“ABŞ - Türkiyə arasında yaxınlaşmanın şahidi olacağıq” Siyasət

“ABŞ - Türkiyə arasında  yaxınlaşmanın şahidi olacağıq”

Zaur Məmmədov: "Vaşinqton Türkiyə - Rusiya arasında münasibətlərin partnyorluq səviyyəsinə çatdırılmasına imkan verməyəcək"

Oktyabrın 10-da Rusiya və Türkiyə qaz məsələsində müxtəlif aspektlər üzrə danışıqlarda ortaq məxrəcə gəliblər. İki dövlət arasında hökumətlərarası saziş imzalanıb. Bunu "Türk axını" layihəsinin əhəmiyyətindən danışan politoloq Zaur Məmmədov deyib.
O, qeyd edib ki, Türkiyə tərəfi qazın ölkəyə ixracında müəyyən güzəştlər əldə edib: "Əslində saziş Qara dənizinin dibi ilə Türk qaz axınının iki xəttinin çəkilməsini nəzərdə tutur. Bunlardan biri Türkiyə bazarına, o birisi isə, Avropaya nəql üçündür. Tikinti və digər məsələlərlə BOTAŞ və Qazprom məşğul olacaq".
Z.Məmmədov hesab edir ki, Türkiyə həm tranzit rolunu oynayaraq iqtisadi və siyasi dividentlər əldə edəcək, həm də idxalı şaxələndirərək mövqeyini daha da möhkəmləndirəcək.
Türk axınının Avropaya nəql olunmasına gəlincə isə, politoloq bildirib ki, hələlik bütün bunlar "sabahı bəlli olmayan" razılaşdırılmalardır: "Türk axınının Avropaya gedib-getməyəcəyi qərarını Avropa İttifaqı verəcək. Hələlik Aİ sazişin əleyhdarı kimi görünür. Siyasi proseslər çox dinamik olduğundan bir neçə müddət Türk axını "yiyəsiz" qalacaq".
İstanbuldakı enerji sammitindən danışan Z.Məmmədov vurğulayıb ki, iki ölkə arasında iqtisadi məsələlərdə yaxınlaşma göz qabağındadır: "İqtisadi əməkdaşlıq həm Rusiyaya, həm də Türkiyəyə çox vacibdir. Hətta belə deyərdim ki, bu iki dövlətdən birinin digərini iqtisadi partnyor kimi itirməsi hər iki dövlətin iqtisadiyyatının çökməsinə gətirib çıxara bilər. İqtisadi əməkdaşlıq siyasi yaxınlaşmanı da qaçılmaz edir".
Politoloqun fikrincə, Suriya məsələsində Türkiyə və Rusiya arasında əməkdaşlıq olmayacaq: "ABŞ və Türkiyə arasında İraq və Suriya məsələlərində anlaşmanın olduğunu istisna etmirəm. ABŞ-da prezident seçkilərindən sonra biz ABŞ - Türkiyə arasında yaxınlaşmanın şahidi olacağıq. Beləliklə, ABŞ Türkiyə - Rusiya arasında münasibətlərin partnyorluq səviyyəsinə çatdırılmasına imkan verməyəcək".


Əli