
Müasir dövrdə (1991-ci ildən günümüzədək artıq 35 il vaxt keçib) Azərbaycan tarixçilərinin qarşısında xalqın təhrif olunmuş tarixinin yeni mənbələr üzərindən daha dərindən öyrənilməsi, təhlil olunması və yazılması kimi mühüm bir vəzifə durur. Çünki keçmişdə yazılanları dərindən araşdırmadan, təhlil etmədən müasir tariximizin doğru-düzgün yazılması çətin olar.
Məqalə hazılanarkən 23 ay fəaliyyət göstərən Azərbaycan Xalq Cümhuriyyəti (AXC) dövründə (1918-1920-ci illər) Azərbaycan tarixinin öyrənilməsi və yazılması sahəsində görülən tədbirlərdən də bəhs olunmasını doğru olacağı düşünülür.
Cümhuriyyət dövründə ümumTürk tarixi kontekstində Azərbaycan tarixinin sistemli öyrənilməsinə ciddi cəhdlərin olduğunu o dövrün materialları üzərindən aparılan təhlillər də təsdiq edir. Ona görə də məqalə hazırlanarkən problemə varislik və fərqli bucağ altından baxılması nəzərdə tutulduğuna görə, Cümhuriyyət dövründə Azərbaycan tarixinə, ümumiyyətlə ümumTürk tarixinə olan münasibətlərə də nəzər yetirilməsi vacibdir. Çünki müstəqil Azərbaycan Respublikası Cümhuriyyətin varisi sayılır. Ona görtə də AXC dövründə tariximizin öyrənilməsi ilə bağlı aparılan tədqiqatlar müasir tarixşünaslıq üçün olduqca əhəmiyyət daşıyır.
Sovet dövründə isə AXC-lə bağlı hər şey inkar olunurdu.
Məqalədə probelemin təhlili üç mərhələ üzrə aparılsa da, varislik və fərqli yanaşma baxımından daha çox sovet və müstəqillik dövrü tarixşünaslığına üstünlük verilib.
Birinci mərhələ. AXC-nin təhsil sahəsində həyata keçirdiyi ilk tədbirlərdən biri Hökumətin 1918-ci il 27 iyun tarixli qərarı ilə Azərbaycan (türk) dilinin dövlət dili elan edilməsi oldu. Azərbaycan Hökuməti ilk günlərdən başlayaraq milli kadrların hazırlanmasına, orta, texniki və ali təhsil müəssisələrindəki tədrisin yenidən qurulmasına xüsusi əhəmiyyət verirdi.
Fətəli Xan Xoyskinin rəhbərlik etdiyi Hökumətin (28 may 1918 – 14 aprel 1919) 1-3-cü kabinələrində Xalq Maarif Naziri (XMN) Nəsib bəy Yusifbəyli, Nəsib bəy Yusifbəylinin təşkil etdiyi 4-cü Hökumət kabinəsində (14 aprel 1919 – 22 dekabr 1919) bu vəzifəyə Rəşid bəy Qaplanov, 5-ci Hökumət kabinəsində (24 dekabr 1919 – 30 mart 1920) isə əvvəlcə Həmid bəy Şahtaxtinski, sonra isə Nurməmməd bəy Şahsuvarov təyin olunmuşdur.
AXC Hökumətinin 1918-ci il 28 avqust tarixli qərarına əsasən, bütün ibtidai tədris müəssisələrində təhsil şagirdlərin ana dilində aparılmalı, dövlət dili olan Azərbaycan (Türk-V.Ş.) dilinin tədrisi məcburi surətdə həyata keçirilməli, ibtidai, orta və ali tədris müəssisələrində isə dərslər dövlət dilində (yəni Azərbaycan (Türk) dilində -V.Ş.) aparılmalı idi.
1919-cu il dekabr ayının 2-də “Məktəblərin milliləşdirilməsi ilə bağlı orta məktəblərdə bəzi fənlərin həcmi və xüsusiyyətlərinin dəyişdirilməsi haqqında” XMN Rəşid bəy Qaplanovun orta məktəb direktorlarına göndərdiyi məktubda məktəblərdə Rusiya tarixi ayrıca fənn kimi keçilməsinin ləğv edildiyi, onun yerinə Türk tarixi fənni tədris olunacağı göstərilirdi. Rusiya tarixi ümumi tarix fənninin tərkibinə daxil edilirdi və orta məktəblərdə həmin fənnin mövzusu kimi tədris olunmalı idi.
Coğrafiya, ümumi tarixi və Türk tarixi ilə əlaqədar orta məktəblər üçün hazırlanmış yeni tədris proqramına görə 2-ci sinifdə 2 saat, 3-cü sinifdə 1 saat olmaqla Türk tarixinin epizodik kursu tətbiq edilməli idi.
Hazırlanmış “Türk xalqları tarixinin sistematik kursunun proqramı” dördüncü dərəcəli kurslar üçün nəzərdə tutulmuşdur. “Proqram”da Makedoniyalı İsgəndərin monarxiyasının süqutudan VI əsrə qədər olan dövrdən, Şərqdə müsəlman siyasi sisteminin parçalanmasına qədərki hadisələri özündə əks etdirən mövzular yer almışdır. Burada əsas üstünlük Şərq tarixinə verilmişdir. “Proqram”da Səfəvilər sülaləsinin meydana gəlməsi, Şah İsmayı, Şah Təhmasib, Şah Abbas, İranın və Əfqanıstanın qısa tarixi, o cümlədən əfqanların Azərbaycan ərazisinin bir hissəsini ələ keçirmələri, Nadir şah və onun yürüşləri, onun ölümündən sonra ixtişaşlar dövrü, Qacarlar sülaləsinin başlanması kimi mövzular öz əksini tapmışdır.
Ümumiyyətlə, 1919-cu ildə Türk xalqlarının tarixi kursları üzrə izahat vərəqəsinin və proqramının hazırlanmasını həm Türk xalqları tarixinin, həm də Azərbaycan tarixinin öyrənilməsi baxımından müsbət dəyərləndirilməlidir. Burada təkrar da olsa, bir məqam xüsusi olaraq vurğulanmalıdır ki, bəhs olunan illərdə Azərbaycan tarixi ümumTürk tarixi konteksdində öyrənilməsi və tədris olunması qarşıya məqsəd kimi qoyulmuşdur.
