Mülki və siyasi hüquqların müdafiəsi Layihə

Mülki və siyasi hüquqların müdafiəsi

I yazı

Azərbaycan Respublikasının insan hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Azərbaycanda insan hüquqlarının və azadlıqlarının təmin edilməsi və müdafiəsinin vəziyyəti haqqında 2014-cü il üzrə illik məruzəsində (Mülki və siyasi hüquqların müdafiəsi ilə bağlı) bildirilir: "Azadlıq hüququ insanın öz iradəsinə uyğun olaraq və hər hansı məhdudiyyət olmadan hərəkət etmək imkanını ifadə edir. Şəxsiyyət vəsiqəsi, habelə qeydiyyatla bağlı respublikanın şəhər və rayonlarından 70 müraciət daxil olub ki, onların da sayı ötən illərə nisbətən xeyli azalıb. Bununla belə, müvafiq sahədə hələ də bəzi çatışmazlıqlar qalmaqdadır. Qeyd edilən hüququn pozulmasına səbəb olan əsas hallardan biri müraciət edən vətəndaşların müvafiq polis orqanları tərəfindən şəxsiyyət vəsiqəsi ilə vaxtında təmin edilməməsi olub. Həmin müraciətlər üzrə görülmüş tədbirlər nəticəsində pozulmuş hüquqlar bərpa edilib. Müxtəlif səbəblərdən daimi yaşayış yeri olmadığı üçün qeydiyyata düşə bilməyən vətəndaşların daimi qeydiyyata alınması və şəxsiyyət vəsiqəsi ilə təmin edilməsi ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 2003-cü il 31 yanvar tarixli qərarının icrasının təmin edilməsi məqsədi ilə Nazirlər Kabinetinin 2003-cü il 9 aprel tarixli, 55 saylı Sərəncamının tələblərinə əsasən, bir çox vətəndaşların pozulmuş hüquqlarının bərpasına nail olunub. Müvəkkilin müdaxiləsi nəticəsində bir sıra digər hallarda da insanların sərbəst hərəkətinə qoyulmuş məhdudiyyətlərin qarşısı alınıb. Rəsmi məlumata əsasən, bir sıra səbəblərdən şəxsiyyət vəsiqəsini təqdim etməyən hamilə qadınlar barədə məlumat müvafiq elektron bazaya daxil edilmədiyi üçün onların körpələrinə doğum haqqında tibbi şəhadətnamə verilməyib. Doğum şöbələri tərəfindən belə qadınlar barədə müvafiq polis orqanlarına məlumatlar verilməsinə baxmayaraq, məsələ öz həllini tapmayıb. Qeyd olunan halların hüquqi tənzimlənməsi məqsədilə ötən il Müvəkkilin Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası"na əlavə və dəyişikliklər edilməsi ilə bağlı təklifi qəbul edilib.
Yeri gəlmişkən, birgəyaşayış münasibətlərinə daxil olan, lakin nikahları dövlət qeydiyyatına alınmamış şəxslərin sayının artması, habelə nikahdankənar yeni doğulanların doğum haqqında şəhadətnamə ilə təmin edilməməsi hüquqlarından yetərincə istifadə etməyə imkan vermir. Odur ki, yerli icra strukturları, icma və bələdiyyələr səviyyəsində əhali arasında maarifləndirmə və izahat işinin aparılması zəruridir".
Müvəqqəti saxlama yerlərində saxlanılan şəxslərin hüquqlarına gəlincə, hesabatda bildirilir ki, Müvəkkil və əməkdaşları tərəfindən müxtəlif vaxtlarda həbs yerlərinə - Daxili İşlər Nazirliyinin şəhər və rayon polis idarə, şöbə və bölmələrinin müvəqqəti saxlama yerlərinə (MSY), Bakı Şəhər Baş Polis İdarəsinin İnzibati həbs olunanların saxlanılma məntəqəsinə, həmçinin həmin nazirliyin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin, Pasport, Qeydiyyat və Miqrasiya Baş İdarəsinin qanunsuz miqrasiyaya qarşı mübarizə idarəsinin və İnsan Alverinə qarşı Mübarizə İdarəsinin müvəqqəti saxlanılma yerlərinə, Dövlət Miqrasiya Xidmətinin Qanunsuz Miqrantların Saxlanılma Mərkəzinə, həmçinin Milli Təhlükəsizlik Nazirliyinin Müvəqqəti Saxlanılma Yerinə və İstintaq Təcridxanasına müntəzəm olaraq çoxsaylı baxışlar keçirilib. Müvafiq həbs yerlərində saxlanılan şəxslərlə görüşərək təkbətək söhbət zamanı onların saxlanma şəraiti və rəftar qaydaları araşdırılıb, hüquqları izah edilib, saxlanılması ilə bağlı ailəsinə xəbər verilməsi, vəkillə təmin olunması, tibbi müayinədən keçirilməsi, şübhəli şəxs qismində saxlanılarkən insan hüquqlarının izah edilməsi, polis orqanlarında saxlanılan vaxt prokuror nəzarətinin aparılması vəziyyəti, həmçinin saxlanılmanın qanuniliyinə dair müvafiq sənədlər yoxlanılıb. Söhbət aparılan şəxslər, bir qayda olaraq, saxlanıldıqları müddət ərzində onlara qarşı insan ləyaqətini alçaldan kobud rəftara yol verilmədiyini, saxlanma şəraitindən, həmçinin polis və ya Penitensiar Xidmət əməkdaşlarının onlarla rəftarından şikayətlərinin olmadığını bildiriblər. Bununla yanaşı, bəzi saxlanılan şəxslər istintaqın gedişindən narazı olduqlarını bildiriblər.
