
Cənubi Qafqazda 44 günlük Vətən müharibəsi və ondan sonrakı regional proseslər regionda tamamilə yeni geosiyasi reallıqlar formalaşdırıb. Hazırda Azərbaycan və Ermənistan arasında birbaşa, ikitərəfli dialoq modeli ön plana çıxmaqdadır. Ermənistan rəhbərliyinin son bəyanatları, xüsusilə Baş nazir Nikol Paşinyanın münasibətlərin normallaşması üçün xarici "qarant" institutlarına ehtiyac olmadığı barədə fikirləri bu yeni siyasi nizamın rəsmi İrəvan tərəfindən də qəbul edilməsinin göstəricisidir.
Politoloq Oqtay Qasımov “Xalq Cəbhəsi”nə açıqlamasında bildirib ki, Ermənistanın Baş naziri Nikol Paşinyan tərəfindən Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması üçün əlavə “qarant” institutuna ehtiyac olmadığı barədə səsləndirilən fikirlər regionda artıq formalaşmış yeni siyasi reallığın məntiqi nəticəsi kimi qiymətləndirilməlidir: “Bu yanaşma təkcə siyasi bəyanat deyil, həm də uzun illər davam edən danışıqlar prosesinin təbii nəticəsidir. Son illərdə Azərbaycan və Ermənistan arasında aparılan danışıqların dinamikası göstərir ki, tərəflər arasında birbaşa təmaslar daha operativ və daha real nəticələr doğurur. Əvvəlki mərhələlərdə vasitəçilərin çoxluğu bəzən prosesin uzanmasına, bəzən isə əlavə siyasi maraqların ortaya çıxmasına səbəb olurdu. Bu baxımdan, hazırkı mərhələdə ikitərəfli formatın ön plana çıxması danışıqların daha səmərəli aparılmasına imkan yaradır.
Azərbaycan tərəfindən irəli sürülən vasitəçilərsiz birbaşa dialoq təşəbbüsü ilkin mərhələdə bəzi tərəddüdlərlə qarşılanmışdı. Lakin zaman keçdikcə Ermənistan tərəfi də bu formatın daha funksional olduğunu qəbul edib və danışıqlar əsasən ikitərəfli formatda davam etdirilməyə başlanıb. Bu isə həm siyasi etimadın formalaşması, həm də texniki məsələlərin daha çevik həlli baxımından mühüm irəliləyiş hesab olunur”.
Politoloqun sözlərinə görə, Paşinyanın “qarantlara ehtiyac yoxdur” fikri həm də Ermənistan daxilində ictimai rəyə ünvanlanmış mesajdır: “Ermənistan cəmiyyətində uzun illər formalaşmış təhlükəsizlik düşüncəsi hələ də xarici havadarlara əsaslanırdı. Lakin yeni mərhələdə rəsmi İrəvan bu yanaşmadan tədricən uzaqlaşmağa çalışır və regional reallıqlara uyğunlaşmaq zərurətini qəbul edir.
Əlavə vasitəçilərin və qarant institutlarının prosesə cəlb olunması hər zaman tərəfsiz nəticələr yaratmır. Bəzi hallarda bu aktorlar regionda öz geosiyasi maraqlarını irəli çıxararaq danışıqların məntiqinə təsir göstərirlər. Bu isə sülh prosesinin ləngiməsinə və tərəflər arasında etimadın formalaşmasının gecikməsinə səbəb olur”.
O.Qasımov vurğulayıb ki, hazırkı mərhələdə ikitərəfli format artıq konkret nəticələr verməyə başlayıb: “Ötən ilin 8 avqustunda ABŞ Prezidenti Donald Trump iştirakı ilə Vaşinqtonda sülh müqaviləsinin mətninin paraflanması mühüm mərhələ kimi tarixə düşüb. Bu hadisə danışıqlar prosesinin institusional baxımdan müəyyən mərhələyə çatdığını göstərir. Bu prosesdən sonra regionda bəzi praktiki addımlar da atılıb. Azərbaycan tərəfindən Ermənistan üçün bəzi tranzit məhdudiyyətlərinin aradan qaldırılması, eləcə də Rusiya və Qazaxıstandan Ermənistana taxıl və digər məhsulların daşınmasının bərpası regionda iqtisadi əlaqələrin tədricən normallaşdığını göstərir. Bu isə yalnız siyasi deyil, həm də iqtisadi müstəvidə münasibətlərin dəyişməkdə olduğunu təsdiqləyir”.
Politoloq hesab edir ki, iqtisadi əlaqələrin genişlənməsi gələcəkdə daha dərin əməkdaşlıq üçün zəmin yarada bilər: “Tərəflər arasında ticarət əlaqələrinin ilkin mərhələyə daxil olması, xüsusilə müəyyən həcmdə yanacaq və digər məhsulların daşınması normallaşma prosesinin real göstəricisidir. Bu kimi addımlar qarşılıqlı asılılığın artmasına və uzunmüddətli sabitliyin möhkəmlənməsinə xidmət edə bilər”.
“Paşinyanın balans siyasəti”
Politoloq Şakir Ağayev isə “Xalq Cəbhəsi”nə açıqlamasında Ermənistan daxilində həm daxili siyasi mübarizənin, həm də xarici güclərin təsir rəqabətinin ölkənin xarici siyasətinə ciddi təsir etdiyini bildirib.
Onun sözlərinə görə, hazırda İrəvanda siyasi mühit kifayət qədər mürəkkəbdir və burada həm Qərb, həm də Rusiya arasında təsir uğrunda ciddi rəqabət gedir: “Bu vəziyyət Ermənistan rəhbərliyini balanslı siyasət aparmağa məcbur edir. Çünki açıq şəkildə hər hansı bir güc mərkəzinin tərəfində dayanmaq ölkə daxilində siyasi riskləri artıra bilər. Bu səbəbdən Paşinyan hökuməti daha ehtiyatlı və çoxvektorlu siyasət yürütməyə çalışır.
Ermənistanın əvvəlki illərdə vasitəçilər və xarici havadarlar vasitəsilə Azərbaycan üzərinə siyasi təzyiq göstərmək cəhdləri nəticə verməyib. Xüsusilə 44 günlük Vətən müharibəsi və sonrakı dövrdə regionda güc balansı dəyişib və yeni reallıq formalaşıb. Bu reallıqda Azərbaycan daha fəal və təşəbbüskar mövqe nümayiş etdirərək birbaşa dialoq modelini önə çıxarıb”.
Ş.Ağayev vurğulayıb ki, Azərbaycan bu prosesdə həm hərbi, həm siyasi, həm də diplomatik baxımdan mühüm addımlar atıb: “44 günlük müharibənin nəticələri, antiterror tədbirləri, sülh gündəliyinin formalaşdırılması və regional əməkdaşlıq layihələri Cənubi Qafqazda yeni geosiyasi mənzərə yaradıb. Bu baxımdan, Zəngəzur dəhlizi ilə bağlı gündəliyin formalaşması da Azərbaycanın təşəbbüsləri ilə gündəmə gəlib.
Paşinyanın son açıqlamaları müəyyən mənada gecikmiş etiraf xarakteri daşıyır. Çünki bu gün səsləndirilən bir çox yanaşmalar faktiki olaraq Azərbaycanın illər əvvəl irəli sürdüyü siyasi xəttə uyğun gəlir”.
Onun fikrincə, bu da regionda güc balansının və siyasi gündəliyin artıq dəyişdiyini göstərir.
Günel Elxan