1919-cu ildə Bakı Dövlət Universitetinun (BDU) yaradılması ilə əlaqədar Azərbaycan Parlamentinin qəbul etdiyi Qanunda Universitetin nəzdində açılması nəzərdə tutulan 4 fakültədən birinin tarix-filologiya (Şərq şöbəsi də daxil olmaqla) fakültəsinin olması və bu hadisəni gələcəkdə Türk xalqları tarixinin və Azərbaycan tarixinin dərindən öyrənilməsi baxımından da dəyərləndirilməlidir.
Beləliklə, Türk xalqları tarixinin sistematik kursuna izahat vərəqəsinin və Türk xalqları tarixinin sistematik kursunun dördüncü dərəcəli kursları üçün yazılmış Proqramının hazırlanması, eləcə də BDU-nun nəzdində “tarix-filologiya fakültəsi”nin fəaliyyət göstərməsi 1919-1920-ci illərdə orta, texniki və ali tədris müəssisələrində “Türk xalqlarının tarixi”nin vahid və sistemli proqram çərçivəsində tədris olunmasına başlandığını deməyə imkan verir.
1920-ci il yanvar ayının 19-da BDU-nun nəzdində fəaliyyətə başlayan “Müsəlman şərqini öyrənən cəmiyyət”in (bundan sonrakı səhifələrdə qısaca “Cəmiyyət” yazılacaq) ilk yığıncağında İ.Belyayevin XV əsr Osmanlı tarixçisi İbn-Bibinin salnaməsinə əsasən hazırladığı Kiçik Asiya səlcuqlarının saray həyatı haqqında məruzəsi dinlənilmişdir. Nəbioğlunun “Bakıda Xan sarayının vəziyyəti” ilə əlaqədar hazırladığı məruzədə isə sarayın müxtəlif fotoşəkilləri və rəsmləri nümayiş etdirilmişdir. Məruzə və müzakirələrdən sonra cəmiyyətin sədri prof. Zimin, sədr müavini İ.Belyayev, katibi, müəllim Seydiyev, xəzinədarı isə Sübhanverdixanov seçilmişdir.
“Cəmiyyət”in əsas məqsədlərində biri də müsəlmanların yaşadığı ölkələrin, əsasən də Azərbaycanın və ona yaxın bölgələrin arxeoloji, lingivistik, tarixi və mədəni baxımdan öyrənilməsinə kömək etmək olmuşdur. Məsələn, yanvarın 19-da keçirilmiş yığıncaqda “Cəmiyyət”in İslam dininə etiqad edən xalqların məskunlaşdığı ölkələrin, əsasən də Azərbaycanın və ona yaxın olan bölgələrin, habelə müsəlman mədəniyyətinin inkişafına bu və ya digər təsiri olmuş tarixi-mədəni amillərin hərtərəfli öyrənilməsinə töhfə vermək məqsədi daşıdığı göstərilmişdi. Həmin yığıncaqda yuxarıda qeyd olunan məqsədlərə çatmaq üçün “Cəmiyyət”ə üzv olan şəxslərə eyni istiqamətdə ciddi çalışmaları, yığıncaqların keçirilməsi, məruzələrin hazırlanması, öz əsərlərini çap etdirməsi və elmi ekspedisiyaların təşkil olunması tövsiyə olunmuşdur.
“Cəmiyyət”in sonuncu yığıncaqlarının birində, Xalq Maarif Nazirliyi tərəfindən “Cəmiyyət”i öz himayəsinə götürməyi və bu ilin elmi işləri üçün 102.650 rubl məbləğində xüsusi kreditin ayrılması xahişi ilə müraciət olunması qərarı qəbul etmişdir.
Həmin yığıncaqda, eyni zamanda araşdırılması nəzərdə tutulan aşağıdakı elmi işlər təklif olunmuşdur: 1) Tiflis şəhərində ərəb, fars və türk dilində tarixi əlyazmalara baxılması, Azərbaycana və müsəlman Şərqinə aid olan materiallarla tanışlıq; 2) Arxeoloji baxımdan Zaqatala rayonunun tədqiq edilməsi və yerli kurqanların çəkiliş planları və s.; 3) Yevlax stansiyasından 40 verst aralı, qədim Albaniyanın paytaxtı, indiki Bərdə kəndinin tədqiqi; 4) Quba qəzasında fəaliyyət: Toxtamış xanın 1388-ci ildə pul kəsdirdiyi Şabran şəhərinin axtarışı; X əsrə aid hesab olunan Müşkir rayonu xarabalıqlarının tədqiqi və Quba ləhcəsinin öyrənilməsi üçün materialların toplanması; 5) Gəncə şəhərində tədqiqatlar: “Leyli və Məcnun” və digər poemaların müəllifi, XII əsr şairi Şeyx Nizaminin məzar abidəsinin araşdırılması; Şah Abbas dövrünün abidəsinin (yaşıl məscid) öyrənilməsi; Çingiz xan və Qara Göz haqqında rəvayətlərin toplanması; 6) Bakı şəhəri ətrafında olan aşağıdakı tarixi abidələrin (çəkiliş planları, kitabələr, ornamentlər və s.) - Xilə (Suraxanı) məscidi, Bülbülədəki İmamzadənin qəbri, Mərdəkanda gözətçi qülləsi və qədim əşyalarının araşdırılması.
Beləliklə, “Müsəlman şərqini öyrənən cəmiyyət”in fəaliyyətinin qısa təhlili sübut edir ki, həqiqətən də “Cəmiyyət“ Şərqin, o cümlədən Azərbaycan tarixinin, arxeologiyasının, mədəniyyətinin və lingivistikasının öyrənilməsində ciddi cəhdlər göstərmişdir.
Cümhuriyyət dövründə Hökumətin rəsmi mətbuat orqanı olan “Azərbaycan” qəzetinin (rus variantı) səhifələrində Azərbaycan və Şərq xalqlarının, xüsusi ilə Türk xalqlarının tarixi ilə əlaqədar maraqlı məqalələr çap olunmuşdur. Həmin məqalələrdən Şəfi bəy Rüstəmbəyovun “Azərbaycan Respublikasının yaranma tarixi”, S.M.Mixaylovun “Türk xalqlarının tarixi oçerkləri”, İ.Seqalın “Azərbaycan Respublikasının meydana gəlmə tarixi”, A.Şepotevin “Azərbaycan: onun keçmişi və bu günü ilə”, Adil xan Ziyadxanın “Azərbaycanın siyasi, ədəbi və tarixi oçerkləri”, L.Ziminin “Şərq məsələsi: keçmişdə və indi”, M.Ə.Rəsulzadənin “İran və Azərbaycan” adı ilə çap olunmuş məqalələrini misal göstərmək olar.
