Putin Ermənistanı 7 rayonun Azərbaycanın nəzarətinə qaytarmağa məcbur edə bilər? Siyasət

Putin Ermənistanı 7 rayonun Azərbaycanın nəzarətinə qaytarmağa məcbur edə bilər?

Asim Mollazadə: "Rusiya prezidentinin belə bir imkanının olması heç kəsə sirr deyil"

Akif Nağı: "ATƏT-in Minsk qrupunun həmsədrləri birmənalı şəkildə ermənipərəst mövqedə olublar"

ATƏT-in Minsk qrupunun həmsədrləri Ceyms Uorlık , Pyer Andrie və İqor Popov Vyanada Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı məsələləri müzakirə edəcəklər. Bu barədə amerikalı həmsədr C.Uorlik Twitter səhifəsində yazıb. Onun sözlərinə görə, ATƏT-in Minsk qrupu Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı aparılan danışıqlar prosesinin gedişi və həmsədrlərin bu məsələnin həlli ilə əlaqədar göstərdikləri səylər barədə məlumat verəcək. Danışıqların konkret olaraq kiminlə aparılacağı barədə isə həmsədr məlumat açıqlamayıb. "Biz münaqişənin həllini prioritet etməliyik" - deyə C.Uorlik qeyd edib.
Xatırladaq ki, münaqişə 1988-ci ildə Cənubi Qafqazın iki ölkəsi arasında Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları ilə başlayıb. Azərbaycan ərazisinin 20 faizini təşkil edən Dağlıq Qarabağ və 7 rayon hazırda Ermənistan hərbi birləşmələrinin işğalı altındadır. 1994-cü ilin mayında tərəflər atəşkəs rejiminin elan olunması barədə razılığa gəliblər. O vaxtdan bu günə kimi ABŞ, Fransa və Rusiyanın həmsədrlik etdiyi ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə hələlik bir nəticə verməyən danışıqlar aparılır. BMT-nin Təhlükəsizlik Şurasının Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağın və 7 rayonun azad olunması ilə bağlı qəbul etdiyi 4 qətnamə var. Bu qətnamələrə hələ də riayət olunmur.
"Armenpress"ə müsahibəsində Fransanın Ermənistandakı səfiri Jan Fransua Şarpantye deyib ki, Fransa Azərbaycan-Ermənistan sərhədində gərginliyin artmasından narahatdır. Biz prezidentlərin Paris görüşündən və göstərilən səylərdən sonra vəziyyətin pisləşməməsi üçün əlimizdən gələni əsirgəmirik. O bildirib ki, nizamlanma prosesinə şəxsən Fransa prezidenti Fransua Olland cəlb olunub. "Əminik ki, razılaşdırılmış qərarlar və qlobal saziş kontekstində 3 əsas Madrid prinsipinə əməl olunmalıdır. Status-kvo qəbuledilməzdir", - deyə səfir vurğulayıb.
Diplomat qeyd edib ki, ATƏT-in Minsk qrupunun həmsədrləri problemin nizamlanması yollarını yalnız münaqişə tərəfləri və regionda marağı olan digər dövlətlərin nümayəndələri ilə görüşlərin nəticəsi kimi görürlər: "Rusiya və ABŞ-la birlikdə vasitəçilik missiyamızı davam etdiririk. Lakin Ermənistan prezidenti Serj Sarkisyanın Avronest sammitində bəyan etdiyi kimi münaqişənin həllinin açarı İrəvan və Bakıdadır. Biz yalnız vasitəçiyik".
Demokratik İslahatlar Partiyasının sədri, millət vəkili Asim Mollazadə isə "İrəvana səfəri çərçivəsində Vladimir Putin Ermənistanı Dağlıq Qarabağ ətrafındakı 7 rayonun Azərbaycanın nəzarətinə qaytarmağa məcbur edə bilər fikri Rusiya Dövlət Dumasının komitə sədri Leonid Slutskinin fikri olsa da, Rusiya prezidentinin belə bir imkanının olması heç kəsə sirr deyil",-deyə bildirib. Millət vəkili qeyd edib ki, Ermənistan müstəqil dövlət deyil: "Ona görə də Ermənistana Moskvadan verilən istənilən tapşırıq dərhal icra olunur. Rusiya prezidenti tərəfindən belə bir addım atılacaqsa, biz bunu çox müsbət dəyərləndiririk. Çünki, bu bölgədə sabitliyin inkişafına təkan verən bir addım ola bilər".
Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı isə "ümumiyyətlə heç vaxt ATƏT-in Minsk qrupunun ABŞ, Rusiya və Fransadan olan həmsədrləri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ məsələsində obyektiv mövqe tutmayıblar", - deyə vurğulayıb. QAT sədrinin sözlərinə görə, ATƏT-in Minsk qrupunun həmsədrləri birmənalı şəkildə ermənipərəst mövqedə olublar: "Təbii ki, bu da növbəti dəfə onun təsdiqidir. Hesab edirəm ki, qondarma erməni soyqırımının ildönümü ilə bağlı Rusiya və Fransa prezidentinin Ermənistana gedəcəyi və orada sərgiləyəcəyi mövqe Azərbaycan xalqına, dövlətinə bir təhqirdir. Hətta Fransa prezidentini Bakıda qəbul etmək belə lazım deyil. Çünki bu dövlət açıq şəkildə öz mövqeyini göstərir və Ermənistana şərik çıxır. Belə olan təqdirdə axı onlardan nə gözləmək olar? Bu mənada hesab edirəm ki, onların "xidmətindən" imtina etməyin vaxtı artıq çatıb".

Əli