Ermənistandan siyasi iradə gözləyirik - Bayramov
5 Dekabr 19:46
Ermənistanın Tovuz rayonu istiqamətində son hərbi təxribatı, gücdən istifadə etməklə yeni mövqelər ələ keçirmək cəhdləri beynəlxalq səviyyədə pislənmiş, Avropa İttifaqı, Qoşulmama Hərakatı, İslam Əməkdaşlıq Təşkilatı və Türk Şurası kimi nüfuzlu beynəlxalq təşkilatlar məsələyə çevik reaksiya verərək Ermənistanın təcavüzkar əməllərinin regionda sülhə və təhlükəsizliyə ciddi maneə olduğunu bəyan etmişlər.
Həmçinin beynəlxalq təşkilatlar tərəfindən dünya ictimaiyyətinin COVİD-19 - la mübarizə apardığı bir zamanda Ermənistanın öz işğalçılıq siyasəti ilə sülh üçün beynəlxalq çağırışlara məhəl qoymadığına dair məsələlərə də konkret münasibət bildirilmişdir.
Bütün bunlar dünya birliyi tərəfindən Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün birmənalı şəkildə dəstəklənməsi və müasir dünyanın sülhsevər Azərbaycanın yanında olduğunun əyani təzahürüdür. Lakin bununla belə, Azərbaycan beynəlxalq hüququn prinsiplərinə riayət olunmamasında zərər çəkən ölkə kimi, o cümlədən ərazilərimizin Ermənistan tərəfindən işğalı ilə əlaqədar bütün beynəlxalq tədbirlərdə beynəlxalq hüququn zəruriliyini təkid edir. BMT Təhlükəsizlik Şurası bəzən qətnamələri bir neçə günə yerinə yetirir. Azərbaycana gəldikdə isə, qətnamələr 25 ildən artıqdır ki, kağız üzərində qalmaqda davam edir. Buna görə də əsas məsuliyyət dünyada sülhün və təhlükəsizliyin yeganə təminatçısı olan BMT TŞ-nın üzərinə düşür.
Dövlətimizin başçısı BMT-nin Baş Katibi ilə telefon danışığında münaqişənin həlli ilə bağlı danışıqların davam etdirilməsi fikrinə münasibət bildirərək Azərbaycanın həmişə konstruktiv mövqedə olduğunu, lakin Ermənistan Baş Nazirinin “Dağlıq Qarabağ – Ermənistandır” bəyanatının və digər tərəfdən “Azərbaycan Ermənistanla deyil, Dağlıq Qarabağla danışıqlar aparmalıdır” bildirməsinin danışıqlar prosesini ciddi şəkildə təhlükə altına saldığını xatırlatmışdır.
Ermənistanın bu vaxta qədər münaqişənin ədalətli həlli istiqamətində qəbul olunan qərar və qətnamələri icra etməməsi və buna görə cəzalandırılmaması BMT, ATƏT, AŞ kimi beynəlxalq təşkilatların məsələyə yanaşmasında ikili standartların olmasına dəlalət edir. Bu yanaşma qəbuledilməzdir. Münaqişənin fundamental həllini tələb edən əsas şərtlərdən biri Ermənistanın Azərbaycana qarşı davam edən təcavüzünə son qoyulmasıdır. Təcavüz aktına son qoymaqla yanaşı, BMT TŞ qətnamələrinin tələblərinin yerinə yetirilməsi təmin olunmalıdır. Hesab edirəm ki, BMT-nin ən mühüm islahatlarından biri – Təhlükəsizik Şurasının qətnamələrinin icra mexanizminin yaradılması olmalıdır.
Bu baxımdan Azərbaycanın münaqişənin həlli istiqamətində ədalətli mövqeyini təmin etmək üçün Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərimizndən tam və qeyd-şərtsiz çıxmasını tələb edən BMT-nin məlum dörd qətnaməsinin icrası ilə bağlı Xarici İşlər Nazirliyi tərəfindən BMT-nin Baş Katibinə müraciət ünvanlanması zəruridir.
Məzahir Əfəndiyev
Milli Məclisin deputatı