Bir müddət AXC Hökumətində xarici işlər nazirinin birinci müavini vəzifəsində çalışmış, bəzi hallarda nazir vəzifəsini icra etmiş, daha sonra Guzey Azərbaycanın İran Qacarlar dövlətində ilk səfiri kimi fəaliyyət göstərmiş Adil xan Ziyadxan “Azərbaycanın siyasi, ədəbi və tarixi oçerkləri” adlı məqaləsinin “Ön söz” hissəsində yazırdı ki, bu ağır dönəmdə hər bir vətəndaş bir damla da olsa öz xalqına xeyir gətirməyə çalışmalıdır.
Beləliklə, “Azərbaycan” qəzetinin səhifələrində çap olunan tarixi materialların təhlili bir daha sübut edir ki, bəhs olunan illərdə ümumTürk tarixi kontekstində Azərbaycan tarixinin öyrənilməsinə cəhdlər olmuşdur.
İkinci mərhələ. Azərbaycan tarixşünaslığına yeni baxışın (marksist baxışın) formalaşması bolşevik-rus işğalından sonra qurulan Azərbaycan SSR dövründə (1920-1990-cı illər) baş vermişdi. Bu dövrdə tarixi hadisələrin təhrif edilmədən obyektivlik, tarixçilik və s. prinsiplərdən çıxış edərək yazılması, eləcə də Cümhuriyyət dövründə başlanan işin davam etdirilməsi olduqca çətin idi. Bu çətinliyi doğuran əsas səbəblərdən biri sovet sisteminin sərt ideoloji qayda-qanunlarının mövcud olması ilə bağlı idi.
Sovet sisteminin tarixşünaslığı 70 il Cümhuriyyəti, onun 23 ay fəaliyyət göstərdiyi müddətdə sosial-iqtisadi, mədəni və siyasi sahələrdə həyata keçirmiş olduğu tarixi hadisələri, eləcə də Azərbaycanın qədim, orta, yeni və ən yeni dövr tarixini təhrif etməyə, yaddaşlardan silməyə çalışmışdır.
Məlumdur ki, Marksın tarixi materialist nəzəriyyəsinə əsaslanan formasion sistem sovet tarix elminin yazılmasında əsas etalon hesab olunurdu. Sovet cəmiyyətinin sonrakı mərhələlərində tarixi əsərlərin yazılmasında yalnız bir nəzəriyyənin - marksist nəzəriyyənin mövqeyi tam və qəti olaraq möhkəmlənmişdir. Digər tərəfdən, sovet ideoloji sisteminin tələbləri fonunda güclü senzura yaradılmışdı və yazılan bütün əsərlər, xüsusilə tarixi əsərlər həmin senzuranın süzgəcindən keçməli idi. Əlbəttə, belə olan təqdirdə, baş vermiş tarixi hadisələrin düzgün və heç bir təhrifə yol vermədən yazılması nəinki çətin idi, ümumiyyətlə mümkün deyildi.
Sovet dövrü tarixşünaslığının çatışmayan tərəfi onda idi ki, o, sosializm cəmiyyətinin ideologiyasına xidmət etmiş, yazılan tarixi əsərlər çox vaxt real tarixi həqiqətlərdən uzaq olmuşdur. Sovet tarixçilərinin yazdıqları “akademik” nəşrlər adlandırılsa da, həqiqi və real tarixi əks etdirməmiş, çox vaxt tarixi hadisələr birtərəfli təsvir edilmiş, əsl tarix isə sosializm ideologiyasına qurban verilmişdir.
Sovet dövründə tarixi əsərlərin bir çoxu həqiqi və real tarixi əks etdirmədiyinə görə həmin əsərlərə, ancaq həmin dövrün “akademik” nəşrləri demək olar. Məhz sosializm sisteminin süqutundan sonra yaranan yeni ictimai-iqtisadi münasibətlər həmin “akademik” nəşrlərin bir hissəsinə yenidən baxılmasını zəruri etmişdir.
Sovet və Rusiya Federasiyasında tanınmış filosof, tədqiqatçı alim V.A.Çudinov “Alternativ tarixşünaslıq...” adlı əsərində sovet dövrü tarixçilərini tənqid edərək yazırdı ki, vaxtı ilə burjuaziyanın elmini yalaçı adlandıran qəhrəmanlar indi aydın olur ki, özləri yalançı alim imişlər. Müəllif, ön söz səhifəsində bir sıra rus tarixçilərinin “Qərbi Avropada yaradılan tarixşünaslığı”n mövqeyindən çıxış etməsini də mənfi qarşılayır və həmin tarixşünaslığın “nə qədər qanunauyğun olduğu sual doğurduğunu” da vurğulayırdı.
“Məktəb və universitetdə” onu “tərbiyyə edən və öyrədən Sovet tarixşünaslığının yalan” olduğunu qeyd edən müəllif yazırdı: “... bu yalançı əsərlər nədənsə elmi hesab edilir, heç kim onları tarixə əsassız yanaşmalarına görə günahlandırmağa təşəbbüs etmir. Başqa sözlə, akademik tarixçilərə tarixə əsassız yanaşmasına icazə olar, başqalarına isə olmaz”.(Чудинов В.A. Альтернативная историография. М.:Традиция, 2013, 520 с. s. 61).
Sovet dövründə nəşr olunan Ümumittifaq Kommunist Partiyası (bolşeviklər) Partiyası (qısaldılmış forması-ÜİK(b)P) tarixinin qısa kursu uzun müddət sovet tarix elminin etalonu olmuş və bütün partiya-komsomol ideoloju təhsilinin mərkəzində durmuşdu. Hətta, sovet dövrünün müəllifləri bu kitabı “marksizmin ensiklopediyası” adlandırmışdılar. Bu dövrdə tarix elmi partiya rəhbərliyinin fikirlərinin xidmətçisinə çevrilmişdi. Əgər tarixçi öz peşəsindən məhrum olmaq istəmirdisə (həm də azadlığından, yaxud həyatından), onda o, sonuncu instansiyanın həqiqətləri kimi “Qısa kurs”un yalançı nəzəriyyəsini təqdir etməli idi.
