“Ukraynanın ərazi bütövlüyünü tanıyır və dəstəkləyirik” Siyasət

“Ukraynanın ərazi bütövlüyünü tanıyır və dəstəkləyirik”

Səfir Polad Bülbüloğlu: "İstərdik ki, problem də siyasi danışıqlar yolu ilə həll olunsun"

İTAR TASS informasiya agentliyində keçirilən ABŞ və Avropa ölkələrinin iqtisadi sanksiyaları ilə əlaqədar Azərbaycan-Rusiya ticarət münasibətlərinin inkişaf perspektivlərinə dair mətbuat konfransında Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu Ukraynada baş verənlərə də münasibət bildirib.
O deyib: "Ukraynada baş verənlər sovet dövründə doğulan insanlar üçün kədərli bir tarixdir. Ukraynada vətəndaş müharibəsi gedir. Əlbəttə ki, Azərbaycan Ukraynanın ərazi bütövlüyünü tanıyır və dəstəkləyir. Biz II Dünya müharibəsindən sonra yaradılan nizamın dağılmasını istəmirik. Təəssüflər olsun ki, son 20 ildə bu nizam dağıldı. İlk olaraq Kosovo, daha sonra digərləri...Azərbaycan Ukraynadakı problemin siyasi yolla həllinin tərəfdarıdır. Bildiyiniz kimi, Azərbaycan artıq 20 ildən çoxdur ki, Dağlıq Qarabağ problemini yaşayır. Bu gün Azərbaycan hərbi cəhətdən çox güclü ölkəyə çevrilib. Lakin buna baxmayaraq biz Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunmasını istəyirik. Ona görə də, istərdik ki, Ukraynadakı problem də siyasi danışıqlar yolu ilə həll olunsun".
Səfir deyib ki, Azərbaycan 20 ildən artıqdır ki, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsinə dair danışıqlar aparır: "ATƏT-in Minsk qrupu ilə birgə çalışırıq ki, müharibə olmasın, qan tökülməsin, bu münaqişəyə digər dövlətlər, o cümlədən qonşu dövlətlər cəlb olunmasın. Çünki bunun nəticələri bütün tərəflər üçün çox acınacaqlı ola bilər".