“Avrasiya İttifaqını SSRİ-nin bərpası istiqamətində atılmış addım kimi dəyərləndirmək yanlış olardı” Siyasət

“Avrasiya İttifaqını SSRİ-nin bərpası istiqamətində atılmış addım kimi dəyərləndirmək yanlış olardı”

Teyyub Qənioğlu:"Bu İttifaqa sonradan bəzi keçmiş SSRİ respublikalarının qoşulması da onun iqtisadi mahiyyətini dəyişməyəcək"

Bütöv Azərbaycan Xalq Cəbhəsi Pariyasının Ali Məclisinin sədri Teyyub Qənioğlunun partiyanın mətbuat xidmətinə müsahibəsini təqdim edirik.

-Teyyub bəy, mayın 29-da Astanada Rusiya, Qazaxstan və Belarus prezidentləri Avrasiya İqtisadi İttifaqının təsis olunmasına dair saziş imzaladılar. Sizcə bu sazişi SSRİ-nin bərpası prosesinin başlanğıcı hesab etmək olarmı?

-Əvvəlcə Avrasiya İqtisadi İttifaqının yaradılması ideyasının meydana gəlməsinin səbəbinə toxunmaq lazımdır. Aydındır ki, bu İtifaqın yaradılması ideyasının meydana gəlməsinin başlıca səbəbi MDB-nin fəaliyyətinin Rusiyanın imperiya siyasətinə uyğun gəlməməsi, MDB-nin Rusiyanın istədiyi funksiyanı yerinə yetirməməsi ilə bağlıdır. Rusiya çoxdandır keçmiş SSRİ-nin ərazisində ona bənzər bir qrumun yaradılmasına çalışırdı. Ancaq elə Rusiyanın özünün yeritdiyi imperiya siyasəti, "böyük qardaş" funksiyasından imtina etmək istəməməsi, nəhayət onun özünün keçmiş ittifaq respublikalarına, xüsusilə də Azərbaycana, Gürcüstana, Moldaviyaya və nəhayət Ukraynaya qarşı həyata keçirdiyi, yumşaq desək, xoşagəlməz siyasət, onların ərazilərinin işğalı, Pribaltika respublikalarının NATO-ya üzvlüyü SSRİ-nin əvvəlki sərhədlər çərçivəsində bərpasını mümkünsüz etmişdi. Avrasiya İqtisadi İttifaqının bir iqtisadi qrum kimi yaradılmasının məqsədəuyğunluğu barədə Qazaxıstan prezidenti Nursultan Nazarbayevin fikirlərini də unutmaq olmaz. Bildiyiniz kimi, məhz Nursultan Nazarbayevin təkidi ilə Rusiyanın təklif etdiyi "Avrasiya İttifaqı"nın adına "İqtisadi" sözü əlavə olunmuş və bu qrumun siyasi xarakter daşımadığı fikri irəli sürülmüşdü. İmzalanan saziş Avrasiya İqtisadi İttifaqını təsis edən 3 dövlətin ərazisində kapital, əmtəə, xidmət və işçi qüvvəsinin sərbəst hərəkətini nəzərdə tutur. Bu sazişdə vahid valyuta, vətəndaşlıq məsələləri, ortaq xarici siyasətin həyata keçiriləcəyi kimi İttifaq dövlətinə xas olan müddəalar öz əksini tapmayıb. Nəzərə almaq lazımdır ki, Avrasiya İqtisadi İttifaqına qoşulan tərəflərin hərəsinin öz maraqları var: Rusiya müxtəlif şirnikləndirici təkliflər irəli sürərək, təhdid və şantaj yolu ilə keçmiş müttəfiq respublikaları öz təsir dairəsində saxlamağa cəhd etdiyi halda, təbii sərvətləri məhdud, zəif inkişaf etmiş sənayeyə malik olan Belarus Rusiyanın ucuz enerji mənbələrinə və Rusiya bazarına maneəsiz çıxış imkanə əldə etməyə, Qazaxstan isə özünü Rusiyanın təhriki ilə etnik münaqişələrdən qorumağa, suverenliyini daha da möhkəmləndirmək üçün vaxt qazanmağa çalışır. Nə Belarus, nə də Qazaxıstan öz suverenliyindən, siyasi müstəqilliyindən əl çəkmək fikrində deyil. Ona görə də, hesab edirəm ki, Rusiyanın istəyindən asılı olmayaraq 3 dövlətin iştirakı ilə Avrasiya İqtisadi İttifaqının yaradılmasını SSRİ-nin bərpası istiqamətində atılmış addım kimi dəyərləndirmək yanlış olardı. Bu İttifaqa sonradan bəzi keçmiş SSRİ respublikalarının qoşulması da onun iqtisadi mahiyyətini dəyişməyəcək. Fikrimcə, bu İttifaqa bundan sonra yalnız Ermənistan, Qırğızıstan və ola bilsin Tacikstan qoşula bilər. Digər keçmiş müttəfiq respublikaların Avrasiya İqtisadi İttifaqına qoşulması ağlabatan görünmür.