Sovet siyasi ideologiyasının təsiri və birbaşa diqtəsi ilə formalaşan Azərbaycan tarixşünaslığı da uzun illər elmi obyektivlikdən uzaq olmuş, xalqımızın tarixini saxtalaşdırmaq, birtərəfli qiymətləndirmək zəmnində köklənmiş və bu istiqamətdə fəaliyyət göstərmişdir. Azərbaycan tarixini az-çox düzgün işıqlandırmağa çalışan xarici sovetoloqların və azərbaycanşünas alimlərin əsərlərinə də bu movqedən yanaşıldığından, uzun illər onlara qarşı sərt inkarçılıq mövqeyi tutulmuş, nəticədə bu alimlər sovet elmi-nəzəri fikrinə tariximizin saxtalaşdırıcıları kimi daxil edilmişdilər.
Sovet dövrünün tarixçiləri sosializm sisteminin tarixini yaratmaqla məşğul idilər. Çünki dünyanın böyük bir hissəsində, özündən əvvəlki quruluşdan tamamilə fərqli bir quruluş yaranmışdır. Süngü üzərində hakimiyyətə gələn bolşeviklər öz hakimiyyətlərini qoruyub saxlamaq üçün iki ildən çox vətəndaş müharibəsi aparmış, yüz minlərlə dinc insanı amansızcasına qətlə yetirmişdir. Bu quruluşun sosial, iqtisadi, siyasi, tarixi və mədəniyyəti “başlanğıcdan” qurulduğuna görə, onun tarixi də “başlanğıcdan” yazılmalı idi. Başqa cür ola da bilməzdi. Əgər, hər hansı bir dövlət öz tarixini yaratmasa, onda onun varlığı sual altında qala bilər. Lakin yaradılan tarix real həqiqətləri təhrif etməməli və obyektivliyə üstünlük verməlidir. Sovet cəmiyyətində isə, bir çox hallarda, bunların tamamilə əksi baş vermişdir.
Əgər sovet dönəmində hakimiyytdə olmuş birinci şəxslərin tarix elminə yanaşmalarına diqqət etsək, onda görərək ki, İ.V.Stalin diktaturası rejimi illərində (1924-1953-cü illər) sovet tarix elmi “direktiv göstərişlərin” təzyiqi altında və Marks-Engels-Lenin-Stalin “elmi”nin ciddi çərçivəsi ilə məhdudlaşdırılmışdı. N.S.Xruşovun hakimiyyəti dövründə isə (1953-1964-cü illər) şəxsiyyətə pərəstiş tədricən aradan qalxmış, minlərlə insan sürgündən, həbsxanalardan qayıtmış, vaxtilə repressiyaya məruz qalmış günahsız insanlara bəraət verilmişdir. Bu dövrdə, həm də tarixi hadisələrə “obyektiv” qiymət verilməsinə cəhdlər göstərilmişdi. Lakin bu “obyektivlik” bəhs olunan problemə marksist-leninist yanaşmanı dəyişdirməmişdir. Sovet tarix elminin həddindən artıq ideologiyalaşdırlması səbəbindən, hətta N.Xruşovun hakimiyyəti dövründə “mülayimləşmə” də tarixi hadisələrin təhrif olunmasının qarşısını ala bilməmişdir.
Marksizm-leninizm konsepsiyası SSRİ tərkibinə daxil olan xalqlara öz tarixlərini geniş və hərətəfli yazmağa da imkan vermirdi. Əgər buna cəhd olunsaydı, onda ən yuxarı səviyyədə, yəni Sovet İattifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi (qısaldılmış forması-Sov.İKP MK) tərəfindən sərt tənqid və təzyiqlə qarşılanırdı. Buna misal olaraq, 1959-cu il iyulun 1-də Sov.İKP MK Rəyasət Heyətinin iclasının stenoqrafik hesabatına diqqət etmək kifayətdir. Bu iclasda Azərbaycanın partiya təşkilati işinin yoxlanılmasının nəticələri müzakirə olunan zaman, başqa sahələr olduğu kimi, Azərbaycan dili (1956-cı ilin avqustunda Azərbaycan KP MK-nın birinci katibi İmam Mustafayev (1954-1959) və Respublikanın Ali Soveti Rəyasət Heyətinin sədri Mirzə İbrahimovun (1954-1958) təşəbbüsü ilə Respublikada Azərbaycan dilinin dövlət dili kimi tətbiq edilməsi haqqında qərar qəbul edilmişdir) və tarixi ilə bağlı (1958-ci ildə “Azərbaycan kommunist partiyasının tarixi” adlı kitabın birinci hissəsi, həmçinin üç cildlik “Azərbaycan tarixi”nin birinci cildi çap olunmuşdur) ciddi tənqidi fikirlər səsləndirilmişdi.
Məsələn, tənqidi fikirlərdən biri ondan ibarət idi ki, guya, N.Nərimanovun fəaliyyəti həddindən artıq şişirdilir. İkincisi, guya S.Şaumyanın fəaliyyəti ikinci planda, Azərbaycan millətindən olan nümayəndələr isə birinci sırada göstərilir və s.
Sov.İKP MK Rəyasət Heyətinin yuxarıda qeyd olunan iclasından sonra, o vaxtlar Azərbaycan KP MK-nın birinci katibi olmuş İmam Mustafayev vəzifəsindən çıxarılmış, onun yerinə Vəli Axundov (1959-1969) təyin edilmişdir.
Yuxarıda qeyd olunduğu kimi, Sovet tarix elminin əsasını tarixi materializm təşkil etmişdir. Bununla bağlı Zəki Vəlidi Toğan yazırdı ki, “bu nəzəriyyənin tərəfdarlarının fikrincə dünyanı idarə edən qüvvət ilahi və təbiət üstü deyildir. Əksinə, dünya maddi təbiət qanunlarına tabedir. Tarix elmi, ancaq bu maddi təbiət qanunların insan cəmiyyətinin təkamülündə müəssər olmaları keyfiyyətini öyrənə bilirsə elmi ola bilər”.(Toğan Z.V. Tarihte usul. (3-cü baskı). İstanbul: Enderim kitabevi, 1981, 378 s. S.137)
Heç kimə sirr deyildir ki, Sovet hakimiyyətinin mövcud olduğu dövrdə elmin bütün sahələri, o cümlədən tarix elmi də dövlətin direktiv göstərişlərinin təzyiqi altında olmuşdur. XX əsrin sonlarından başlayaraq “totalitarizm konsepsiyası fonunda SSRİ-də tarix elmi gah ideologiyanın qulu, gah da totalitar rejimin qurbanı kimi təsvir olunurdu”.(Тихонов В.В. Советская историческая наука в новейших отечественных исследованиях: новые подходы и перспективы. cliohvit.ru/view_post.php?id=74. S.74)
Lakin etiraf olunmalıdır ki, o dövrdə sovet sistemində yaşayaraq onun ideoloji tələblərinə əməl etməmək və ya tarixi hadisələrə münasibətdə tərəfsiz qalaraq yazmaq çox çətin idi. Digər tərəfdən, sovet tarix elmində tarixşünaslıq prinsiplərinin – obyektivlik, tarixçilik, dəyərlilik və başqa bu kimi prinsiplərin pozulmasını ideoloji sistemin sərt qayda-qanunları ilə əlaqələndirmək lazımdır. Bu dövrdə tarixi əsərlər yazılarkən partiya prinsipləri (Kommunist Partiyası nəzərdə tutulur) də nəzərə alınması vacib şərtlərdən idi.
