“Görüş payız aylarında baş tuta bilər” Siyasət

“Görüş payız aylarında baş tuta bilər”

"Ermənistan rəsmiləri də artıq müharibənin qaçılmaz olduğunu etiraf edirlər. Təsadüfi deyil ki, Ermənistan prezidenti Armen Sərkisyan deyib ki, müharibə hamı üçün dağıdıcı olacaq. Yaxşı ki, hələ bunu anlayır. Buna baxmayaraq, Armen Sərkisyan Azərbaycan Prezidenti İlham Əliyevlə görüşə hazır deyil. O, Azərbaycan Prezidenti ilə Nikol Paşiyanın görüşüb müzakirə aparması vacibliyini bildirib. Sərkisyan baş naziri ona görə qabağa verir ki, Ermənistanda Konstitusiya dəyişikliyindən sonra əsas səlahiyyət sahibi prezident deyil, baş nazirdir". Bunu Elxan Şahinoğlu deyib. "Mümkündür ki, yaxın zamanda Kreml Azərbaycan Prezidenti ilə Ermənistanın baş nazirini görüşdürməyə çalışsın. Bu payız aylarında baş tuta bilər. Unutmayaq ki, avqustun 30-da İlham Əliyev Moskvada rusiyalı həmkarı Vladimir Putinlə görüşəcək. Nikol Paşinyanı dinləməkdə qəbahət görmürəm. Ancaq elə birinci görüşdəcə o Dağlıq Qarabağ ətrafındakı rayonların boşaldılmasını bölgənin statusu ilə əlaqələndirərsə, onunla növbəti görüşə ehtiyac qalmayacaq. Ümumiyyətlə diplomatiyanın arxa plana keçdiyi və ordunun yeni strateji hədəfləri olduğu halda qarşı tərəflə mənasız görüşlərə ehtiyac yoxdur"-deyə, E.Şahinoğlu fikrini tamamlayıb.