“Moskva istəyir ki, Xəzərdə heç kim statusa malik olmasın” Siyasət

“Moskva istəyir ki, Xəzərdə heç kim statusa malik olmasın”

Vəfa Quluzadə: "Kreml bütün nəzarəti o özü həyata keçirmək istəyir"
Azər Həsrət: "Moskva sadəcə Xəzər üzərində üstün hüquqlarını qorumaq üçün çalışır"
İlqar Vəlizadə: "Razırda Rusiyanın mövqeyində dəyişiklik hiss olunur"

Rusiya prezidentinin MDB ölkələri ilə sərhədlərin delimitasiyası və demarkasiyası üzrə xüsusi nümayəndəsi, xüsusi tapşırıqlar üzrə səfir İqor Bratçikov Moskvada keçirdiyi brifinqdə deyib ki, 18 ildir, Xəzərin hüquqi statusu ilə bağlı razılığa gəlmək mümkün olmur.
Bratçikov Xəzər probleminin həllinin Rusiyanın xarici siyasətinin prioritetlərindən biri olduğunu söyləyib. O, sentyabrın 29-da keçiriləcək Həştərxan sammitində müzakirə olunacaq məsələləri də açıqlayıb: "Sammitdə Xəzər hövzəsinin ümumi təhlükəsizliyi, bioloji resurslarının qorunub saxlanması, ekologiya, iqtisadiyyat və humanitar sahələrə dair məsələlər müzakirə olunacaq. Hidrometeorologiya və ətraf mühitin mühafizəsi ilə bağlı dövlətlərarası sənədlər imzalanacaq. Konvensiya təkcə Xəzəri bölməklə məhhdudlaşmır. Burada kompleks problemlər mövcuddur, hərbi aspektdən tutmuş digər məsələlərə qədər... Bütün bu məsələlərlə bağlı razılıq əldə olunsa, Xəzərin hüquqi statusu haqda Konvensiya imzalanacaq".
Bratçikov Xəzərin delimitasiyasına dair bir çox məsələlərdə razılıq əldə olunduğunu vurğulayıb: "Rusiya artıq Azərbaycan və Qazaxıstanla sərhədini müəyyənləşdirib. Azərbaycan, Qazaxıstan, Türkmənistan və İran öz aralarında razılığa gəlməlidirlər".
Səfir Xəzərin hüquqi statusu məsələsində fikir ayrılıqlarından birinin İranın mövqeyi ilə əlaqəli olduğunu etiraf edib: "İranın Xəzərin dibinin və su səthinin bölünməsi ilə bağlı hər dövlətə 20 faiz təklifi mövqe ayrılığına səbəb olan başlıca səbəbdir".
Bratçikov hesab edir ki, ölkə başçılarının Həştərxan görüşündə Xəzərin hüquqi statusunun müəyyənləşməsində inkişaf əldə olunacaq: "Əminəm ki, Həştərxanda konvensiyanın açıq qalan aspektləri barədə razılıq əldə olunması istiqamətində böyük addım atılacaq, hansı ki, bu bizə həqiqətən finişə çıxmağımıza imkan verəcək".
Diplomat Moskvanın Xəzər dənizinin milli sektorlara bölünməsinin əleyhinə olduğunu bəyan edib: "Rusiya tərəfi Xəzər dənizinin milli sektorlara bölünməsi ilə bağlı mövqeni bölüşmür. Moskva əvvəldən bu prinsip əsasında Xəzər dənizinin bölünməsinin əleyhinə çıxış edib. Əvvəl Moskva milli zonalar adlandırılan, sahildən 25 dəniz mili məsafədə zonaların yaradılması ilə razılaşıb. Bu milli zonalardan kənardakı hövzə ümumi su məkanı olmalıdır".
