“Bu görüş Azərbaycanın ərazi bütövlüyünü bərpa etməyə yaxınlaşmasına...” Siyasət

“Bu görüş Azərbaycanın ərazi bütövlüyünü bərpa etməyə yaxınlaşmasına...”

Peter Teys: "Avropa və Qərbi Asiyada sülh və stabilliyi təmin etməsinə yardımçı ola bilər"

Aydın Hüseynov: "Bu, regionda sabitliyin və iqtisadi əməkdaşlığın yeni bir mərhələsinin başlanğıcı deməkdir"

Noyabrın 1-də Tehranda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin üçtərəfli Zirvə görüşü keçirilib. Ekspertlər hesab edirlər ki, Bakı-Tbilisi-Qars dəmir yolunun açılışından sonraya təsadüf edən bu görüşün iqtisadi və siyasi əhəmiyyəti çox böyükdür.
Xatırladaq ki, prezidentlər İlham Əliyev, Vladimir Putin və Həsən Ruhaninin ilk üçtərəfli görüşü 2016-cı il avqustun 8-də Azərbaycanda keçirilib.
ABŞ-dan olan siyasi ekspert Peter Teys deyib ki, bu görüş Azərbaycan Prezidentinin Ermənistanın insanlığa qarşı cinayətini ifşa etmək üçün yaxşı imkandır. O qeyd edib ki, digər tərəfdən bu görüş Azərbaycan ərazilərinin və ekosisteminin erməni işğalçıları tərəfindən dağıdılması, işğalçı qoşunların Azərbaycan ərazilərindən çıxarılması ilə bağlı müraciət etmək üçün imkan yaradır. Ekspert vurğulayıb ki, üçtərəfli görüş həmçinin Azərbaycanın geosiyasətə böyük təsiri olan iki qonşusu ilə dialoqlar aparması baxımından da əhəmiyyətlidir: "Bundan başqa, Tehran sammiti İpək Yolunun mərkəzində inkişaf etmiş dövlət olan Azərbaycanın iqtisadi inkişafını təqdim etməsi üçün də faydalıdır". P. Tase sonda deyib ki, Rusiya Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün əsas faktordur: "Ona görə də bu görüş Azərbaycanın ərazi bütövlüyünü bərpa etməyə yaxınlaşmasına, Avropa və Qərbi Asiyada sülh və stabilliyi təmin etməsinə yardımçı ola bilər".
Deputatı Aydın Hüseynov vurğulayıb ki, Azərbaycan, Rusiya və İran prezidentlərinin Tehranda keçirilən üçtərəfli görüşü birinci növbədə regionda sabitliyin, ikinci növbədə isə iqtisadi əməkdaşlığın yeni bir mərhələsinin başlanğıcı deməkdir. Deputat bildirib ki, birinci üçtərəfli görüşdən sonra Azərbaycanın İranla və Rusiya ilə ticarət dövriyyəsi xeyli artıb: "Bu dəfəki görüşdə imzalanan iqtisadi müqavilələrdən sonra ticarət dövriyyəsi və ümumilkdə iqtisadi əlaqələr daha da genişlənəcək". A.Hüseynov vurğulayıb ki, Rusiya və İran prezidentləri də bu əməkdaşlığa böyük dəyər verdiyini bildirdi: "Bu da onu göstərir ki, iki ölkə arasında Azərbaycan quru sərhəd olaraq mühüm rol oynayır və ölkəmiz bu əməkdaşlqdan xeyli bəhrələnəcək, regionda geosiyasi mövqeyi daha da güclənəcək". Deputat daha sonra görüşdə müzakirə olunan digər məsələlərə toxunaraq bildirib ki, üçtərəfli formatın iqtisadi əhəmiyyəti daha böyükdür: "Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin formalaşdırılması istiqamətində görülən işlər, qarşıda duran vəzifələr, bu marşrutların yaratdığı geniş imkanlar, regionun iqtisadi inkişafında oynayacağı rol və digər bu kimi məzələlər müzakirə olundu". A.Hüseynov vurğulayıb ki, transmilli nəqliyyat layihələrinin müzakirəsi zamanı yeni fəaliyyətə başlamış Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin perspektivi də nəzərdən keçirilib, onun yüksək potensialı və perspektivi vurğulanıb, BTQ də daxil olmaqla hər bir iştirakçı dövlətin maraqları çərçivəsində Şərqlə Qərbi birləşdirən bütün marşrutlardan istifadə olunması imkanları bəyənilib.