Sovet tarixçilərinin araşdırılan problemə yanaşması Marksist-Leninist metodologiyaya əsaslanaraq hazırlanmış sovet ideoloji sisteminin çərçivəsi ilə məhdudlaşdırılmışdır. Bu çərçivədən kənara çıxan tarixçi alimlərin böyük bir qrupu 1930-cu illərin sonlarında repressiyaya məruz qalmış, həbsxanaya, sürgünlərə göndərilmiş və ya xarici ölkələrə mühacirətə getməyə məcbur olmuşdular. Başqa ictimai elmlər kimi tarix elmi də 70 il sovet ideologiyasının xidmətində olmuşdur.
Bununla belə, bəzi hallarda real tarixi hadisələri təhrif etmələrinə rəğmən, Azərbaycan sovet tarixçiləri rejimin sərt qayda-qanunları şəraitində ən qədim, qədim, orta əsrlər, yeni və ən yeni dövr tariximizi, bəzi hallarda, təhrif etmədən yazmağa çalışmışdılar.
XX yüzilin 20-ci illərinin ikinci yarısından başlayaraq Azərbaycan sovet tarixşünaslığının elm cəhətdən formalaşmağa başladığını demək mümkündür. Bununla bağlı bəzi faktlara müraciətin olunması yuxarıda deyilənlərin sübutu kimi dəyərləndirmək olar. Məsələn, 1923-cü ildə Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyəti (Azərbaycanı tədqiq və öyrənən cəmiyyət) təşkil olundu. Bu cəmiyyətin fəaliyyəti ilə əlaqədar olaraq Azərbaycan Respublikası Dövlət Arxivinin 389-cu fondunda qiymətli sənədlər saxlanılmaqdadır.
Azərbaycanda 1929-cu ildə yaradılan Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutu (qısaldılmış forması-ADETİ) respublikada Azərbaycan tarixinə dair tədqiqatların aparılmasında və yazılı mənbələrin nəşr olunmasında mühüm rol oynamağa başladı. ADETİ, bir müddətdən sonra SSRİ EA Zaqafqaziya filialının Azərbaycan şöbəsinə, 30-cu illərin ortalarında isə SSRİ Elmlər Akademiyasının Azərbaycan filialına çevrildi. Həmin filialın nəzdində Tarix, Arxeologiya və Etnoqrafiya İnstitutu, həmçinin arxeologiya və etnoqrafiya bölməsi yaradıldı. Lakin burada Azərbaycan tarixinin XX yüzilin əvvəllərini əhatə edən dövrünün tədqiqi zamanı diqqəti daha çox marksizm-leninizm klassiklərinin əsərlərinin nəşrinə və XX yüzilin iki onilliyində baş verən fəhlə çıxışlarının öyrənilməsinə yönəldilmişdi.
1938-ci il noyabr ayının 16-da AKP MK-nın “Azərbaycan milli burjuaziyasının əksinqilabi fəaliyyəti sənədlərinin müyyən edilməsi və toplanması haqqında” qərarının xüsusi əhəmiyyəti olmuşdur. Məhz bu qərardan sonra AXC dövrü ilə əlaqədar olan sənədlərin arxivləşdirilməsinin sürətləndirilməsinə şərait yaranmışdır.
1945-ci ildə Azərbaycan SSR-nin Elmlər Akademiyası yaradıldı. 1940-cı illərin ikinci yarısı - 1950-ci illərdə Azərbaycan tarixşünaslığı yeni mərhələyə qədəm qoydu. Xüsusilə, 1950-ci illərdə Azərbaycan tarixi ilə əlaqədar iri həcimli monoqrafiyalar yazılmağa başlandı. Aparılan elmi-tədqiqatların nəticəsində üç cildlik “Azərbaycan tarixi” kitabı yazılıb başa çatdırıldı və çap olundu. Xüsusilə bir məqamı da qeyd etmək lazımdır ki, məhz Azərbaycanın sovet tarixşünaslığında Səfəvilər dövləti Milli kimliyini bir dəfəlik əldə etmiş oldu.
Aşağıda Azərbaycan sovet tarixşünaslığının bəzi müsbət məqamlarının izlənilməsi məqsədəuyğun olacı qənayətindəyik:
İlk dəfə olaraq Azərbaycan tarixinin üç cildliyi (bəzi çatışmazlıqlara rəğmən) hazırlanmış və çap olunmuşdur.
“Yaranmaqda olan millətin əsas komponentləri eramızdan əvvəl III-I minilliklərdə burada yaşamış tayfaların nəsilləri, mannalılar, kaspililər, kaduslular, Azərbaycanın cənub bölgələrində məskunlaşmış midiyalıların bir hissəsi və tarixin etibarlı məlumat saxlamadığı bir çox başqaları idi.
Mannanın Azərbaycan ərazisində iki yüz ildən çox dövlətçilik tacı kimi mövcudluğu millətin özəyinin formalaşmasında böyük əhəmiyyət kəsb etmişdir.
Qəbilələrin ilkin konsolidasiyası iqtisadi və mədəni cəhətdən ən inkişaf etmiş bölgə olan Manna ətrafında baş vermişdir”.(История Азербайджана, на 3 томах, т.1, с. 48).
Səfəvi şahları təkcə fars dili deyil, həm də azərbaycan dilindən istifadə edirdilər.
Üç cildlik Azərbaycan tarixi kitabında İsgəndər Münşinin “Dünyanı bəzəyən Abbasın tarixi” əsəri Azərbaycanın XVI-XVII yüzilliklərdə siyasi tarixinə aid ilkin mənbə kimi dəyərləndirilirdi. İsgəndər Münşi, Həsənbəy Rumlu Azərbaycan tarixçisi olduğu yazılırdı.
