08:34
679
Nyu-York ştatının qubernatoru Keti Hokul ştat ərazisində süni intellekt (Sİ) əsaslı quraşdırılmış və ya inteqrasiya olunmuş çat-botlara malik oyuncaqların istehsalını, yayılmasını və satışını beş il müddətinə qadağan edən qanunu imzalayıb.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə onun rəsmi saytında məlumat verilib.
Qadağa digər məhsullarla yanaşı, uşaqlarla ünsiyyət qurmaq üçün internetdən istifadə edən yumşaq oyuncaqlara, gəlinciklərə və robotlara da şamil edilir. Qanun imzalandıqdan 90 gün sonra qüvvəyə minəcək, lakin Hokul valideynləri artıq indidən bu cür hədiyyələrin alınması riskləri barədə düşünməyə çağırıb.
"Bu bayramlarda və ya hər hansı digər münasibətlə hədiyyə seçən valideynlər oyuncaq adı altında gizlənən təhlükəli çat-botların uşaqlarını nalayiq söhbətlərə cəlb edə, onların hissləri ilə manipulyasiya edə və ya şəxsi həyatlarının toxunulmazlığını təhlükə altına ata biləcəyindən narahat olmamalıdırlar", – deyə qubernator qeyd edib.
Bir sıra oyuncaqların yoxlanılması zamanı federal hakimiyyət orqanları müəyyən ediblər ki, onlardan bəziləri cinsi məsələləri ətraflı müzakirə edib, uşaqlara evdə kibritlərin harada olduğunu göstərib və uşaq getməli olduqda məyusluq ifadə edib. Bəzi oyuncaqlar həmçinin uşağın səsini yaza və ya üzünü skan edə bilir.
Yeni qanunun hər bir pozuntusuna görə sutkada 15 min dollara qədər cərimə tətbiq ediləcək.
Məryəm Quliyeva