Azərbaycan və Qazaxıstan arasında Əməkdaşlıq Memorandumu imzalanıb Siyasət

Azərbaycan və Qazaxıstan arasında Əməkdaşlıq Memorandumu imzalanıb

Azərbaycan İnvestisiya Holdinqinin (AİH) Baş icraçı direktoru Ruslan Əlixanovun başçılıq etdiyi nümayəndə heyəti 21-22 oktyabr tarixində Qazaxıstana işgüzar səfəri zamanı ölkənin milli sərvət fondu “Samruk-Kazyna”nın idarə heyəti ilə görüşüb. “Samruk-Kazyna”nın baş qəraragahındas keçirilən görüşlərdə tərəflər nəqliyyat-tranzit, enerji, infrastruktur və digər sahələr üzrə müzakirələr aparmış, eləcə də hər iki ölkənin sənayeləşməsi və əhalinin rifahını yaxşılaşdırılması istiqamətində həmkarları ilə müxtəlif strategiyaları müzakirə edib, təcrübə mübadiləsi aparıb.

Holdinqdən verilən məlumata görə, müzakirələrin davamı olaraq AİH və “Samruk-Kazyna”nın rəhbərləri tərəfindən qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsinə təkan verəcək Əməkdaşlıq Memorandumu imzalanıb.

AİH-in baş icraçı direktoru Ruslan Əlixanov sənədlə bağlı qeyd edib: “Bu sənəd tərəflər üçün yeni bir başlanğıcdır və ölkələrimiz arasında onsuz da sıx olan əlaqələrin daha sıxlaşmasında mühüm rol oynayacaq. Əminəm ki, qarşılıqlı səylərimiz gələcəkdə həm AİH, həm də “Samruk-Kazyna”nın səmərəli nəticələr əldə etməsinə töhfə verəcəkdir.”

Əməkdaşlıq Memorandumunun imzalanması ilə bağlı fikirlərini bildirən “Samruk-Kazyna”nın baş icraçı direktoru Almassadam Satkaliyev qeyd edib: “Bundan sonra əməkdaşlığımız daha da güclənəcək, dərinləşəcək və daha geniş inkişaf edəcəkdir. Bu gün imzaladığımız Əməkdaşlıq Memorandumu hər iki təşkilat arasında keyfiyyətcə yeni bir səviyyədə əməkdaşlığa başlamağa imkan verir və eləcə də ölkələrimizin iqtisadi potensialının artmasına xidmət edəcəkdir.”

Səfər proqramı çərçivəsində AİH nümayəndə heyəti, eyni zamanda Qazaxıstan Respublikasının əsas qurumlarından biri olan Bayterek Milli İdarəetmə Holdinqinin rəhbərliyi ilə də görüş keçirib, bank və maliyyə sektorlarında potensial əməkdaşlıq ətrafında müzakirələr aparıb.

"Samruk-Kazyna" SC 2008-ci ildə Qazaxıstan Respublikasının Prezidentinin Fərmanına əsasən yaranıb. Biznes qurumu olan bu fondun əsas missiyası Qazaxıstan Respublikasının rifahını yaxşılaşdırmaq və gələcək nəsillər üçün davamlı gəlirliliyi təmin etməkdir. Fondun idarəetməsinə neft və qaz, nəqliyyat və logistika, eləcə də kimya və nüvə sənayesi üzrə müxtəlif dövlət qurumları daxildir.