“Təəssüf ki, bu günə qədər Rusiya tərəfi öz vətəndaşına hələ də sahib çıxmayıb“ Siyasət

“Təəssüf ki, bu günə qədər Rusiya tərəfi öz vətəndaşına hələ də sahib çıxmayıb“

Ziyafət Əsgərov: "Lavrov bəyanat verdi ki, biz bu barədə iş görəcəyik, amma bir ay keçib, hələ bir nəticə yoxdur"

"Kəlbəcərdə girov götürülən azərbaycanlıların azad edilməsi ilə bağlı ciddi işlər görülür. Cənab Prezidentin xüsusi tapşırığı ilə dövlət orqanları da, parlament səviyyəsində də Avropa təşkilatlarında, xarici səfərlərdə biz bu məsələni qaldırırıq". Bunu jurnalistlərə açıqlamasında Milli Məclisin birinci vitse-spikeri Ziyafət Əsgərov deyib.
Z.Əsgərov bildirib ki, Kəlbəcər Azərbaycanın əzəli torpağıdır və əgər iki nəfər öz doğmalarının qəbrini ziyarət etməyə gedibsə, bunda cinayət ola bilməz.
Birinci vitse-spikerin sözlərinə görə, bu insanlar üzərində şou "məhkəmənin qurulması doğrudan da biabırçılıqdır: "Mən güman etmirəm ki, ermənilər o girovları çox saxlaya biləcəklər. Bilirsiniz, bu yaxınlarda ABŞ dövlət katibinin müavini Bakıda, Yerevanda da bəyanat verdi, dünən ABŞ-da bəyanat verdi ki, onlar maraqlıdırlar ki, azərbaycanlı girovlar qaytarılsın. Amma biz istərdik ki, bu sözlər bəyanat kimi deyilməsin. Bu bəyanatın arxasında bir iş olsun. Yəni Ermənistana təzyiq göstərin ki, bu şou məhkəmələr olmasın".
Z.Əsgərov deyib ki, girovlardan biri də Rusiya vətəndaşıdır: "Mən təəssüf edirəm ki, bu günə qədər Rusiya tərəfi öz vətəndaşına sahib çıxmayıb. Hərcənd, bir ay bundan əvvəl Rusiyanın xarici işlər naziri Lavrov bəyanat verdi ki, biz bu barədə iş görəcəyik. Amma bir ay keçib, hələ bir nəticə yoxdur. Hər halda biz ümid edək ki, Rusiyanın dövlət orqanları öz Konstitusiyalarına və vətəndaş hüquqları haqqında qanunlara hörmət edərək vətəndaşına sahib çıxacaq".
Milli Məclis sədrinin I müavini deyib ki, Ermənistan dövlət deyil, o, sadəcə siyasi qurumdur: "Biz Ermənistan prezidentinə deyirik ki, işğal etdiyiniz əraziləri qaytarın. Onun isə çıxışları imitasiya xarakterlidir. Ermənistan dövlət deyil, o, sadəcə siyasi qurumdur. Ermənilər acınacaqlı durumdadır. Atəşkəsi hər gün ona görə pozurlar ki, daxili problemlərini ört-basdır etsinlər. Bu da uzun müddət davam edə bilməz. Azərbaycan Prezidenti dəfələrlə bəyan edib ki, regionda sülhün tərəfdarıdır. Lakin biz daha Ermənistanın şıltaqlığına dözməyəcəyik. Çünki şəhidlərin ruhu bizi bağışlamaz".
Z.Əsgərov əlavə edib ki, Azərbaycanın ərazi bütövlüyünü ATƏT-in Minsk qrupunun həmsədr ölkələri də tanıyır: "Vasitəçilər bizə deyir ki, razılığa gəlin, məsələ həll olunsun. Razılıq olmursa, vasitəçilər nə üçün lazımdır?! Belə olan halda onlar Azərbaycana turist səfərləri edirlər".
Ziyafət Əsgərov jurnalistlərə İran-Ermənistan münasibətləri barədə fikirlərini də açıqlayıb.
Birinci vitse-spiker deyib: "Bu gün İranda rəsmi olaraq 35 milyon, qeyri-rəsmi isə 40 milyondan çox azərbaycanlı yaşayır. Biz iranlı həmkarlarımızla, parlamentin deputatları ilə bu məsələni dəfələrlə qaldırmışıq. Biz əgər doğrudan da qardaş müsəlman, şiə dövlətiksə, biz İranın Ermənistanla bu isti münasibətinin mənasını anlaya bilmirik. Amma onlar bizə deyirlər ki, bu bizim müstəqil siyasətimizdir".
Z.Əsgərov qeyd edib ki, Azərbaycan da buna qarışmır. Bu onların müstəqil dövlət siyasətidir: "Düzdür bəzən deyirlər ki, siz niyə İsraillə dostluq edirsiniz. Amma bu da bizim daxili işimiz, müstəqil siyasətimizdir".