Məhz sovet dövründə Azərbaycan Səfəvilər dövlətinin sosial-iqtisadi, siyasi, hərbi və mədəni tarixi ilə bağlı çoxsaylı elmi əsərlər yazılmışdır. Bununla əlaqədar İlya Pavloviç Petruşevskinin, Oktay Əfəndiyevin, Əthəm Şahmalıyevin, Yaqub Mahmudovun, Mikayıl Heydərovun, Əbülhəsən Rəhmaninin, Şahin Fərzəliyevin, Sara Aşurbəylinin, S.Onullahinin, F.Əliyevin, B.Əhmədovun elmi tədqiqatlarını misal göstərmək olar. Müstəqilliyimizi bərpa etdikdən sonra da bu proses davam etdiridi.
Yuxarıda qeyd olunan müsbət məqamlarla yanaşı tariximizin bir çox sahələrinə baxışlarda ciddi səhvlərin də olduğu göstərilməlidir. Məsələn:
Azərbaycanda əsas ilkin danışıq dili kimi Azəri və Aran dili qeyd olunur.
III cildlik Azərbaycan tarixində XVII yüzilin 40-60-cı illərində mövcud olan Azərbaycan Səfəvilər dövlətinin adı İran dövləti kimi yazılır.
“Atropatena xalqının formalaşması dövründə onun dili də inkişaf etmişdir, ehtimal ki, sonralar Azəri dili adlandırılan dil idi”. Buradan da göründüyü kimi Azərbaycan Türk dili ehtimallara əsaslanan Azəri dili ilə əvəz olunur.
Kitabda Azərbaycanda yaşayan ermənilər, talışlar, ləzgilər, tatlar yəhudilər və qonşu ölkələr Azərbaycan dilini bilir və ondan istifadə edirdilər. Lakin üç cildlikdə (Kitabda) bu dil Türk dili əvəzinə Azərbaycan dili yazılır. Əgər Azərbaycanda yaşayan qeyri türklər, hətta qonşu ölkələr də bu dilidə danışmağı bacarırdılarsa, onda bu dil məhdud dairəni əhatə edən və kitabda ehtimallara əsaslanaraq yazılan “azəri dili” ola bilərdimi? Əlbəttə ki, yox. Çünki, o dövrdə belə bir dil yox idi (olsa da məhdud bir tayfanın danışıq dili ola bilərdi) və olmayan dildə o qədər millətin nümayəndələri və üstə gəl, qonşu ölkə əhalisinin müəyyən bir qisminin danışıq dili ola bilərdimi. Əlbəttə ki, yox. Görünür, Sovet sisteminin qorxusu, tələbi və təzyiqi Azərbaycan tarixçilərini həqiqəti yazmağa çəkindirmiş, real tarixi hadisə və fakt təhrif edilmiş, nəticədə Türk dili yerinə Azərbaycan dili yazılmışdı. Çox təəssüflər olsun ki, tarixşünaslığımızda bu “ənənə” sonrakı dövrlərində də davam etmişdir.
Şimali Azərbaycanın Rusiya tərəfindən işğal olunmasından deyil, birləşdirilməsindən bəhs olunur və s.
Üçüncü mərhələ. 1991-ci ildə sosializm sisteminin dağılması bütün sahələrə, o cümlədən tarix elminə də ciddi təsir göstərmişdir. Sovet dövlətində tarix elmi ideologiyaya aid olunduğundan ona dövlət tərəfindən ciddi nəzarət olunurdu. Ümumiyyətlə isə, sovet tarix elmi sovet ictimai-siyasi sisteminin əsas hissəsini təşkil etdirdi.
SSRİ dağılandan sonra, əvvəllər həmin imperiyanın tərkibində olan respublikalarda da tarix elminə münasibət tamamilə dəyişməyə başladı. Rusiya tarixçisi A.K.Sokolov haqlı olaraq yazırdı ki, siyasi-ideoloji məhdudiyyətlərin və senzuranın aradan qalxması; mənbələrə çıxış imkanlarının genişlənməsi; arxivlərin tam olmasa da, hər-halda onların bir qisminin açılması; xaricdə işləmək imkanlarının genişlənməsi; elmi, o cümlədən dövlətlərarası əlaqələrin intensivləşməsi, alimlərin birbaşa və dolayısı ilə beynəlxalq əlaqələrinin genişlənməsi, xarici ədəbiyyatlardan istifadənin genişlənməsi; elmi tədqiqatların və kommunikasiyaların texniki bazasının, eyni zamanda informasiya texnologiyasının sürətli inkişafı; elmi nəticələrin nəşr etdirmək imkanlarının artması indiki Rusiyada tarix elminin inkişafına təsir edən əsas amillərdəndir.
A.Sokolovun yuxarıda qeyd etdiyi amilləri Azərbaycan tarix elminə də aid etmək mümkündür. XX əsrin 80-ci illərin sonu – 90-cı illərin əvvəllərində Azərbaycan tarix elmində baş verən dəyişikliklər dövlət müstəqilliyinin bərpa edilməsi ilə bağlı idi. Dövlət müstəqilliyinin bərpa olunması ilə Vətən tarixinin bütün dövrlərinə yenidən baxılmasını, tarixi hadisələrin obyektiv və tarixi reallıqları nəzərə almaqla yazılmasını zəruri etmişdir.
Müasir dövr Azərbaycan tarixçiləri həm Cümhuriyyət, həm də Sovet dövrü tarixşünaslığından bəhrələnərək (hər iki dövrün tarixşünaslığına tənqidi yanaşmaq şərti ilə) yeni elmi-nəzəri baxış bucağı fonunda, tariximizin ayrı-ayrı sahələrini özündə ehtiva edən elmi araşdırmalarını davam etdirildiyini qeyd etmək olar.
Ehtiraf olunmalıdır ki, Sovet dövründə yaranan tarix elmi Azərbaycan sovet tarix elminin formalaşmasına və inkişaf etməsinə çox böyük təsiri olmuşdur. Sovet dövründə Azərbaycanda tarix elminin inkişaf etməsini inkar etmək düzgün olmazdı. Azərbaycan tarixinin bir çox sahələri, xüsusən arxeologiya, etnoqrafiya, qədim və orta əsr, yeni və ən yeni tarix elmi (tarixi hadisə və faktların təhrif olunmasına rəğmən) inkişaf etmişdir.
