Milli dövlətçilik qürurumuz ən güclü silaha çevrilməlidir Siyasət

Milli dövlətçilik qürurumuz ən güclü silaha çevrilməlidir

BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev 28 May Respublika Günü münasibəti ilə ölkə ictimaiyyətini təbrik edib.

Təbrikdə deyilir:

“Əziz soydaşlarım!

Sizi Azərbaycan Xalq Cümhuriyyətinin elan olunmasının 101-ci ildönümü - Respublika Günü münasibətilə təbrik edirəm.

Azərbaycan Xalq Cümhuriyyəti 23 aylıq kiçik bir zaman kəsiyini əhatə etməsinə baxmayaraq, xalqımızın azadlıq mücadiləsinin və dövlət qurmaq bacarığının göstəricisi kimi mühüm tarixi əhəmiyyətə malikdir. XX əsrin əvvəllərində Məhəmməd Əmin Rəsulzadə, Əlimərdan bəy Topçubaşov, Fətəli Xan Xoyski, Nəsib Bəy Yusifbəyli, Səməd Bəy Mehmandarov, Əli Bəy Hüseynzadə, Əhməd Bəy Ağaoğlu kimi böyük Azərbaycan mütəfəkkirlərinin, istiqlal mücahidlərinin təfəkküründən doğmuş Azərbaycan Xalq Cümhüriyyətinin işıqlı tarixi uzun illər boyu Sovet imperiyasının amansız represiya maşınıyla əzilən xalqımızın azadlıq ideallarını sönməyə qoymamış, mədəniyyətimizin, ədəbiyyatımızın inkişafına, Milli Azadlıq Hərəkatının təşəkkül tapmasına və nəticədə dövlət müstəqilliyimizin yenidən bərpa olunmasına təkan vermişdir. Bu baxımdan ilk demokratik respublikamızın tarixinin araşdırılması Azərbaycan dövlətçiliyinin qorunması və inkişafı üçün böyük önəm kəsb edir. Zamanın dərslərindən nəticə çıxarmaq məqsədilə tarixin bu önəmli dönəminə diqqətlə yanaşmaq, Azərbaycan dövlətçiliyinin qorunması və möhkəmləndirilməsi üçün daha inamla çalışmaq lazımdır. Milli dövlətçilik qürurumuz müstəqilliyimiz üçün təhlükə törədə biləcək bütün amillərə qarşı ən güclü silaha çevrilməlidir.

Belə bir dönəmdə hər birimizin üzərinə böyük bir məsuliyyət - Azərbaycanın müstəqilliyinin qorunması və möhkəmləndirilməsi missiyası düşür. XX əsrin əvvəllərində Şərqdə ilk demokratik dövlət quran bir millət kimi biz bu tarixi missiyanı ləyaqətlə yerinə yetirmək, gələcək nəsillərə bütöv və qüdrətli Azərbaycan miras qoymaq əzmində olmalıyıq.

Ümid edirəm, milli birliyimiz və dövlətçiliyimizə sədaqətimiz nəticəsində Azərbaycanın bütövlüyünə və qarşımızda duran bütün problemlərin həllinə nail olacağıq.

Sizi bu böyük bayram münasibətilə təbrik edir, hər birinizə Azərbaycan Respublikasının vətəndaşı adını şərəf və qürurla daşımağı arzulayıram”.