Separatçının “sülh tədbiri” Siyasət

Separatçının “sülh tədbiri”

Azərbaycanı parçalamaq istəyən separatçı hansı sülhdən danışa bilər?

Cavid

Separatçı Əlikram Hümbətov fevralın 19-da Avropa Parlamentində ATƏT-in Minsk qrupunun ləğv edilməsi üçün təşəbbüs qaldırıb və Azərbaycandakı azsaylı xalqların təmsilçisi olduğunu iddia edən Milli Talış Hərəkatının iştirakı ilə "Minsk qrupuna alternativlər axtarışı: Cənubi Qafqazda sülh quruculuğu" mövzusunda tədbir keçirəcək.
Tədbirin Azərbaycandakı və ya xaricdəki diaspora təşkilatları ilə deyil, məhz Ermənistanı su yoluna döndərmiş bir separatçı ilə keçirilməsi olduqca təəccüblüdür. Ələkrəm Hümbətovun və digər deparatçıların dəvət olunduğu konfransın təşkilatçıları Avropa Parlamentinin bir neçə deputatıdır. Nə Avropa Şurasının, nə AŞ Katibliyinin, nə də ATƏT-in bu konfransa heç bir aidiyyəti yoxdur.
Məsələyə münasibət bildirən millət vəkili Fazil Mustafa hesab edir ki, təşəbbüsə Avropanın niyyətləri kimi baxmaq lazımdır. F.Mustafanın sözlərinə görə, Qərbdə elə qruplar var ki, Azərbaycanda separatizmi dəstəkləyirlər. Azərbaycanın bu tip proseslərin qarşısında öz fəaliyyətini ortaya qoymasının vacib olduğunu deyən millət vəkili qeyd etdi ki, Avropadan Azərbaycana qarşı bu cür addımlar tez-tez olacaq: "Onlara dəstək verən qüvvələr də tapılacaq. Azərbaycan həm dövlət, həm də ictimai resurslarını işə salmalıdır. Belə məsələlərdə qabaqlayıcı addımlar atılmalıdır. Çünki bizim düşmən və bədxahlarımız yerlərində sakit dayanmayacaqlar. Həmin qüvvələr həmişə Azərbaycanla bağlı problemlər yaratmağa maraqlı olacaqlar. Biz problemlərimizi özümüz həll etməyi və qabaqlamağı bacarmalıyıq ki, başqaları bundan sui-istifadə edə bilməsinlər".
Fazil Mustafa hesab edir ki, seperatçı Əlikram Hümbətovun Avropa Parlamentilə keçirdiyi tədbiri ciddi hesab etmək olmaz. Millət vəkili bildirdi ki, Azərbaycan onun üçün cərəyan edən proseslərə ciddi kontekstdən yanaşmalıdır: "Çünki ortada ürəkbulandırma məsələsindən söhbət gedir. Bu heç də Azərbaycanın faydasına deyil".
Bu məsələyə Azəri-Talış Birliyindən də etiraz edilib. Azəri - Talış İctimai birliyinin sədri Mehdibəy Səfərov deyib ki, Avropa Parlamentində fevralın 19-da keçiriləcək tədbir Dağlıq Qarabağla bağlıdırsa, ora azsaylı xalqların nümayəndəsinin dəvət olunması başadüşülən deyil. O bildirib ki, Dağlıq Qarabağ ərazi konflikti olduğundan müzakirələrə azsaylı xalqların qatılmasının rolu sual doğurur: "Dağlıq Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana təcavüzünün bariz nümunəsidir. Ona görə də həqiqətən tədbir Qarabağ probleminə həsr olunubsa, orda azsaylı xalqların iştirakını məqbul saymıram və bu təxribat xarakterli bir addımdır. Belə olarsa, mən orda xoş məram və niyyət olmadığını bəyan edirəm".
