“Gürcüstanın NATO ilə yaxınlaşması ölkəmizin milli maraqlarına ziddir” Siyasət

“Gürcüstanın NATO ilə yaxınlaşması ölkəmizin milli maraqlarına  ziddir”

Zaur Məmmədov: "Çünki, Azərbaycan bölgədə bloksuz siyasətin tərəfdarıdır"

Üzeyir Cəfərov: "NATO ilə Rusiya arasında olan gərginlik artan xətt üzrə gedir"

NATO və Rusiya arasında gərginlik artan xətt üzrə davam edir. Yaxın Şərqdə qarşılaşan tərəflər digər bölgələrdə də sakit dayanmırlar. Artıq NATO qoşunlarını Rusiya sərhədinə qədər gətirib çıxardıb. Belə ki, NATO-ya daxil olan ölkələrin əsgərlərindən ibarət beynəlxalq batalyon Polşanın şimalında yerləşdirilib və həmin qoşunlar Poşa və Litva arasındakı strateji dəhliz adlanan yolun mühafizəsini təşkil edəcəklər. Rusiyanın isə buna hansı cavab verəcəyi maraqla gözlənilir.
Rusiya NATO arasındakı gərginliklə bağlı hərbi ekspert Üzeyir Cəfərov fikirlərini bölüşüb: "Rusiya nə qədər müqavimət göstərsə də NATO bildiyini edəcək. NATO Rusiyanın nazı ilə oynamağa hazırlaşmır. Əksinə, NATO ilə Rusiya arasında olan gərginlik artan xətt üzrə gedir. Bunun da əsas səbəbkarı şimal qonşumuzdur. Tərəflər arasında münasibət normal məcrada davam edirdi. Rusiya Ukraynada buraxdığı kobud səhvdən sonra etimadı və etibarını itirdi, qarşılığında da belə bir vəziyyət yaşandı. Baş verənlərə Rusiya nə qədər müqavimət göstərsə də, narahatçılığını bildirsə də, sonda NATO öz istəyinə nail olacaq. NATO-nun hazırlıqları boşuna deyil. Rusiya son zamanlar Ukrayna, Pribaltika ətrafına qoşunlar cəmləşdirir. NATO isə bunu cavabsız qoya bilməzdi. Düzdür, tərəflər arasında diplomatik müharibə gedir, ancaq ola bilsin yaxın zamanda söz müstəvisindən konkret addımlara keçsin. Hadisələrin inkişafı onu deməyə əsas verir ki, tərəflər arasında gərginliklər artan xətt üzrə davam etməkdədir. Bunun sonu yaxşı nəticələnməyəcək".
Tərəflər arasında baş verən gərginliyin sonunun nə ilə nəticələnəcəyi ilə bağlı hərbi ekspert bildirdi ki, prinsip etibarı ilə hər şey ola bilər: "Baş verənlərin böyük miqyaslı döyüşlərlə nəticələnə biləcəyini düşünmürəm. Ancaq hərarət artmaqda davam edir. Əvvəllər diplomatik fikirlər söylənilirdisə, artıq müəyyən addımlar atılır. Bu isə çox ağır nəticələrə gətirib çıxarda bilər".
Bu fikri politoloq Zaur Məmmədov isə deyib ki, Rusiyanın Avropada, Polşa ilə Litva arasında yerləşən Kalininqrada nüvə başlığı taxıla bilən "İsgəndər" raketlərini yerləşdirməsi Polşa və Baltikyanı ölkələri başda olmaqla NATO-nu ciddi narahat edib. Politoloq bildirib ki, "İsgəndər" raketləri Berlini də hədəf ala bilər, onların 740 km mənzili var. Bu məsafə Avropa dövlətlərinin paytaxtlarının vurulmasına imkan verir. Z.Məmmədov əlavə edib ki, Kanada, Almaniya, Niderland, Polşa, Türkiyə və ABŞ Qara dənizdə NATO-nun iştirakını möhkəmləndirmək üçün Rumıniyaya özlərinin quru, dəniz və hava qüvvələrini göndərməyə hazır olduqlarını bildiriblər: "Alyans 2017-ci ilin əvvəlində Şərqi Avropada dörd batalyonun tərkibində 17 ölkə ilə təmsil olunacaq: Albaniya, İtaliya, Polşa, Sloveniya hərbçiləri Latviyada Kanada kontingentinə, Danimarka və Fransa hərbçiləri Litvada Böyük Britaniya kontingentinə və nəhayət Rumıniya və Böyük Britaniya hərbçiləri Polşada ABŞ hərbi kontingentinə qoşulacaq".
Politoloqun fikrincə, NATO-nun Qara dəniz və Şərqi Avropada möhkəmləndirilməsi və Rusiyanın Kalininqradda raket sistemlərini yerləşdirməsi yenidən soyuq müharibə dövrünü xatırladır: "Demək olar ki, dünyanın hər bir nöqtəsində Rusiya - ABŞ qarşıdurmasının şahidiyik".
Gürcüstanın NATO-nun bu planına dəstək verməsinə gəlincə, politoloq bildirib ki, bu region üçün yaxşı heç nə vəd etmir.
Z. Məmmədovun sözlərinə görə, Gürcüstan kimi kiçik dövlət iki "güc" arasında seçimdə çox diqqətli olmalıdır: "Ümumiyyətlə, Gürcüstanın NATO ilə yaxınlaşması ölkəmizin milli maraqlarına ziddir. Çünki, Azərbaycan bölgədə bloksuz siyasətin tərəfdarıdır".

Əli