Rus deputat proqnoz verdi Siyasət

Rus deputat proqnoz verdi

"Putinin Bakıya səfəri zamanı Qarabağla bağlı müzakirələr olacaq"

"Vladimir Putinin Bakıya səfəri zamanı Azərbaycan və Rusiya prezidentləri arasında mütləq Qarabağla bağlı müzakirələr olacaq".
Bunu Milli Məclisin Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, Yeni Azərbaycan Partiyasından (YAP) seçilmiş deputat Mixail Zabelin Rusiya prezidenti Vladimir Putinin bu yaxınlarda Bakıya edəcəyi səfərə münasibət bildirərkən deyib.
Rus deputat qeyd edib ki, Azərbaycan və Rusiya prezidentlərinin görüşü zamanı indiyədək qaldırılan məsələlərin də yenidən müzakirə olunması nəzərdə tutulur: "Digər tərəfdən, Prezident İlham Əliyev qəti şəkildə mövqeyini bildirib ki, bundan sonra heç bir güzəşt ola bilməz. Çünki 23 ildir ki, Azərbaycan torpaqları işğal olunub. Azərbaycan indiyədək böyük güzəşt edib. Hazırda Dağlıq Qarabağ ətrafında olan rayonların erməni işğalından azad olunması məsələsi gündəmdədir. Heç kəs dana bilməz ki, Ermənistanın işğalı altında olan torpaqlar Azərbaycana məxsusdur və bu torpaqlarda ikinci erməni dövlətinin qurulması danışıqlar mövzusu ola bilməz. Baxmayaraq ki, Ermənistan tərəfi həmin rayonların azad olunması ilə bərabər Dağlıq Qarabağa da statusun verilməsi şərtini irəli sürür. Ancaq Azərbaycan tərəfi bu şərtlə əsla razılaşmır və haqlı olaraq da tələb edir ki, Azərbaycan torpaqları işğaldan tam azad olunsun və bundan sonra Dağlıq Qarabağa statusun verilməsi məsələsi gündəmə gələ bilər".
M.Zabelin həmçinin bildirib ki, Vladimir Putinin Bakıya səfəri zamanı İran, Rusiya və Azərbaycan prezidentləri arasında üçtərəfli görüş keçiriləcək: "Görüşdə Xəzəryanı dövlətlərin əməkdaşlığı, iqtisadi, ticarət və digər məsələlərlə bağlı müzakirələr aparılacaq. Görüşün proqramı hələ ki, tam bəlli olmasa da, ancaq sadalanan məsələlərin müzakirə olunması gözlənilir".