Bununla belə, müasir dövrdə Azərbaycan tarixinin bəzi sahələrinin obyektiv şəkildə yenidən araşdırılmasına daha böyük ehtiyac var.
Bu gün müasir Azərbaycan tarix elmində əsas yeniliklər ondan ibarətdir ki, ideoloji senzura aradan qalxmış, çoxsaylı arxiv sənədləri çap olunmuş, tarixi hadisələrin yenidən, lakin bu dəfə təhrif edilmədən araşdırılması üçün imkanlar yaranmışdır. Lakin etiraf edilməlidir ki, əgər sovet dövründə problemə birtərəfli yanaşaraq, baş vermiş tarixi hadisələrə kommunist ideologiyası çərçivəsində qiymət verilirdisə, sosializm sistemi dağıldıqdan sonra, o dövrdə yazılan əsərlərin bəzən hamısını inkar və ya təhrif etmək meyillərinə də rast gəlmək mümkündür.
Lakin bir həqiqəti danmaq olmaz ki, müxtəlif illərdə yazılmış əsərlərin təhlil olunması əsl tarixi həqiqətlərin üzə çıxarılmasına kömək etmiş olur.
Azərbaycanın Sovet və Müasir tarixşünaslığı arasında münasibətlər mürəkkəb varislik elementlərini, eləcə də kəskin fərqləri (ziddiyyətləri) özündə birləşdirən bir prosesdir. Bəhs olunan tarixşünaslığın sadəcə dövrün dəyişməsi deyil, həm də metodoloji, ideoloji və konseptual yanaşmaların köklü şəkildə yenidən nəzərdən keçirilməsi deməkdir.
Varislik deyəndə, hər şeydən əvvəl Müasir tarixşünaslığın davamlığının (elementlərinin) tamamilə sıfırdan başlamadığını, əsasən sovet dövrünün irsi üzərində formalaşmışdığını qeyd etmək lazımdır. Bu özünü nədə göstərir: 1) Sovet dövrünün arxivləri, nəşr olunmuş sənədlər toplusu və arxeoloji materiallar hələ də əsas mənbə rolunu oynayır; 2) Müasir tarixçilərinin əksəriyyəti sovet məktəbində yetişmiş, marksist-leninist metodologiya ilə formalaşmış mütəxəssislər idi; 3) Sovet dövründə formalaşan bəzi tədqiqat istiqamətləri (məsələn, Azərbaycan Səfəvilər dövlətinin yaranması və fəaliyyəti, Azərbaycanın Rusiyaya “birləşdirilməsi”, 1920-ci ilin aprelində RSFSR-in hərbi birləşmələri tərəfindən Azərbayacanın işğal olunması və s.) yenidən qiymətləndirilsə də, diqqət mərkəzində qalmaqda davam etdi; 4) Sovet dövründə müttəfiq respublikalarda formalaşdırılan “milli tarix” konsepsiyaları (müəyyən dəyişikliklərlə) müasir dövründə də dövlətçilik tarixinin təməli kimi götürülür. Yəni, Sovet dövründə müttəfiq respublikalarında (o cümlədən Azərbaycan SSR-də) formalaşdırılan “milli tarix” konsepsiyalarının müasir dövlətçilik tarixinin təməli kimi çıxış etməsi, müstəqillik qazandıqdan sonra həmin dövlətlərin öz legitimliyini, ərazi bütövlüyünü və milli kimliyini əsaslandırmaq üçün sovet dövründə yaradılmış coğrafi-inzibati çərçivələrdən və tarixi narrativlərdən istifadə etməsi başa düşülür. Məsələyə bu cür yanaşma, demək olar ki, müəyyən dəyişikliklərlə (ideoloji təsirin aradan qalxması, tarixi hadisələrin yazılması və şərhi zamanı obyektivlik, nəzəriyyə plüralizminin önə çıxarılması) bugünkü milli tarixşünaslığın özəyini təşkil edir.
Aşağıda Sovet və Müasir tarixşünaslığa müqayisəli yanaşmasının bəzi məqamlarına diqqət verilir:
1. Respublikaların ərazi legitmliyi və “əsas millət” konsepsiyası. Bu özünü nədə ehtiva edirdi: a) Sovet dövrü: 1920-1930-cu illərdə SSRİ tərəfindən müttəfiq respublikaların (Azərbaycan SSR, Gürcüstan SSR, Ermənistan SSR və s.) sərhədləri müəyyən edildi və hər bir respublika üçün “əsas millət” statusu verildi. Erməni və gürcülərin adı dəyişdirilmədi, Azərbaycana gəldikdə isə əvvəlcə Türk, daha sonra isə adı dəyişdirilərək “azərbaycanlı” adlanmağa başlandı (1937-ci ildən sonra); b) Müasir dövr: Müstəqillik bərpa edildikdən sonra respublikalar məhz həmin SSRİ daxilindəki inzibati sərhədlər çərçivəsində beynəlxalq hüquqi subyekt kimi tanındı. “Müasir dövlətçilik” bu sərhədlərin toxunulmazlığına söykənir. Lakin sovet dövründə Azərbaycan ərazisindən Ermənistana torpaq “pay”ının verilməsi də tarixi yazıların gündəmindədir.
2. Etnogenez və Avtoxton Təməl: a) Sovet dövrü: 1930-cu illərdən başlayaraq sovet tarixşünaslığı hər bir xalq üçün “qədim köklər” (etnogenez) konsepsiyası hazırladı. Məsələn, Azərbaycan üçün Manna, Midiya, Atropatena, Albaniya kimi dövlətlər yerli dövlətçilik ənənəsinin başlanğıcı kimi qəbul edildi.
Azərbaycan xalqının formalaşması məsələsində farsdilli və Qafqazdilli etnoslara birinci, Türk etnoslarına isə ikinci, hətta sonradan gəlməsi və köməkçi rol oynaması xəttinə üstünlük verildi; b) Müasir dövr: şifahi, yazılı, arxeoloji, lingivistik, antorpoloji və s. mənbələrə əsaslanaraq sübut olunur ki, Türk etnosları qədimdən bu yerlərin əsl sakinləridir və türklər Azərbaycan xalqının formalaşmasında əsas etnos kimi mühüm rol oynamışdır fikiri üstün mövqedə durmaqdadır.
