“Hər keçən gün nifrət və qəzəb dolu anti-Azərbaycan kampaniyasının gücləndiyini...” Siyasət

“Hər keçən gün nifrət və qəzəb dolu anti-Azərbaycan kampaniyasının gücləndiyini...”

Azay Quliyev: "Və bu kampaniyaya yeni-yeni kəmfürsətlərin və bədxahların qoşulduğunu müşahidə edirik"

İbrahim Ərdoğan: "I Avropa Oyunlarının Bakıda keçirilməsi həm dünya, həm də qardaş ölkə Azərbaycan üçün çox böyük fürsətdir"

Aqil Abbas: "Artıq dünyanın müxtəlif televiziya kanallarında Azərbaycan haqında bir çox məlumatlar yayımlanır"

"Birinci Avropa Oyunlarının başlanmasına sayılı günlər qalıb. Hamı böyük maraqla bu möhtəşəm idman tədbirinin açılışını gözləyir. Bu da təbiidir".
Bu barədə millət vəkili, Prezident yanında QHT-lərə Dəstək Şurasının sədri Azay Quliyev özünün "Facebook" hesabında məlumat verib. Millət vəkili hesab edir ki, qoca qitə tarixində ilk dəfə keçirdiyi və bir çoxlarının adlandırdığı "kontinental olimpiya oyunu"na ev sahibliyi etməyi cəmi 24 yaşı olan gənc, eyni zamanda kifayət qədər təcrübəli və özünə güvənən bir dövlətə - Azərbaycana etibar edib: "Bundan qürur duymamaq və buna sevinməmək mümkün deyildir. Fəxarət hissi ilə yanaşı, etiraf edək ki, məsuliyyətdən irəli gələn bir həyəcan və narahatlıq hissi də var. Axı Azərbaycan adlı evimizə gələn on minlərlə qonağı yüksək səviyyədə qarşılayıb yola salmaq, onların təhlükəsizliyini təmin etmək, mümkün təxribatların qarşısını almaq və bir sözlə bütün təşkilatı işləri yüksək səviyyədə qurmaq bizim üçün təkcə bir nüfuz məsələsi deyil, bu hər şeydən əvvəl milli kimliyimizin və dövlətçiliyimizin dünya ictimaiyyəti qarşısında təkrar təsdiqi və müdafiəsi məsələsidir. Məhz elə bu amilin nəticəsidir ki, biz bu gün Avropa Oyunlarının idman müstəvisindən tamamilə çıxardılaraq siyasi və geo-siyasi haqq-hesab çəkmək müstəvisinə sürüklənməsi cəhdlərinin də şahidi oluruq. Hər keçən gün nifrət və qəzəb dolu anti-Azərbaycan kampaniyasının gücləndiyini və bu kampaniyaya yeni-yeni kəmfürsətlərin və bədxahların qoşulduğunu müşahidə edirik. Biz hamımız yaxşı anlayırıq ki, 1500-dən çox jurnalistin ölkəmizə gəldiyi və Azərbaycanın dünya ictimaiyyətinin diqqətində olduğu bir vaxtda bu dairələr heç vaxt sakit durmaz və bu fürsəti əldən verməzlər. Ona görə də ölkəmizə qarşı aparılan bu informasiya savaşı artıq heç kimi təəccübləndirmir".
A. Quliyevi narahat edən bir məqam da var: "Bu da ictimaiyyətin və onun əsas gücü olan mətbuatın bu savaşa nə qədər hazır olması məsələsidir. Son günlər apardığım müşahidələr göstərir ki, bəzi jurnalist dostlarım məlumat yayarkən bir sıra həssaslığı nəzərə almırlar. Məsələn, məlumat yayıldı ki, Almaniyanın kansleri Merkel və Fransanın prezidenti Olland Avropa Oyunlarını baykot edərək açılış mərasimində iştirak etməyəcək. Sual olunur- bu şəxslər nə zaman açılış mərasimində iştiraklarını təsdiq etmişdilər ki, sonra da ondan imtina etsinlər? Bir də bu dövlət və hökumət başçılarının zirvə toplantısı deyil ki, bütün prezidentlər və baş nazirlər iştirak etsin. Biz nəvaziş və protokol xatirinə hər kəsi dəvət edə bilərik. Kim istəyir iştirak etsin, kim istəyir etməsin. Bu onların öz işidir və bunun Avropa Oyunlarının gedişatına və möhtəşəmliyinə heç bir təsiri yoxdur. Ona görə də jurnalistlərimiz bunu kiminsə tədbiri baykot etməsi kimi təqdim edəndə gərək həm xəbərin doğruluğunu, həm də milli maraqlarımıza uyğunluğunu nəzərə alardı. Unutmamalıyıq ki, bu cür yanlış məlumatlardan ölkəmizə qarşı aparılan kampaniyada istifadə edənlər var və biz buna qətiyyən yol verməməliyik. Hamımız ölkəmizin bu imtahandan layiqincə çıxması üçün məsuliyyət daşıyırıq və çalışaq ki, belə bir həssas dönəmdə kimlərisə sevindirməyək. Onsuzda dünyada bədxahlarımız az deyil..."
