“Dünyada insan hüquqları, demokratiya artıq bayağılaşıb” Siyasət

“Dünyada insan hüquqları, demokratiya artıq bayağılaşıb”

İsmayıl Hacıyev: " Dunya Miyatoviç kimi adamlar başqalarının əlində söz demək alətidir"

"ABŞ-da, Avropada elə adamlar var ki, onlar başqalarının əlində söz demək alətidir. Pullarını alır, guya Azərbaycanda jurnalistlərin həbs olunması, insan hüquqlarının pozulması haqqında sözlər deyirlər". Bu barədə "Trend"ə Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü İsmayıl Hacıyev ATƏT-in söz və media azadlığı üzrə nümayəndəsi Dunya Miyatoviçin Azərbaycanda insan hüquqları barədə söylədiyi fikirlərə münasbət bildirərkən deyib.
İ.Hacıyev qeyd edib ki, dünyada beynəlxalq hüquq, qanun işləmir: "Ona görə işləmir ki, dünyada ikiüzlü siyasət aparılır. Hər bir fikir deyən siyasətçinin arxasında müəyyən dairələr dayanır. Ona görə ki, bu, inkişaf etməkdə olan ölkələrə təzyiq vasitəsidir".
Millət vəkili bildirib ki, dünyada insan hüquqları, demokratiya artıq bayağılaşıb: "İnsan hüquqlarının nə olduğunu bilməyənlər başqalarına insan hüquqlarından dərs demək istəyirlər. Bunun heç bir əsası yoxdur. Avropa ölkələrinin həyatındakı hadisələri də biz görürük. Belə aydın olur ki, demokratiyadan dərs keçmək istəyənlərin özləri demokratiyanı öyrənməlidirlər".
D.Miyatoviçin Azərbaycanda jurnalistlərin həbs olunması barədə fikirlərinə gəlincə, İ.Hacıyev bu iddiaların tamamilə əsassız olduğunu qeyd edib: "Azərbaycan demokratik ölkədir. O adam tutulur ki, cinayət əməli törədir. Bu, istər jurnalist olsun, istər müəllim olsun, həkim olsun, yəni ixtisasından asılı olmayaraq hər kəs qanun qarşısında eynidir".
Onun fikrincə, ilk növbədə gərək insanın özü öz hüquqlarını qoruya. İnsanın həm hüququ, həm də vəzifələri var: "Yəni buna birtərəfli yanaşmaq olmaz. İnsan öz hüququnu bildiyi kimi, vəzifəsini də bilməlidir. Yəni insan vəzifəsini biləndən sonra hüququnu da qoruya bilər. Yoxsa "mən nə bilirəmsə, edə bilərəm" anlayışı təbii ki, qanun pozuntusuna gətirib çıxarır. O adamdan soruşmaq lazımdır, sən öz üzərinə düşən vəzifəni yerinə yetirirsənmi?"
Komitə üzvü əlavə edib ki, Azərbaycanda kütləvi informasiya vasitələri kifayət qədərdir, fikir azadlığı, mətbuatda söz demək azadlığı var: "Yəni bu, Azərbaycanda yüksək səviyyədədir. Deyilənlər sadəcə Azərbaycana qarşı təzyiq vasitəsidir. Azərbaycan müstəqil siyasət aparır, sürətlə inkişaf edir və təbii ki, bu da böyük dövlətlərin maraqlarına uyğun deyil. Ona görə də Avropa Şurasında, Avropa Parlamentində, ATƏT-də Azərbaycana qarşı nə qədər hərəkətlərə yol verirlər. Bu, demokratiya deyilən anlayışdan uzaqdır. Üzdə özlərini demokrat, insan hüquqlarının müdafəçisi kimi göstərirlər, lakin bunlara əməl olunmur. Əgər bunlar insan hüquqlarını qoruyan adamdırlarsa, Azərbaycanın bir milyondan artıq hüquqları pozulmuş qaçqın və məcburi köçkünü var, bununla bağlı, eləcə də Xocalı soyqırımına öz münasibətlərini bildirsinlər".