“Bu durumda Vaşinqtonun iki seçimi var...” Siyasət
Züriyyə Qarayeva: “Ya sülhü sabotaj etmək, ya da özünün diktə mezanizmlərini formalaşdırmaq”
“Cənubi Qafqazda maraq toqquşmasının pik həddə çatdığı, konfrontasiyaların müxtəlif istiqamətlərdə dərinləşdiyi vaxtda ABŞ Dövlət katibinin Azərbaycan prezidentinə zənginin təsadüfi zamanda seçilmədiyini deyə bilərik. Nəzərə almaq lazımdır ki, gərginliklərin mərkəzində Vaşinqtonun aktivləşməsi tendensiyası da dayanır”. Bu fikirləri “Xalq Cəbhəsi”nə açıqlmasında politoloq, siyasi elmlər üzrə fəlsəfə doktoru Züriyə Qarayeva deyib. Onun fikrincə, daha çox sülh perspektivlərinin müzakirə edildiyi, Blinkenin dilindən yeni reallıqların dəstəkləndiyi telefon danışığında Zəngəzur dəhlizi məsələsinin də yer aldığı mütləqdir: “Müvafiq yöndə son dönəmdə fikir ayrılıqlarının dərinləşməsi ABŞ-ın bütövlükdə regionda aktivləşməsini labüd edən faktorlardan biridir. Yeni dünya düzənində kommunikasiyalar üzərində nəzarət imkanlarının əldə edilməsi qlobal dominantlığa da yol açacaq üstünlük olduğundan bu şəbəkənin genişlənməsi səyləri də əhəmiyyətsiz deyil. Rusiya-Ukrayna münaqişəsinin eskalasiya həddində olduğu vaxtda ənənəvi tranzit yollara alternativ şəbəkələr axtarışı qlobal güclərin xüsusilə diqqət mərkəzindədir. Bu baxımdan daha çox önəm daşıyan Orta Yolun əsas qovşağını məhz Zəngəzur dəhlizi təşkil edir ki, Vaşinqton ciddi cəhdlə belə bir rentabelli layihədə Moskvanın ağırlığını qəbul etmir və onu oyundankənar vəziyyət salmaq üçün bütün səyləri ortaya qoyur”.
Politoloq ABŞ-ın aktivləşməsini təsadüfi hesab etmir: “Ermənistanın silahlandırılması da, Sünikdə hərbi təlimlərin keçirilməsi də, təlimlər bitərkən hərbi resursları müvafiq bölgədə buraxması da eyni planın tərkib hissəsi kimi dəyərləndirilə bilər. Bu baxımdan Blinkenin telefon zəngində sülh danışıqlarını qabartması sülh gündəliyində özünün manipulyasiya imkanlarını yaratmaq istəyindən irəli gəlir. ABŞ da, digər güclər də çox yaxşı anlayır ki, sülh olacaqsa, kommunikasiya da mütləq razılaşdırılacaq. Bu razılaşma isə üçtərəfli bəyanat çərçivəsində həllini tapacağına görə, Rusiyanın prosesdə ağırlıq qazanması labüddür”.
Z.Qarayeva bu durumda Vaşinqtonun iki seçiminin olduğunu vurğulayıb: “Bu durumda Vaşinqtonun iki seçimi var: ya sülhü sabotaj etmək və öz diktəsindən kənar kommunikasiya əlaqələrinə əngəl törətmək, ya da özünün diktə mezanizmlərini formalaşdırmaq. Birinci variant üçün bütün səyləri müharibə öncəki və sonrakı dövrdə sınaqdan keçirdilər. Sülh prosesi yekunlaşmasa da işğalçılığın və separatizmin qarşısı alındığına görə həmin versiyanın işə yaramadığını gördülər. İkinci variant üçün isə hələ də ümidlər mövcud olsa da, Bakı bütün mərhələlərdə müstəqil olduğunu, milli-təhlükəsizlik maraqlarından bir addım belə kənarlaşmadığını ortaya qoymağı bacardı”.
Politoloq həmçinin əlavə edib ki, ABŞ-ın son dövrdə regionda daha da aktivləşməsi hansı nəticəni verməsindən aslı olmayaraq, Azərbaycanı müstəqil xarici siyasətindən yayındıra bilməyəcəyi birmənalıdır”.
Röya İsrafilova