Qeyd edək ki, sentyabrın 29-da Həştərxanda IV Xəzər sammiti keçiriləcək. Sammitdə Xəzəryanı ölkələrin qarşılıqlı fəaliyyətinin əsas məsələlərinin, 2010-cu ildə Bakıda keçirilmiş sammitdə qəbul olunmuş qərarların reallaşdırılmasının gedişi, həmçinin region ölkələri arasında perspektivdə əməkdaşlığın prioritet istiqamətlərinin müzakirə olunması gözlənilir. Çoxtərəfli sənədlərin imzalanması planlaşdırılır. Sammit çərçivəsində Rusiya Prezidenti Vladimir Putinin Xəzəryanı ölkələr üzrə həmkarları ilə ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulub. Sammitdə heç şübhəsiz ki, Xəzərin statusunun müəyyənləşdirilməsi məsələsi müzakirə olunacaq.
Amma Həştərxan sammiti çətin ki, dənizin dibinin bölməsi haqqında mübahisələrə son qoyacaq.
Aktual Beynəlxalq Problemlər İnstitutunun direktoru Yevgeni Bajanov isə Həştərxan sammitində Xəzərin dibinin bölünməsi haqqında məsələnin həllinə şübhə ilə yanaşır: "Rusiya Xəzərin statusu üzrə mövqeyini dəyişdirməyib və bu mövqeyində təkid etməkdə davam edir. Baxmayaraq ki, bu məsələnin həll olunmaması Rusiya hakimiyyətini tamamilə qane etmir. Amma Rusiya üçün Xəzərdə öz təsirini itirmək yolverilməzdir. Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi ona imkan verəcək ki, xəzəryanı ölkələr özlərinin milli sektorlarında sərbəst olacaqlar. Deməli, xəzəryanı ölkələr Qərb kolleqiyalarını əməkdaşlığına dəvət etməsi ehtimalı çox yüksəkdir. Rusiya isə bu ehtimalı özündən uzaqlaşdırıb".
"Neft və kapital" nəşrinin baş redaktorunun müavini İqor İvaxnenko da Bajanov ilə razılaşır: "Hər halda Həştərxan sammitindən sıçrayışlı qərarları gözləmək lazım deyil. Rusiya o qədər zəif deyil ki, Xəzərdə özü üçün əlverişsiz dəyişikliklərə imkan versin. Həm də o qədər güclü deyil ki, inteqrasiya proseslərinə başçılıq etsin. Digər bir məqam isə odur ki, xəzəryanı ölkələrin maraqları çox müxtəlifdir".
Politoloq Vəfa Quluzadə isə heç kimin Rusiyanın Xəzərdə təkbaşına ağalığını qəbul etmədiyini bildirib: "Moskva istəyir ki, Xəzərdə heç kim statusa malik olmasın və bütün nəzarəti o özü həyata keçirsin. Bir faktı yada salmaq istəyirəm. Azərbaycan 1994-cü 20 sentyabrda Əsrin müqaviləsini imzalayanda Rusiya dərhal etiraz etdi. Moskva dedi ki, Xəzərdən neft dənizin statusu təyin edilmədiyinə görə ixrac edilə bilməz. Amma Rusiyanın bu bəyanatına heç kəs fikir vermədi. Bundan başqa, İran da Xəzərin statusuna etiraz edib deyir ki, bu bölgünü yenidən həyata keçirmək lazımdır. Tehran hər ölkəyə 20%-in verilməsini istəyir. Bu məsələ də Xəzərin statusunun yalnız konsensus vasitəsilə həll edilməli olduğuna görə qəbul edilmir. Yəni əgər bir dövlət razı deyilsə, qərar qəbul edilə bilməz. Ona görə də dövlətlər indi müəyyən razılığa gələ bilmədiyinə görə Xəzərin statusu təyin olunmayıb. Amma eyni zamanda Xəzər SSRİ zamanında sektorlara bölünüb. Sovet dövründə bütün respublikalar de-yure azad idilər. Ona görə də Xəzər dənizi onlar arasında bölünübdür. Orada da bütün ətraf dövlətlərin Xəzər dənizində payı göstərilib. Rusiyanın indi etiraz edib-etməməyinin faydası yoxdur. Çünki bütün qərarlar konsensusla qəbul olunur. Moskva gərək bütün bu ölkələri işğal etsin, ölkə rəhbərliyinə özünün adamlarını qoysun! Yalnız bundan sonra bu siyasətini həyata keçirə bilər. Ona görə də Rusiyanın bu bəyanatı boş şeydir. Moskva istəyir ki, Xəzərdə heç kim müəyyən statusa malik olmasın və bütün nəzarəti o həyata keçirsin. Bundan sonra da Həştərxandakı donanmasını raketləri ilə birgə bu ölkələrin sahillərinə gətirsin. Bunu isə Bakıdan tutmuş Tehrana qədər heç kim istəmir".
