“Paşinyan Qarabağ problemindən qaçmaq xəttini tutur” Siyasət

“Paşinyan Qarabağ problemindən qaçmaq xəttini tutur”

"Biz Paşinyanın Qarabağla bağlı bəyanatlarına fikir versək və onu analiz etsək, deyə bilərik ki, Paşinyan var gücü ilə Qarabağ problemindən qaçmaq xəttini tutur. Elə görüntü yaradır ki, sanki Dağlıq Qarabağ münaqişəsi onun üçün bir nömrəli problem deyil". Bu fikirləri siyasi analitik Əli Abbasov səsləndiirb: "Bu mənada hesab edirəm ki, ortada məcburi proses olmasa, Paşinyan Dağlıq Qarabağ münaqişəsi ilə ciddi məşğul olmayacaq. Əsas gücünü ölkə daxilində hakimiyyətinin möhkəmlətməyə qoyacaq. Digər tərəfdən, ondan Amerika müəyyən məsələlərin həllini tələb edir, ruslar müəyyən təzyiqlər göstərir. Bu təzyiqlər Dağlıq Qarabağ probleminin hansısa formada həlli ilə bağlıdır. Belarus Prezidenti Lukaşenkonun mətbuatda münaqişə ilə bağlı müəyyən açıqlamaları olub. Əslində Lukaşenkonun dedikləri çox əvvəl olub, sadəcə bunu mətbuata sonra deyib. Likaşenko qeyd edib ki, Putinlə birlikdə bu haqda danışmışıq, təklif vermişik. Bütün bunlar onu göstərir ki, Ermənistana müəyyən təzyiqlər olub. İndi bu təzyiqlər güclü olsa, habelə ABŞ və Rusiyanın mövqeyi bu məsələdə bir-birinə zidd olmasa, Paşinyan bu işlə məşğul olmaq, danışıqlara başlamaq məcburiyyətində qalacaq".
Ekspert əlavə edib ki, Ermənistan daxilində böyük problemlər var: "Paşinyan əsas gücünü bu problemlərin həllinə yönəldib. Əgər Qarabağ problemi ilə məşğul olsa, bu zaman təbii ki, ermənilərin xoşuna gəlməyəcək addımlara keçməlidir. Bu da ona baha başa gələ bilər. Odur ki, bundan qaçır…Artıq Respublika Partiyasına yaxın olan kadrlar Ermənistanın rəsmi dövlət strukturlarında yoxdur. Amma erməni siyasi sistemində Respublika Partiyası qalıb və fəaliyyət göstərir. Təbii ki, Respublika Partiyası Paşinyanın addımlarına reaksiya göstərməlidir və göstərəcək də. Onlar sanki bir küncə çəkilərək, Paşinyanın səhv buraxmasını gözləyir. Paşinyan isə ən ciddi səhvi Dağlıq Qarabağ münaqişəsi ilə bağlı buraxa bilər. Respublikaçılar da belə səhvlərdən istifadə edərək, bir növ revanş götürə, yenidən hakimiyyət uğrunda real mübarizəyə qoşula bilər. Düzdür, hələlik Respublika Partiyası gücünü tam olaraq itirib və nüfuz sahibi deyil. Hazırda bu partiya daxilində ciddi dəyişikliklər gedir. Partiyanın müəyyən qədər üzvü ya Paşinyanın, ya da digər partiyaların tərəfinə keçib. İkincisi, bu partiya liderlərinin kifayət qədər maliyyə imkanları var. Baxın, Gürcüstanda İvanaşvili yüz milyonlarla pul xərcləyərək Salome Zurabaşvilinin prezident seçilməsinə nail olub. Amma Ermənstanda ya Respublika Partiyasının liderləri birlikdən uzaq olduqlarından pul xərcləmirlər, ya da Paşinyan onlara belə bir imkan vermir. Respublika Partiyası son seçkilərdə cəmi 5 faiz səs toplayıb. Bu uzun illər hakimiyyətdə olan partiya üçün gülməli səs faizi olsa da, real rəqəmdir. Nüfuzu 5 faiz olan partiya yaxın dövr üçün hansısa ciddi addımlar ata, hakimiyyət uğrunda mübarizəyə qoşula bilməz. Müşahidələr onu deməyə əsas verir ki, orada xaos var. Hazırda söhbət bu partiyaya yeni liderin gətirilməsindən gedir. Artıq Serj Sərkisyan bu partiyaya sədrlik etməyəcək".