M.Səfərov onu da bildirib ki, özü şəxsən həmin tədbirə dəvət olunmayıb və bu haqda məlumatları yalnız mətbuatdan oxuyub. O vurğulayıb ki, əgər sözügedən konfrans sırf azsaylı xalqlarla bağlıdırsa, o zaman separatçılıqdan danışmaq düzgün deyil: "Onda deyə bilərəm ki, heç bir separatçılıqdan söhbət gedə bilməz. Kimsə orda Azərbaycanda yaranan tolerantlıq haqqında söz açacaqsa, bunun nəyi bölücülükdür?"
Çünki bu prosesi xaricdəki Azərbaycan diaspor təşkilatları ilə də təşkil etmək mümkün idi. Hadisələrin gedişatından belə başa düşülür ki, Avropa Parlamenti bu işi separatçılarla reallaşdırmağı daha üstün bilib. Və ortada ciddi bir təxribatın olması da istisna deyil.
Bəs Avropadakı Azərbaycan diasporu nə düşünür? Hollandiyada mühacirət həyatı yaşayan və Azərbaycan diasporunun nümayəndələrindən olan Eldəniz Yusibov bildirib ki, onlar Avropa Parlamentində keçiriləcək tədbirə qatılmaq və ya onun keçirilməsinə mane olacaq hər hansı bir addım atmaq niyyətində deyillər: "Səbəb isə ötən il Avropa Parlamentində Azərbaycandakı ləzgi siyasi məhbuslarla bağlı keçirilən tədbirdən sonra başlarına gələn işlərdir. Həmin vaxt biz Avropa Parlamentinə sərt etiraz etməklə yanaşı, həm də tədbirin keçirilməsinə imkan vermədik. Lakin bunun ardından bizə qarşı kampaniya başlatdı. Bu azmış kimi, özünü müxalifətin "fədaisi" kimi təqdim edən Xədicə İsmayıl bizi "mağara təfəkkürlü adamlar" kimi təqdim etməyə başladı. Qoy, bu il bizi tənqid edən bu iki tərəf əziyyət çəkib Əlikram Hümbətovun fəaliyyətinin qarşısını almağa çalışsınlar".
O bildirib ki, burada işin ən pis tərəfi odur ki, tədbir Azərbaycandakı və ya xaricdəki diaspora təşkilatları ilə deyil, məhz separatçı Əlikram Hümbətovla keçiriləcək. O deyib ki, ötən ildən fərqli olaraq, bu prosesi önləmək üçün tədbirə qatılmayacaqlar. Çünki ötən il onlar Avropa Parlamentində ləzgi siyasi məhbuslarla bağlı müzakirələrə etiraz etdikdən sonra həm müxalifət, həm də hakimiyyət tərəfindən sərt tənqid olunub.
Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin rəhbəri, Milli Məclisin Beynəlxalq Əlaqələr Komitəsinin sədri Səməd Seyidovun sözlərinə görə, Avropa Parlamentinin "ERR" siyasi qrupundan olan bəzi deputatların "Talış milli hərəkatı və tanınmayan xalqlar və dövlətlər ittifaqı" adlı bədnam qrupu dəstəkləməsi ilk dəfə deyil baş verir. Bu isə separatçıları təxribatlara sövq etməkdən başqa bir şey deyil.
Qeyd edək ki, bundan əvvəl İran mətbuatı sözügedən konfransın təşkilatçısının məhz Avropa Şurası olması barədə informasiya yaymışdı. Səməd Seyidov isə bunu təsadüfi addım saymır və əvvəlcədən hazırlanmış informasiya diversiyası adlandırır: "Avropa Şurası Nazirlər Komitəsində sədrlik hüququ bir neçə aydan sonra Azərbaycana keçəcək. AŞ-Azərbaycan münasibətləri münbit və konstruktiv məcrada inkişaf etməkdədir. Görünür, bəzi xarici qüvvələr məhz buna mane olmaq istəyirlər. Yoxsa Avropa Parlamentinin bir qrup deputatının təşəbbüsünün AŞ Katibliyinin və baş katib Turbörn Yaqlandın adına çıxılmasını başqa cür necə izah etmək olar?"
