“Mərkəzi Asiyanı hədəf taxtasına çevrilir” Siyasət

“Mərkəzi Asiyanı hədəf taxtasına çevrilir”

Vüqar Zifəroğlu: “Əfqanıstan “bir kəmər - bir yol” layihəsində önəmli nöqtədir”

“Əfqanıstanda baş verən son proseslərlə bağlı verilən açıqlama və təhlillərdə bir çox hallarda tələskənliyə və səthi yanaşmaya yol verilir. Halbuki bu proseslər səbəbsiz deyil və çox mürəkkəb geosiyasi və geoiqtisadi qarşıdurmanı hədəf alır”. Bunu “Xalq Cəbhəsi”nə açıqlamasında siyasi şərhçi Vüqar Zifəroğlu deyib. O, bildirib ki, söhbət Çinin 2013-cü ildən planlaşdırdığı və 2049-cu ildə bitirməyi hədəflədiyi başlıca qlobal layihəsi olan – “Bir kəmər - bir yol” layihəsindən gedir. Əfqanıstan isə bu layihədə olduqca önəmli nöqtədir.
Nə baş verir? ABŞ Əfqanıstandan çıxdığını elan edir. Bunun fonunda ilk işləri Çini hədələmək olan taliblər, çox sürətli bir şəkildə Əfqanıstan üzərində nəzarəti tam ələ keçirir. Bu isə bütünlükdə Mərkəzi Asiyanı hədəf taxtasına çevirir. Həmin Mərkəzi Asiyanı ki, sözügedən layihədə önəm daşıyır”.

Mərkəzi Asiyada Taliban təhdidi

Ekspert əlavə edib ki, bu zaman bölgədə marağı olan ayrı-ayrı ölkələrin hədəflərinin ciddi şəkildə toqquşmasını görürük: “Gəlin, mövqe və münasibətləri nəzərdən keçirək. Deməli, ABŞ Mərkəzi Asiyada Əfqanıstan üzərindən Talibanı irəli çəkir. Bu o Talibandır ki, yaradıcıları 70-ci illərin sonu-80-ci illərin əvvəllərindən başlayaraq məhz silahlı islami qruplaşma liderləri kimi Sovetlərə qarşı Amerikanın dəstəyi ilə savaşdılar. indi isə Çinin Mərkəzi Asiya həmləsinə qarşı irəli cəkilirlər.
Talibanın başına hərəkatın Qətər nümayəndəliyinin rəhbəri gətirilir. Bu həmin Qətərdir ki, Yaxın Şərqin ən kilid ölkəsidir, ABŞ-ın strateji müttəfiqidir və ərazisində ən çox amerikali hərbi kontingent olan dövlətdir. Yəni Amerika talibləri məhz Qətər vasitəsilə nəzarətdə saxlamağı planlaşdırır. Amma Qətər həm də Türkiyənin ən önəmli müttəfiqidir. Bura ABŞ-ın Yaxın Şərqdə strateji iki müttəfiqi - Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanının Talibanı tanıyacaqları ilə bağlı mövqelərini də əlavə etmək lazımdır”.

Ziddiyyətli münasibət

Onun sözlərinə görə Qətərdən fərqli olaraq bu iki ölkənin Türkiyə ilə münasibətləri ziddiyyətlidir: “Onların Qətərlə də münasibətləri ziddiyyətlidir. Türkiyə isə “Bir kəmər-bir yol” layihəsini dəstəkləyir. Türkiyə həm də Pakistanla müttəfiqdir. Pakistan həm də Çinlə yaxın strateji müttəfiqdir və sözügedən layihəni tam dəstəkləyir. Eyni zamanda Talibanla münasibətləri normaldır, talibləri taniya biləcəkləri ehtimalı realdır.
Burada isə Çinin də dəstəyi ilə Mərkəzi Asiyada Pakistanın artan nüfuzuna qarşı Hindistanı irəli çəkən Rusiya və İran yada düşür. Həmin Rusiya və İranın isə ənənəvi olaraq sözügedən bölgə üzərində təsir imkanları var. Ruslar Orta Asiyanın qarışmasında maraqlı deyillər”.

Əl-Qaidə dəstəkçiləri

V.Zifəroğlu diqqətə çatdırıb ki, həmin bölgədə Əl-Qaidə dəstəkçisi olan kifayət qədər passiv hücrələr var: “Bu hücrələlərin aktivləşməsi zaman məsələsidir. Növbəti mərhələdə prosesin Şimalı Qafqaza keçməsi də realdır. İran isə zatən etnik ərəblər və bəlucalar yaşayan bölgədə sıxıntı çəkir (bir necə gün bundan əvvəl Xuzistanda yaşanan və tezliklə bütün ölkə üzrə öz təsirini göstərmiş su qiyamı buna əyani sübutdur, əlavə olaraq məzhəb faktoru işə düşür), Pakistan isə etnik bəluclara (məzhəbsəl və etnik faktor) dəstək verir. Lakin həm Rusiya, həm İran eyni zamanda Çinin "bir qurşaq-bir yol" layihəsində maraqlıdırlar. Onlar Türkiyə ilə də müttəfiqdirlər (Astana formatı). Baxmayaraq ki, yuxarıda da qeyd etdiyimiz kimi, bu layihədə önəmli oyunçu, Çinin tam dəstəklədiyi, Türkiyənin yaxın müttəfiqi Pakistana qarşı Hindistanı dəstəkləyirlər.
Beləliklə mürəkkəb şahmat partiyasını xatırladan gedişlərlərlə müşayət olunan bu oyunda, hər fiqurun öz marağı var. Kimin şah, kimin vəzir, kimin piyada olduğu isə yaxın bir ayda bəlli olacaq. Sadəcə unutmaq olmaz ki, şahmatda piyada vəzir də ola bilir və rəqibin şahının "mat" vəziyyətinə düşməsinə səbəb olur. Xatirlatmaq istərdim ki, 2011-ci ildə Yaxın Şərqdə ərəb baharı başladılanda da, hədəflər başqa idi, nəticə tam əksi oldu...”.

Əli Zülfüqaroğlu