Anadolu İdman Jurnalistləri Assosiasiyasının sədri və Türkiyə Jurnalistlər Federasiyasının Ali Müşavirə Heyətinin sədri İbrahim Ərdoğan deyib ki, I Avropa Oyunlarının Bakıda keçirilməsi həm dünya, həm də qardaş ölkə Azərbaycan üçün çox böyük fürsətdir. O hesab edir ki, bütün dünyadan milyonlarla insan Azərbaycanın möhtəşəm gözəlliklərinə şahid olarkən, Azərbaycan da səsini bütün dünya xalqlarına çatdırmaq imkanı tapacaq: "Bundan iki ay əvvəl Bakıya etdiyimiz səfərdə I Avropa Oyunları ilə əlaqədar olaraq koordinator Simon Kleqdən ətraflı brifinq aldıq. Oyunların keçiriləcəyi obyektlərlə bağlı infrastruktur işlərinin 30 aya bitdiyini, 7 ilə görüləcək işlərin 2 il yarım içində tamamlandığını və təxminən 1 milyon manatlıq bir sərmayə qoyulduğunu öyrəndik. Bu həqiqətən fədakarlıq istəyən böyük bir nailiyyətdir. Lazımlı idman kompleksləri, istərsə də olimpiya kompleksləri, heç bir xərcdən qaçmadan son dərəcə müasir bir şəkildə hazırlandığını yerində görüb qürur hissi ilə öyrəndik. Heç şübhə yoxdur ki, bu fədakarlığın Azərbaycana edəcəyi çox şey olacaq".
O qeyd edib ki, 16-sı olimpiya, 4-ü sərbəst olmaq üzrə 20 nominasiyada keçiriləcək yarışlarda 50 ölkədən 6100 idmançının mübarizə aparacaq olması, oyunların çox zövqlü, mübahisəli və həyəcanlı keçəcəyini göstərir: "Tam 23 min könüllünün bu işdə vəzifə alması da möhtəşəm bir hadisədir və Bakı I Avropa Oyunlarının əhəmiyyətini ayrıca qeyd etməkdədir. Sanki, bir media ordusu, oyunları izləyərək xəbərləşdirib şərh edəcək olması, qardaş ölkəmizin təbii gözəllikləri və bütün mədəni xüsusiyyətləri ilə birlikdə daha yaxından tanınmasını təmin edəcək. Amma hamısından əhəmiyyətlisi isə işğal olunmuş Azərbaycan ərazisi olan Qarabağ məsələsində edilən ədalətsizliyin, bu oyunlar daxilində həyata keçiriləcək müxtəlif toplantılar və qurulacaq dialoqlar vasitəsi ilə bütün dünyaya bir daha izah edilməsi imkanı yaranacaq".
İ.Ərdoğan bildirib ki, bununla yanaşı, idman insanları, o cümlədən cəmiyyətləri bir-birinə yaxınlaşdıran, yeni dostluqlar və dostların qurulmasını təmin edən, şirin bir rəqabət içində həyəcanlı keçən yarışların maraqla izlənməsinə imkan verən, həyəcan və ruh yüksəkliyinin dolayısı ilə yaşandığı bir hadisədir: "İstər fərdi, istərsə də kütləvi idman növlərinin bu həssaslıq içərisində baş verməsi, idmanın dünya sülhünə töhfə qoyan çox əhəmiyyətli bir xüsusiyyəti olduğu anlamına da gəlir. Bakıda, bütün Azərbaycanda böyük həyəcanla təqib ediləcəyinə inandığımız Oyunlara, qəzetimiz "Anadolu"da da yer vermək üçün səbrsizlənirik. Bu böyük Oyunlarda əməyi keçən hər kəsi təbrik edirəm və mübarizə aparacaq idmançılara, Oyunlarda iştirak edəcək bütün media mənsublarına uğurlar diləyirəm".
Millət vəkilli Aqil Abbas deyib ki, artıq dünyanın müxtəlif televiziya kanallarında Azərbaycan haqında bir çox məlumatlar yayımlanır. Onun sözlərinə görə, Türkiyə, Rusiya, eləcə də Avropa ölkələrinin kütləvi informasiya vasitələrində "Bakı-2015" ilk Avropa oyunları ilə bağlı müxtəlif materiallar verilir: "Bu sahədə gənclərimiz də daha fəal olmalıdırlar. Onlar ölkəmizə gələn qonaqları, turistləri Azərbaycanın mədəniyyəti, qədim adət-ənənələri ilə tanış etməli və məlumatlandırmalıdırlar. Çünki bu günlər ərzində ölkəmizdə olan hər bir kəs Azərbaycandakı inkişafın, demokratiyanın və tolerantlığın şahidi olmalıdır. Oyunların ölkəmizdə keçirilməsi Azərbaycanın inkişaf etmiş, tolerant, müasir bir dövlət olmasının parlaq göstəricisidir. Qonaqlara Azərbaycanı istənilən səviyyədə tanıtmaq üçün bizim təqdimatımızdan çox şey asılıdır".