Siyasi şərhçi Azər Həsrət dedi ki, Moskva sadəcə Xəzər üzərində üstün hüquqlarını qorumaq üçün çalışır. Rusiya SSRİ-nin varisi olaraq istəyir ki, bir zamanlar olduğu kimi bundan sonra da Xəzər üzərində əsas söz sahibi olsun. Ona görə də milli sektorlara bölünməyə qarşı çıxır".
Politoloq İlqar Vəlizadə bildirib ki, Həştərxanda baş tutacaq sammitdə Xəzərin statusu məsələsi ciddi müzakirə mövzusu olmayacaq. Onun sözlərinə görə, daha çox təhlükəsizlik, fövqəladə hallar zamanı birgə mübarizə və ekoloji məsələlərlə bağlı müzakirələr aparılacaq: "Statusa gəldikdə, bu məsələdə fikir ayrılıqları gözə çarpır. Rusiyanın Xəzər dənizi üzrə xüsusi nümayəndəsi bu ərəfədə çıxış edərək, öz ölkəsinin, ümumiyyətlə, Xəzər dənizinin sektorlara bölünməsinin əleyhinə olduğunu bildirdi. Amma bir müddət öncə başqa fikir söylənilirdi. Hətta Rusiya Azərbaycan və Qazaxıstanla birgə sənəd imzalayıb ki, bu sənədin əsasında Xəzərin şimalında sektor bölgüsü bu və ya digər tərəflərdən müəyyən olunub. Lakin hazırda Rusiyanın mövqeyində dəyişiklik hiss olunur". İlqar Vəlizadə vurğulayıb ki, yəqin bu sammitdə statusla bağlı masa üzərində olan sənədlərə əl gəzdiriləcək, yenidən baxılacaq. Onun fikrincə, burada aksentlərin dəyişməsindən söhbət gedə bilər: "Misal üçün, sektora bölünməsindən çox Xəzərin sahil hissəsində xüsusi zonaların miqyasından söhbət gedə bilər. Dünyada bu 200 mil nəzərdə tutulur. Ancaq Xəzər dənizində bu mümkün deyil, Xəzər okean deyil, göldür. Ona görə də burada 200 mildən yox, başqa ölçüdən danışmaq olar. Eləcə də, sammit çərçivəsində dənizin bioresurslarının birgə istismarından söhbət gedə bilər. Yəni, bir ölkə hansı məsafəyə qədər bu bioresurslardan tək və eləcə də bundan sonra qonşu ölkələrdən hansısa biri ilə birgə istifadə edə bilər. Amma inanmıram ki, bu məsələ ilə bağlı hansısa saziş imzalansın. Ola bilər tapşırılsın ki, bu məsələ ilə bağlı daha ciddi məşğul olsunlar və növbəti sammitdə, yaxud da xarici işlər nazirlərinin müavinləri səviyyəsində keçiriləcək görüşlərdə müzakirə edilsin, hansısa qərar qəbul olunsun".

Əli