Avtoxton Təməl tezisi, yəni şifahi, yazılı, arxeoloji, enoqrafik, toponomik və s. mənbələrin təsdiq etdiyi “Türk etnosları qədimdən Azərbaycan ərazisində mövcud olmuşdur” tezisi ümumləşdirilmiş tarixi əsərlərin, xüsusilə dərsliklərin, eləcə də elmi-tədqiqat əsərlərin yazılmasında milli dövlətçiliyin minillik tarixə malik olduğunu sübut etmək üçün istifadə olunur.
Bununla belə, bu günə kimi yuxarıda qeyd olunan etnogenez və avtoxton təməl məsələlərinə ikili baxış, yəni sövet dövrünün “akademik” tarixşünaslığından qalma baxışlarla müasir dövr tarixçilərinin elmi baxışları arasında fərqli yanaşmalar hələ də qalmaqdadır.
3. “Dövlətçilik tarixi”nin ideoloji transformasiyası: a) Sovet dövrü: Sovet tarixşünaslığı marksist-leninist metodologiyaya və sinfi yanaşmaya əsaslanırdı. Tarix elminin yazılmasında əsas nəzəriyyə tarixi materializm nəzəriyyəsi idi. Tarixi materializminin əsas termini olan “istehsal üsulu” insan cəmiyyətlərinin bir-birini əvəz etməsi prosesinin əsas izah özəyi hesab olunurdu. Eyni zamanda əsas tarixi hadisələrə “sinfi mübarizə” prizmasından baxılırdı.
Çar Rusiyasının işğalı “proqressiv” (zamanla artan, inkişaf edən, irəliləyən mənalarını ifadə edən. Tərəqqiyə yönəlmiş termindir), Xanlıqların rus işğalına qarşı mübarizəsi isə, demək olar ki, məhdud işıqlandırılırdı. İdeoloji təzyiq güclü idi. Sovet tarixşünaslığında tədqiqatlar “yuxarıların” sifarişi, inzibati təzyiqi və sərt senzura qaydaları altında yazılırdı; b) Müasir dövr: Nəzəriyyə plüralizminə üstünlük verilir, “yuxarıların” sifarişi və təzyiqi aradan qalxır. Senzura tamamilə ləğv olunub.
Aşağıda Müasir dövrdəki fərqli yanaşmalara qismən yer verilir:
Müasir tarixşünaslıq siyasi sifarişlərdən azad olmağa, tarixi həqiqətləri və real faktları saxtalaşdırmadan araşdırmağa çalışır. Eyni zamanda plüralizm, modenizm, sivilizasiya və s. yanaşmalar ön plana keçir.
Marksst-leninist ideoloji hissə çıxarılır, lakin faktoloji baza (tarixi dövrlərin formasion nəzəriyyə üzərindən yazılması, bəzi hallarda nəzəriyyə püliralizmidən istifadə və s.) qalır. Məsələn, sovet dövründə formalaşan “Azərbaycanın dövlətçilik tarixi” anlayışı (məsələn, Manna, Midiya, Atropatena, Albaniya, Şirvanşahlar, Sacilər, Salarilər, Şəddadilər, Rəvvadilər, Atabəylər, Qaraqoyunlu, Ağqoyunlu, Səfəvilər və s.) indi müasir dövlətin varislik iddiası kimi təqdim olunur. Dövlət siyasətinə uyğun müəyyən cizgilərin qalmasına rəğmən, akademik müstəvidə daha sərbəst diskussiyalar aparılır.
2. Ağ ləkələrin öyrənilməsi: Sovet dövründə qadağan edilmiş, gizlədilmiş və ya təhrif olunmuş mövzular (avtoxton təməl, etnogenez, repressiyalar, 1918-ci il mart soyqırımı, Cümhuriyyət tarixi, deportasiya və s.) müasir tarixşünaslığın əsas tədqiqat predmetinə çevrilir. Vətən tarixinin ayrı-ayrı dövrlərinə yeni yanaşmalar, gender tarixi, gündəlik həyat tarixi, yaddaş və travma tarixi, diaspor tarixinə, rəqəmsal tarixə diqqət artmağa başlayır.
3. Reabilitasiya prosesi: bu əsasən siyasi repressiya qurbanlarının hüquqlarının, şərəf və ləyaqətinin bərpa edilməsi prosesini ifadə edir. Eyni zamanda Cümhuriyyət liderlərinin dövlətçilik ideologiyasının daşıyıcıları kimi yenidən qiymətləndirilir və s.
4. Dəyərləndirmə: Tarixi hadisələrin obyektivlik, tarixçilik, bütövlük, əhəmiyyətlilik, dəyərlilik, milli mövqe prinsipləri prizmasından dəyərləndirilməsi. Məsələn, Azərbaycan Xalq Cümhuriyyəti müasir dövrdə müsbət və dövlətçilik ənənəsi kimi dəyərləndirilir.
5. Qloballaşma və beynəlxalq əməkdaşlıq: Azərbaycan tarixçiləri xarici arxivlərdəki mənbələrlə işləməyə və beynəlxalq elmi konfranslarda daha çox iştirak etməyə başladılar.
6. Rusiya-Sovet mərkəzçiliyindən qurtulma: Müasir dövrdə Rusiya/SSRİ mərkəzli baxış bucağı yerini milli dövlətçilik və regional maraqlara uyğun baxış bucağına verdi. Lakin bu gün avropamərkəzçilik tarixşünaslıqda öz aparıcılığını saxlamaqdadır.
Müasir Azərbaycan tarixşünaslığı sovet işğalı dövründə formalaşmış (məcburi olsa da) inzibati-coğrafi xəritə və tarixi-tədqiqat bazası üzərində inşa edilir, lakin həmin tarixdən rus/sovet mərkəzli ideoloji məzmun çıxarılır və o, milli narrativlə, yeni arxiv sənədlərlə və elmi baxışlarla əvəz edilir.
Nəhayət nəticə olaraq qeyd olunmalıdır ki, Sovet tarixşünaslığı marksist-leninist metodologiyaya əsaslanan, sosial-sinfi baxımdan vəhdət təşkil edən bir sistem idisə, müasir tarixşünaslıq tarixi mənbələrin daha sərbəst və şərhə açıq təhlilinə əsaslanır. Buna baxmayaraq, sovet və müasir tarixşünaslıq arasında metodoloji və mənbə varisliyi qaçılmaz olaraq qalır.
Vaqif Şirinoğlu
Tarix elmləri doktoru, ƏHD Partiyası Ali Məclisin sədri