"Azərişıq" ASC-nin Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Nicat Müslümov bildirib ki, İlk Avropa Oyunlarına hazırlıq prosesinə gənclər də öz qatqılarını verirlər: "Gənclər sosial şəbəkələrdə aktiv şəkildə "Bakı 2015"in təbliğatını aparırlar. Bütün cəmiyyətlərdə olduğu kimi, ölkəmizin də ictimai-siyasi həyatında mühüm demoqrafik sinif olan gənclər hazırda onlara göstərilən qayğı və diqqətdən kənar qalmır, bundan mümkün qədər istifadə edərək, şansları dəyərləndirə bilirlər. Bu, əlbəttə, bizdə sevinc doğurur. Çünki biz də bu prosesin içindəyik. Başqa sözlə desək, Azərbaycan gəncləri artıq cəmiyyətin inkişafında fəal sosial təbəqəyə çevrilib, demokratikləşmə və demokratik prinsiplərin mənimsənilməsi və inkişafı prosesində yaxından iştirak edirik. Bütün dövlətlərdə ayrı-ayrı düşünən şəxslər və gənclər var. Təbii ki, bu, normaldır. Lakin öz dövlətinə və vətəninə müxalif olmaq olmaz. Yəni, bu artıq sağlam düşüncə tərzinin göstəricisi deyil. Cəmiyyət özü-özünü qoruyaraq, müalicə edərək bu cür xəstəliklərdən daim azad olunur. Digər bir tərəfdən isə hər hansısa bir fərd səhvdən sığortalanmayıb. Fərd səhv edə bilər. Sadəcə olaraq səhvi dərk etmək və düzgün yola gəlmək, "mən nə etmək istəyirəm" sualını verərək özünü cəmiyyətdə tapmaq üçün bir az həyata real baxmaq, təhlili düzgün etmək, azərbaycançılıq ideyasını bilmək lazımdır. Azərbaycanın uğurlarına təbii ki, sevinməyən qüvvələr var. Bunlar bilməlidir ki, gənclərimiz Azərbaycanı sevir və onun uğurlarına sevinir. Bunu istəməyən qüvvələr anlamalıdır ki, onlar cüzi sayda gəncləri öz çirkin əməllərinə cəlb etsələr belə, heç nəyə nail ola bilməyəcəklər. Ona görə ki, onlar hər zaman düşünən beyin və Vətənə sevgi ilə qarşılaşacaqlar".
Onun sözlərinə görə, Azərbaycanın I Avropa Oyunlarına ev sahibliyi etməsi gəncləri çox sevindirir: "Bizim gənclərlə tez-tez görüşlərimiz olur. Gənclərimiz hər zaman ölkəmizin maraqlarına xidmət edirlər. Hər bir sektorda gənclər var. Prezident İlham Əliyev gənclərə böyük diqqət və qayğı ilə yanaşır. Biz də "Azərişıq" ASC YAP GB olaraq hər zaman ölkəmizdə ictimai-siyasi işlərdə aktiv oluruq. Bu yay ilk Avropa Oyunlarına biz də öz dəstəyimizi veririk: istər sosial şəbəkələrdə, istərsə də tədbir və görüşlərdə təbliğat aparırıq. Niyyətimiz Azərbaycanda və Azərbaycandan kənarda ölkəmizi və idmansevərləri ilk Avropa Oyunlarına dəstək üçün bir araya gətirmək, sülhə, əməkdaşlığa, dostluğa xidmət edən bu möhtəşəm idman yarışına töhfə vermək, ona mane olmağa çalışanlara qarşı öz iradəmizi ortaya qoymaqdır. 100 nəfərə yaxın könüllü gənclərimiz var. 6,7-i gəncimiz koordinator vəzifəsində tam qrupu 24 saat ərzində nəzarət edirlər. Paytaxtdan və bölgələrdən olan gənclər, eləcə də xaricdə təhsil alan gənclər qrupun fəaliyyətini izləyə bilirlər. Onlar da öz çevrələrini, Avropada yaşayan insanları qrupa üzv olmağa dəvət edirlər. Böyük Britaniya, İspaniya, Fransa, Almaniya və digər ölkələrin vətəndaşları da dostluq qrupunun izləyiciləri sırasındadırlar. Müxtəlif dillərdə statuslar yazaraq, ilk Avropa Oyunlarını, Azərbaycanı təbliğ edirik ".

Əli