Soltan Məmmədov: Gəncənin raket atəşinə tutulması bir daha göstərir ki, Ermənistan regionda işğalçılıq və terror siyasətini davam etdirir Siyasət

Soltan Məmmədov: Gəncənin raket atəşinə tutulması bir daha göstərir ki, Ermənistan regionda işğalçılıq və terror siyasətini davam etdirir

Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirlərinin iştirakı ilə əldə olunmuş humanitar atəşkəslə bağlı razılaşmanın pozulması Ermənistanın danışıqlara hazır olmadığını bir daha təsdiqləyir. Ermənistan bu razılaşmadan hərbi əməliyyatlar bölgəsində öz mövqelərini yaxşılaşdırmaq üçün istifadə etməyə cəhd göstərir.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Soltan Məmmədov bildirib.

Deputat qeyd edib ki, Gəncə şəhərinin raket atəşinə tutulması, nəticədə dinc sakinlərin həlak olması Ermənistanın ənənəvi siyasətinin dəyişmədiyini göstərir. Dinc sakinlərə qarşı terror aktları törətməklə Azərbaycan xalqını qorxutmaq məqsədi güdülür. Ermənistanın hərbi-siyasi rəhbərliyi Xocalı soyqırımını törədərkən tətbiq olunmuş taktikanı təkrarlayır. Bu, bir daha göstərir ki, Ermənistan regionda işğalçılıq və dövlət səviyyəsində terror siyasətini davam etdirir. Hakimiyyətlər dəyişsə də, bu ölkənin həyata keçirdiyi siyasətin mahiyyəti dəyişməyib. Lakin bu gün Azərbaycan 90-cı illərin Azərbaycanı deyil. Güclü ordumuz, güclü dövlətimiz var və heç bir təxribat bizi yolumuzdan döndərə bilməz.

Soltan Məmmədov deyib ki, dünya ictimaiyyəti, xüsusilə də ATƏT-in Minsk qrupuna həmsədrlik edən dövlətlər Gəncədə baş verənlərə aydın və konkret mövqe ifadə etməlidirlər. Gəncədə dinc insanların qətlə yetirilməsinə etinasız yanaşmaq, mahiyyət etibarilə, beynəlxalq hüquqa hörmətsizlikdir. Beynəlxalq hüquqa hörmətsizlik nümayiş etdirən həmsədrlərin obyektiv və ədalətli vasitəçilik missiyası həyata keçirəcəyinə isə Azərbaycan ictimaiyyətində haqlı olaraq ciddi şübhələr yaranır. Ona görə də ATƏT-in Minsk qrupu baş verənlərlə bağlı çox sərt mövqe ortaya qoymalıdır.

Deputat bildirib ki, humanitar atəşkəs haqında razılaşmaya baxmayaraq, Ermənistanın Azərbaycanın müxtəlif bölgələrinə raket zərbələri endirməyə davam etməsi bir daha göstərir ki, bu ölkənin verdiyi vədlərə, imzaladığı sənədlərə əməl edəcəyini gözləmək mənasızdır. Ermənistanın atdığı addımlar faktiki olaraq müharibə cinayətləri kateqoriyasına daxildir. Bu addımlar Azərbaycan xalqına qarşı növbəti soyqırımı cəhdidir. Lakin Azərbaycan Prezidentinin də qeyd etdiyi kimi, Ermənistanın hərbi-siyasi rəhbərliyi bu cinayətkar əməllərinə görə cavab verməli olacaq.

Soltan Məmmədov dünya ictimaiyyətini baş verənlərə adekvat reaksiya verməyə, işğalçı və təcavüzkar Ermənistana qarşı sanksiyalar tətbiq etməyə çağırıb.