Millət vəkili Hikmət Babaoğlu hesab edir ki, belə üçtərəfli formatda görüşlərin keçirilməsi mühüm əhəmiyyət daşıyır: "Diplomatiyada üçtərəfli format kimi qiymətləndirilən yeni format ideyası Azərbaycana məxsusdur və Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli formatından sonra Azərbaycan-Rusiya-İran formatı ikinci belə əməkdaşlıq və tərəfdaşlıq formatıdr. Bu format çərçivəsində İranda baş tutan zirvə görüşü də Bakı zirvəsindən sonra ikinci belə görüş idi. Artıq biz bilirik ki, tərəflərin razılığına əsasən, üçüncü belə görüş Rusiya Federasiyası prezidentinin təşəbbüsü ilə gələn il Rusiyada baş tutacaq. Tərəflər arasında belə görüşləri vacib edən çoxsaylı səbəblər var: Bunlardan birincisi, bu tipli görüşlərdə hər üç ölkənin milli maraqlarına uyğun olan məsələlərin müzakirə və eyni zamanda koordinasiya edilməsidir ki, bu da olduqca vacib məqamdır. İkincisi, hazırda beynəlxalq münasibətlər sistemində baş verən mürəkkəb siyasi-iqtisadi proseslər regionumuza ciddi şəkildə təsir göstərir. Belə təsirlərdən qorunmağın ən səmərəli yolu yalnız birgə fəaliyyət nəticəsində mümkündür. Çünki indiki şəraitdə bir ölkənin qlobal təsirlərdən və təhdidlərdən təkbaşına qorunması olduqca çətindir".
O bildirib ki, görüşdə müzakirə edilən məsələlər tərəflərə böyük dividentlər vəd edir: "Diqqət etsək görərik ki, üç ölkənin prezidentlərinin görüşlərində qarşılıqlı inteqrasiya, yeni nəqliyyat dəhlizinin yaradılması, Xəzər akvatoriyasında təhlükəsizlik, regionun enerji təhlükəsizliyi və s. məsələlərlə yanaşı, bütövlükdə regional təhlükəsizlik məsələləri də müzakirə predmeti olub. Bundan başqa görüşdə çoxsaylı iqtisadi, nəqliyyat, kommunikasiya, ticarət, terrorizmlə mübarizə, Xəzər dənizində narkotik malların daşınmasının qarşısının alınması, hər üç ölkənin enerji xətlərinin birləşdirilməsi və paralel fəaliyyəti kimi olduqca mühüm məsələlər müzakirə edildi ki, bütün bunlar tərəflərə böyük iqtisadi və siyasi dividentlər vəd edir".
H.Babaoğlunun fikrincə, Azərbaycan üçün isə ən önəmli məsələlərdən biri, yaxud elə ən birincisi görüşdə Qarabağ probleminin həlli ilə bağlı fikir mübadiləsinin aparılması və ən əsası, bu məsələnin yekun bəyənnamədə öz əksini tapmasıdır: "Bəyanatda deyilir ki, Dağlıq Qarabağ probleminin həll edilməmiş qalması regional inteqrasiyaya maneədir. Bundan daha vacib isə odur ki, bəyanatda həmçinin, problemin bu günə qədər qəbul edilmiş qərarlar əsasında həll edilməsi də vurğulanır. Bu olduqca əhəmiyyətli detaldır. Çünki qərar deyəndə ilk növbədə BMT Təhlükəzilik Şurasının problemin həlli ilə bağlı qəbul etdiyi qətnamələr nəzərdə tutulur. Orada isə erməni işğalçı qoşunlarının Azərbaycan ərazisindən çıxarılmasını nəzərdə tutulur".
