“Müharibə tək səngərlərdə getmir” Siyasət

“Müharibə tək səngərlərdə getmir”

"Bu il Dağlıq Qarabağ münaqişəsi həll edilməsə də 2017-ci il münaqişənin tənzimlənməsi prosesi ilə bağlı müsbət bir hal kimi yadda qaldı. Çünki müharibə tək səngərlərdə getmir, bu diplomatik səviyyədə, QHT səviyyəsində gedən müharibədir". Bu fikirləri politoloq Arzu Nağıyev deyib. Politoloq qeyd edib ki, bu il ermənilərin yenidən danışıqlar masasına qayıtması və Azərbaycanın diqtə edən tərəf kimi çıxış etməsi mühüm hadisə kimi dəyərləndirilməlidir. Gələn il münaqişənin tənzimlənməsi ilə bağlı baş verə biləcək yeniliklərə gəlincə, politoloq deyib ki, yanvar ayından başlayaraq danışıqlar prosesinə start veriləcək: "Bu danışıqlar Azərbaycanın təklifləri əsasında reallaşmalıdır, yəni işğalçı ərazilərdən çıxarılmalı, eyni zamanda Azərbaycanın suverenliyinə hörmətlə yanaşılmalıdır". A.Nağıyev qeyd edib ki, Azərbaycan istər Kazan protokolları, istərsə də Sankt-Peterburq və Vyana görüşlərinə uyğun olaraq öz təkliflərini irəli sürür.
Politoloq vurğulayıb ki, gələn il həm Ermənistan, həm də Rusiyada prezident seçkiləri keçiriləcək: "Fikrimcə, Rusiya çalışacaq ki, inhisarında olan dövlətlərdə böyük problemlər yaşanmasın. Çünki bu gün hər hansı proses gedərsə, elektorat başqa istiqamətə yönələ bilər. Digər tərəfdən Ermənistan çalışacaq ki, ictimai-siyasi vəziyyəti stabilləşsin, həmçinin münaqişə həllini tapmasın".
A.Nağıyev sonda bildirib ki, gələn il Azərbaycanda da prezident seçkiləri keçiriləcək və Azərbaycan beynəlxalq hüquq normalarına riayət edilməklə münaqişənin həll edilməsinə çalışacaq: "İnkar etmək olmaz ki, məsələnin hərbi yolla həlli də gündəmdədir".