O əlavə edib ki, Köçəriyan heç bu partiyanın üzvü deyil və daha çox bitərəf və müstəqil siyasətçidir: "Əslində son seçkilərdə onun namizədliyini irəli sürəcəyi gözlənilirdi, lakin namizəd olmaqdan imtina etdi. Bu, olduqca maraqlıdır. Çünki ya səs toplayacağına inanmırdı, ya da Rusiyadan icazə almamışdı. Hazırda həbsdə olsa da, Köçəriyan Sərkisyandan daha fəal görünür. Kremli də sanki Köçəriyanı oyunçu kimi saxlayır, Sərkisyanın üzərindən isə sanki xətt çəkilib.
Əhalinin problemlərini isə həll etmək olduqca çətindir. Son parlament seçkilərində erməni xalqı Paşinyana səs verməklə həm də ondan böyük gözləntiləri olduğu mesajını verib. Yəni erməni xalqı güzəranının, problemlərinin həll edilməsini istəyir. İndi Paşinyanın qarşısında duran bir nömrəli məsələ ölkədə iqtisadi yüksəlişə nail olmaq, əhalinin firavanlığını təmin etməkdir. Bunu etmək üçün boş sözlər deyil, böyük maliyyə resursları lazımdır. Bu mənada Paşinyanın belə ciddi problemi həll edə biləcəyi sual doğurur. Əslində xaricdə olan erməni diasporu Ermənistana maliyyə göndərməyi çoxdan dayandırıb. Pulların kəsilməsinə səbəb də bu maliyyənin erməni hakimiyyəti tərəfindən oğurlanması olub. Avropa Ermənistana pul verməyə tələsmir. Eləcə də Amerika hələlik bu mpvzuda susur. Rusiyanın isə Ermənistana əlavə pul vermək imkanı yoxdur. Deməli, Paşinyanın ümidi ancaq xaricdə olan erməni diasporudur. Əgər diaspor Paşinyana inansa, mümkündür ki, ona maliyyə köməkliyi etsin. Bu halda Paşinyanın problemləri həll edib-etməyəcəyini zaman göstərəcək. Nəzərə alın ki, söhbət ancaq üzdə olan problemlərdən getmir. Böyük iqtisadi problemlər, böhran, iflasdan gedir. Paşinyanın bu problemlərin həllinə Azərbaycanın şərtlərini qəbul etməklə də nail ola bilər. Paşinyan xalqın gözlədiyi problemləri həll edə bilməsə onun rəqibləri üçün qapılar açılacaq. Paşinyan Saakaşvilinin yolu ilə getsə, yəni oliqarxların pullarını dövlət tərəfinə çəkə bilsə, nələrsə həyata keçirə bilər. Ancaq bu, çox çətin prosesdir".
Onun sözlərinə görə, hələlik Paşinyan bəyan edir ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxmır, Avrasiya İttifaqında qalır, Rusiya Ermənistanın ən güclü tərəfdaşıdır və s: "Ancaq rus mediası elan edir ki, Paşinyanın niyyəti başqadır, Avropaya tərəf getmək istəyir. Rusiyanın Ermənistanda kifayət qədər rolu var. Ermənistanda iki rus bazası var, iqtisadiyyat tamamilə rusların nəzarətindədir. Paşinyan xətdən çıxarsa, bu zaman ruslar iqtisadi və hərbi imkanları hesabına nəsə edə bilərlər. Ancaq birmənalı hərbi yola baş vurmaq ruslara xeyir gətirməz. Odur ki, oturub Paşinyanın iqtisadi siyasəti necə aparacağını gözləyirlər. Çünki bu siyasət Paşinyanın sonunu da gətirə bilər".