NATO Ukrayna ərazisi üzərində raketlərin vurulması ideyasını rədd edib Gündəm

NATO Ukrayna ərazisi üzərində raketlərin vurulması ideyasını rədd edib

NATO Alyans sərhədinə doğru uçan raketlərin Ukrayna ərazisi üzərində vurulması ideyasını dəstəkləmir.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Polşa müdafiə nazirinin müavini Sezari Tomçik məlumat verib.

"NATO heç bir şəkildə belə bir qərarı dəstəkləmir. Bu, bir çox çətinliklər yaradır", – deyə RMF24 radiostansiyası Tomçikin sözlərindən sitat gətirib.

O əlavə edib ki, bu ideya artıq bir neçə ay əvvəl müzakirə olunub və tərəflər belə bir prosedurun mümkün olmadığı qənaətinə gəliblər.

Daha əvvəl "Bloomberg" agentliyi mənbələrə istinadən xəbər vermişdi ki, Polşa hakimiyyəti NATO üzrə müttəfiqlərindən Ukrayna hava məkanı vasitəsilə Alyans sərhədinə doğru istiqamətlənən raketlərin vurulması imkanlarını araşdırmağı xahiş edib. Agentliyin məlumatına görə, Varşava bu ideya ilə bazar ertəsi NATO yanında daimi nümayəndələrin Brüsseldə keçirilən görüşündə çıxış edib. Həmsöhbətlər qeyd ediblər ki, bəzi ölkələr Polşanın təklifini dəstəkləsə də, müzakirənin özü ilkin xarakter daşıyıb və heç bir qərar qəbul edilməyib.

Məryəm Quliyeva