərbaycanımız üzərində qoyulmuş "erməni işğallı" oyun qaydalarını vurub dagıtmaq. İstənilən mübarizə və xüsusən, Vətən uğrunda mübarizədə, müharibədə dönüş nöqtəsinin, ugurun başlanğıcını əldə etmək qədər çətin bir şey yoxdur. Bunun üçün dünya tarixini vərəqləmək kifayətdir. 20 ildə 1 kv.m. torpaq belə ala bilməmişdik və almaq problemiz nəhayət ki, ölü nöqtədən tərpənib. Qarabağ bulağımızın önünə nağıldakı divin qoyduğu "qara daşı" yerindən tərpətmişik. Təbii, Ordumuz və Qəhrəman Şəhidlərimizin hesabına. Və bu hadisənin də hesabına Qarabağ münaqişəsi dünya nəzərində bizim üçün çox mühüm siyasi vacib olan yerini tutdu". İlqar Altay deyir ki, Azərbaycanın hiddət səsinin dünyaya çatdırılması və erməni işğalının əsl havadarının iç üzünün açılması ilə Qarabağ problemi Rusiyanın postsovet dövlətlərinə separatçılıq əsasında yaratdlğı Abxaziya və Cənubi Osetiya, Dnestryanı, Krım və Donbas problemləri sırasında birmənalı yerini tutub tanındı: "Artıq, Türkiyə lideri Ərdoğandan başlayaraq, bütün dünya liderləri Qarabağ problemi dedikdə, üzlərini ilk əvvəl İrəvana yox, Moskvaya, Kremlə yönəldirlər. Yoxsa 25 il idi dünyaya sübut edə bilmirdik ki, bizi bu "karlik" millətə, ermənilərə uduzduran Rusiyadır". Mərkəz rəhbəri əmin olduğunu bildirib ki, bu nöqtədən başlayaraq irəliləyiş və uğurlarımız çox olacaq: "Torpaqlarımız, işğalda olan ərazilərimiz düşmənlərdən təmizlənib, ərazi bütövlüyümüz təmin olunacaq. Azərbaycanımız möhkəm dövlət və xalq kimi dayanıqlı, bütöv bir varlığa çevriləcək. Ermənilər isə, bu siyasətdə, bu münaqişədə uduzduqlarını yaxşı görürlər. Əsaslı olaraq məyusdurlar və artıq havadarları Rusiyaya qarşı narazıdırlar. Çünki, himayədarlarından Qarabağı erməni dövləti kimi dünyaya tanıtdırmağı, ətraf işğal ərazilərini sonsuzluga qədər saxlamağı və azı, son hadisədə, 2008-ci ildə Gürcüstana edilən kimi, Azərbaycana da şimaldan həmlə etməsini gözləyirdilər. Bu olmadı, zaman və şərait imkan vermədi. Və özünü agıllı sayan bu millət, üzdən güclü-içdən isə çürümüş bir dəstəyin ümidinə qalmaq qədər ağılsız çıxdı. Ancaq, Azərbaycan bu münaqişədən böyük əziyyətlər hesabına da olsa, yüksək səbr, dözüm imkanlı qədər güclü çıxdı. Əlahəzrət zamanın yetişib onun haqqına arxa-dayaq ola bilməsi təmkini qədər müdrik çıxdı. Amma, burada bir məsələ var...
Gəlin, bu gün: "Niyə, bu qədər əbəs yerdən şəhid verdik?" deyə, elə bir tələsik təəssüf əhvalı yaşamayaq ki, sabah ugur və qələbələr zamanı vaxtilə səhv fikirlər etdiyimizdən xəcalət çəkək. Psixologiyada bir var, xəstə, yüksək yersiz şadyana, əhval, bu eyforiya adlanır. Amma bunun əksi, xəstə-aşağı, yersiz dilxorçuluq əhvalı da var ki, disforiya adlanır. İnsanda boş yerdən və hətta, ugurlu bir gedişatda yalançı disforiya məyusluğu yaradır. Gəlin, bu çətin dönüş anında, özümüzü tutarlı dövlət, müdrik xalq toplumu insanına layiq geniş və aydın düşüncəli aparaq. Zərərli disforik təəssürat və qərəzli kənar təsirlərdən aralanıb ölkəmiz, ərazi bütövlüyümüz ətrafında gedən hazırkı ilk böyük ümidverici dönüşlü prosesləri düzgün, savadlı, layiqli qiymətləndirək".