Siyasi şərhçi Azər Həsrət deyib ki, ümumiyyətlə Rusiya və İran Azərbaycanın böyük qonşularıdır: "Azərbaycan Prezidenti də öz çıxışında qeyd etdiyi kimi Rusiya və İranla ortaq sərhədi olan yeganə ölkə Azərbaycandır. Yəni Cənubi Qafqazın yeganə ölkəsi, eləcə də Orta Asiya regionunda belə Rusiya ilə İranın arasında sərhədi olan ölkə məhz Azərbaycandır". Onun sözlərinə görə, Rusiya ilə İranın bir-birinə bağlanmasında, onlar arasında ümumi siyasi məsələlərin həll edilməsində Azərbaycanın rolu danılmazdır: "Üstəlik də burada Azərbaycan Prezidentinin şəxsi xarizması, ölkə Prezidentinin şəxsi siyasi çəkisi və dünya səviyyəsində onun qəbul edilməsi öz rolunu oynayır. Bu baxımdan düşünürəm ki, İran və Rusiya prezidentlərinin məhz Azərbaycan Prezidentinin də iştirak ilə bir araya gəlməsi iqtisadi məsələlərlə bərabər, həm də siyasi məsələlərin müzakirə edilməsi baxımından çox önəmlidir. Yəni burada artıq Azərbaycanın önəminin bir daha təsdiqlənməsi və vurğulanmasından danışa bilərik. Xüsusən də Rusiya və İrana qarşı Qərbin artan təzyiqləri qarşısında Azərbaycana bir növ ümid yeri kimi baxıldığını da qeyd edə bilərik. Yəni Rusiya kimi nəhəng bir dövlət, İran kimi kifayət qədər güclü bir dövlət Qərblə münasibətlərdə hardasa Azərbaycanı və onun Prezidentini özləri üçün vasitəçi və problemləri həll edə biləcək bir lider kimi görürlər.
Bax, bu bizim ölkəmizin və onun liderinin siyasi çəkisinin bir daha təsdiq olunmasıdır. Mənə elə gəlir ki, bu görüşdən sonra artıq Qərb ölkələri bir daha əmin olacaq ki, Cənubi Qafqazda və bütövlükdə bizim coğrafiyamızda söz sahibi olan lider məhz İlham Əliyevdir. Düşünürəm ki, cənab Prezidentin bütün davranışları, atdığı addımlar, xüsusən də qonşularla sıfır siyasət yürütməsi, eyni zamanda Qərblə münasibətlərdə də balanslı siyasət yürütməsi bütün bunları deməyə əsas verir. Yəni Azərbaycan bir daha özünün siyasi gücünü göstərmiş oldu, onun lideri Prezident İlham Əliyev bir daha özünün siyasi çəkisini sübut etmiş oldu. Artıq Qərb ölkələri bundan öz hesablarını götürməlidirlər".
Politoloq Zərdüşt Əlizadə diqqətə çatdırıb ki, Azərbaycan, İran və Rusiya prezidentlərinin noyabrın 1-də Tehranda keçirilən ikinci üçtərəfli görüşünü çox mühüm və faydalı görüş kimi qiymətləndirmək mümkündür. Onun sözlərinə görə, görüşün faydası odur ki, Şimal-Cənub dəmiryolunun işə salınması barədə qəti qərar qəbul olundu: "Bu istiqamətdə işlər davam etdirilir. Bu Azərbaycana, İrana və Rusiyaya xeyli gəlir gətirəcək. Ümumiyyətlə, bu, Avropadan Hindistana ən yaxın və ən qısa yol ola bilər. İkincisi, görüşün mühüm əhəmiyyəti İranla Rusiya arasında atom enerjisi, energetika və digər sahələrdə əməkdaşlıq, neft-qaz sahələrinin birgə işlənilməsi, nəhayət, Suriya məsələsində ortaq məxrəcə gəlinməsidir. Bunlar hamısı mühüm məsələlərdir. Azərbaycan regional dövlətdir. Regionda baş verən hadisələrin bizə də dəxli var. Üstəlik, digər iki ölkə kimi biz də bu əməkdaşlıqdan öz mənfəətimizi götürürük".
İran-Rusiya-Azərbaycan üçtərəfli əməkdaşlıq formatının əhəmiyyətinə toxunan Z.Əlizadə Azərbaycanın iki qüdrətli qonşusu ilə ortaq məxrəcə gəldiyini, ortaq mənafelərə uyğun olan məsələləri müzakirə etdiyini vurğulayıb: "Bu format Azərbaycanın dövlət kimi əhəmiyyətini göstərir. Göstərir ki, biz vəzni olan dövlətik".

Əli