-Gözlənildiyinin əksinə olaraq mayın 29-da Ermənistanın Avrasiya İqtisadi İttifaqına qəbulu baş tutmadı və təxirə salındı. Sizcə, Ermənistan bu İttifaqa qəbul olunacaqmı və bu baş verərsə Azərbaycanın münasibəti necə olacaq?

-Əvvəla, onu deyim ki, Ermənistanın Avrasiya İqtisadi İttifaqına qəbuluna Azərbaycanın münasibəti prezident İlham Əliyevin Avrasiya İttifaqını təsis edən ölkələrin prezidentlərinə göndərdiyi məktubda öz əksini tapıb. İlham Əliyev öz məktubunda qeyd edib ki, Ermənistan bu İttifaqa, ancaq indiki sərhədləri çərçivəsində daxil ola bilər. Təsisçi dövlət başçılarının, xüsusilə də, Nursultan Nazarbayevin İlham Əliyevin göndərdiyi məktubda əks olunan mövqeyi dəstəkləməsi Azərbaycanın mövqeyinin möhkəmləndiyinin, Ermənistanın isə oyuncaq bir dövlət olduğunun sübutu kimi dəyərləndirilə bilər. Ermənistanın Avrasiya İqtisadi İttifaqına qəbulunun təxirə salınması həm də, Azərbaycanın Ermənistanın harada olmasını müəyyən edəcək qədər gücləndiyi anlamına gəlir. Ermənistan çıxılmaz vəziyyətə düşüb-nə indiki sərhədlər çərçivəsində Avrasiya İqtisadi İttifaqına qəbul oluna bilir, nə də irəli sürülən şərtlər daxilində bu İttifaqa qoşulmaq istəyir. Hər iki halda Ermənistanda siyasi proseslərin gərginləşəcəyi qaçılmazdır. Ancaq fikrimcə, Ermənistan bir dövlət kimi müstəqil qərar qəbul etmək imkanını çoxdan itirib və indiki sərhədlər daxilində Avrasiya İqtisadi İttifaqına daxil olmağa məhkumdur. Bunun üçün lazım gələrsə Rusiya Ermənistanda hakimiyyət dəyişikliyini də həyata keçirəcək.

-Sizcə Azərbaycan nə vaxtsa Avrasiya İqtisadi İttifaqına qoşula bilərmi?

-Hazırda Azərbaycanın Avrasiya İqtisadi İttifaqına qoşulmaq planı yoxdur və ümid edək ki, Azərbaycan buna ehtiyac da duymayacaq. Ancaq son iki yüz ildə Rusiyanın Azərbaycanın taleyində oynadığı rolu da unutmaq olmaz. Rusiyanın Azərbaycana, onun suverenliyinə isti olmayan münasibəti bəllidir və yaxın gələcəkdə müsbətə doğru dəyişəcəyi də gözlənilmir. Rusiyanın Azərbaycana qarşı münasibətinin kəskinləşəcəyi halda ABŞ-nın və Qərb ölkələrinin Azərbaycanın suverenliyini dəstəkləyəcəyi inandırıcı görünmür. Biz Rusiyanın Gürcüstana və Ukraynaya təcavüzünə ABŞ-nı və Qərb ölkələrinin münasibətinin şahidi olduq. Düzdür, ABŞ-nı və Qərb ölkələrinin bəzi rəsmiləri dəfələrlə Azərbaycanın suverenliyini dəstəklədiklərini və bunun qarantı olduqlarını dilə gətiriblər. Biz onların Azərbaycanın enerji layihələrinə dəstəyini və bununla da dövlətimizin suverenliyinin möhkəmlənməsinə yardımçı olduqlarını unutmamışıq. Amma eyni zamanda, bunu Azərbaycanın mənafelərindən daha çox öz mənafelərinə görə etdiklərinə də əminik. Və əminik ki, Rusiya Azərbaycana qarşı hər hansı xoşagəlməz hərəkət edərsə, nə ABŞ, nə də digər Qərb ölkələri bizə görə Rusiya ilə münasibətləri korlamayacaqlar. Ona görə də, hesab edirik ki, Rusiyanın Dağlığ Qarabağ probleminin sülh yolu ilə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsinə yardımçı olacağı və ölkəmizin ərazi bütövlüyünə təminat verəcəyi təqdirdə Azərbaycan özünün suverenliyinə təhdid etməyən müəyyən şərtlər daxilində Avrasiya İqtisadi İttifaqına qoşula bilər. Ancaq eyni zamanda, hesab edirik ki, Dağlıq Qarabağ probleminin başqa dövlətlərin müdaxiləsi olmadan ölkəmizin ərazi bütövlüyü çərçivəsində hərb yolu ilə həll edilməsi üçün Azərbaycanın kifayət qədər potensial imkanları var. Bu imkanların reallaşdırılması isə ölkəmizin hərb siyasətindən və daim dəyişən dünyada baş verəcək hadisələrdən vaxtında yaralanmaq bacarığından asılı olacaqdır. Bu halda Azərbaycanın Avrasiya İqtisadi İttifaqına qoşulması üçün heç bir səbəb qalmayacaq.