Qeyd edək ki, Avropa Şurasının baş katibi qondarma "Talış-Muğan Respublikası"nın "prezidenti", bədnam separatçı Ələkrəm Hümbətova dəvət göndərib. Bu barədə İranın "İRİB" agentliyinin talış redaksiyasına istinadən erməni qaynaqları xəbər yayıb.
Xəbərdə bildirilir ki, Avropa Şurasının baş katibi Ələkrəm Hümbətovu fevralın 19-da Brüsseldə keçiriləcək "Cənubi Qafqazda sülh və birgəmövcudluq" mövzusunda foruma qatılmağa dəvət edir. Forum Avropa Şurasının təşəbbüsü ilə keçirilir. Xəbərə görə, Avropa Şurası regionun münaqişəyə cəlb olunmuş ölkələrinin rəhbərlərinə də bu foruma dəvət göndərib.
Hazırda Hollandiyada yaşayan, Azərbaycan vətəndaşlığından məhrum edilmiş Hümbətova dəvətin hansı statusda göndərildiyi məlum deyil.
Xatırladaq ki, Ə.Hümbətov ötən ilin oktyabrında Ermənistan və işğal altındakı Dağlıq Qarabağa da səfər etmişdi. O, İrəvan Dövlət Universitetində Azərbaycanda "talışların hüquqlarının pozulduğu" barədə məruzə söyləmişdi. Talış separatçısının bu səfəri Azərbaycanda ona qarşı sərt qınaq dalğasına səbəb olmuşdu.
İndi isə Avropa Şurasının baş katibinin Ə.Hümbətovu Cənubi Qafqazda sülh və münaqişələr barədə təşkil etdiyi konfransa dəvət etməsi kifayət qədər ciddi suallar meydana çıxarır. Axı Azərbaycanda talışlarla bağlı münaqişə və ya münaqişə ocağı mövcud deyil. Süni şəkildə şişirdilmiş talış separatçılığı 90-cı illərin əvvəllərində Ə.Hümbətovun avantürasından uzağa gedə bilməyib və xarici dairələrin vaxtaşırı olaraq bu məsələni qızışdırmaq cəhdləri istisna olunmaqla ölkədə talış probleminin mövcud olduğunu heç kim iddia edə bilməz. O zaman Avropa Şurasından Hümbətova göndərilmiş dəvət təxribat və Azərbaycana qarşı etnik separatçılıq kartından istifadənin növbəti cəhdi deyil ki?
Belə görünür ki, rəsmi Bakı Avropa Şurasından bu dəvətlə bağlı ciddi şəkildə izahat tələb etməlidir.
Ekspert Hail Cəlilin fikrincə isə Əlikram Hümbətov bu planı sifarişlə həyata keçirir: "Bu onun ideyası deyil. Fikir verirsizsə, bu üzdəniraq separatçı həmin tədbirdə yalnız öz həmkarlarını başına toplayacaq. Məkanın isə Avropa Parlamentinin binası seçilməsi tədbirin "möhtəşəm"liyindən xəbərin verilməsidir. Amma bütün hallarda separatçı nə Avropada, nə də elə vətənsevər talışlar arasında hörmət sahibi deyil. Ona görə də onun iştirak və yaxud da təşkil etdiyi tədbirin heç bir dəyəri yoxdur. Bu insan separatçıdır və Cənubi Qafqazda hansı sülh qurucuduğundan danışı bilər ki?! Azərbaycanı bölmək, parçalamaq, milli münaqişə yaratmaq istəyən və sonda da planlarını həyata keçirə bilməyib xaricə qaçan, ermənilərlə qol-boyun olan bir insandan yaxşı nə gözləyə bilərik?"