Baxışlar zamanı müəyyən edilib ki, həqiqətən də respublikanın polis orqanlarının müvəqqəti saxlama yerlərində beynəlxalq normalara və standartlara cavab verən şəraitin yaradılması məqsədilə bir sıra yeni saxlama yerləri inşa edilərək istifadəyə verilib, bəzilərində əsaslı təmir və yenidənqurma işləri aparılıb. Qeyd edilənlərlə yanaşı, müvəqqəti saxlama yerlərinə baxışlar zamanı bir sıra nöqsanlar da aşkar edilib.
Aşkar edilmiş qanun pozuntularının, nöqsan və çatışmazlıqların aradan qaldırılması, müvafiq tədbirlərin həyata keçirilməsi ilə bağlı irad və təkliflərlə aidiyyəti orqanlara müraciətlər edilib: "Daxili İşlər Nazirliyinin rəsmi məlumatına əsasən, tutulma, həbs edilmə, müvəqqəti saxlama yerində insan hüquqlarının pozulması halları qeydə alınmamış, bununla belə, xidməti vəzifələrin icrasında nöqsanlara yol verdiklərinə görə müvəqqəti saxlama yerlərinin 77 əməkdaşı intizam qaydasında cəzalandırılıb ki, onlardan da 8-i daxili işlər orqanlarında xidmətdən xaric edilib, 2-si tutduğu vəzifədən azad olunub, 67 əməkdaş barəsində digər intizam tədbirləri görülüb. Saxlanılan şəxslərin hüquqlarının daha etibarlı təmin edilməsi məqsədilə Daxili İşlər Nazirliyi tərəfindən hazırlanmış "İnzibati həbs olunanların saxlanılma məntəqələri haqqında əsasnamə"nin və "İnzibati həbs olunanların saxlanılma məntəqələrinin daxili intizam qaydaları"nın yeni layihələrinə Müvəkkil tərəfindən verilmiş rəy və təkliflər nəzərə alınıb.
Müvəkkilin Daxili İşlər Nazirliyi ilə əməkdaşlığı çərçivəsində "Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında" qanunun müddəalarından və müvafiq nazirliyin bununla bağlı normativ hüquqi aktlarının tələblərindən irəli gələn vəzifələrin şəhər və rayon polis orqanlarının ictimai təhlükəsizlik xidmətlərinin, növbətçi hissələrinin və MSY-lərinin əməkdaşları tərəfindən əməli fəaliyyətdə tətbiqi işinin daha da yaxşılaşdırılması məqsədilə seminar-məşğələlər keçirilib".
Şərəf və ləyaqətin müdafiəsi hüququ: "Bu hüququn pozulması ilə bağlı daxil olmuş müraciətlərdə dövlət orqanlarının hakimiyyət səlahiyyətinə malik vəzifəli şəxsləri, eyni zamanda təhqiqat və istintaq orqanları, o cümlədən polis əməkdaşları tərəfindən saxlanılan və ya barəsində təhqiqat və ya istintaq aparılan şəxslərə qarşı kobud rəftar halları göstərilib. Lakin həmin müraciətlərdə əks etdirilmiş halların yoxlanılması ilə bağlı səlahiyyətli dövlət qurumlarına tapşırıqların nəticələrinə dair Müvəkkilə təqdim edilmiş cavablarda əsasən belə halların öz təsdiqini tapmadığı bildirilib. Təhqiqat və ya istintaq prosesində törətmədiyi hadisəni və ya cinayət əməlini etiraf etməsi məqsədilə aidiyyəti vəzifəli şəxslər tərəfindən döyüldüyünü, ləyaqətinin alçaldıldığını bildirən şübhəli və ya təqsirləndirilən şəxslərdən və ya onların yaxınlarından daxil olmuş müraciətlərin araşdırılması zamanı da müraciətdə göstərilən halların təsdiqini tapmadığı göstərilib.
Müvəkkilin Milli Preventiv Qrupu (MPQ) ötən il də saxlanılan şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi yerlərə davamlı olaraq başçəkmələr həyata keçirib. Daxili İşlər, Ədliyyə, Milli Təhlükəsizlik, Müdafiə, Təhsil, Səhiyyə, habelə Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin, Dövlət Miqrasiya Xidmətinin, həmçinin rayon (şəhər) icra hakimiyyətlərinin tabeliyində olan ümumilikdə 244 azadlıqdan məhrumetmə və məhdudlaşdırma yerinə, o cümlədən penitensiar müəssisələrə, müvəqqəti saxlanılma yerlərinə, sosial obyektlərə, ahıllar və əlillər üçün internat evlərinə və pansionatlara, psixiatriya müəssisələrinə mütəmadi olaraq plan üzrə və ya təxirə salınmadan, əvvəlcədən xəbərdarlıq edilmədən ümumilikdə 365, o cümlədən plan üzrə 267, plandankənar isə 98 başçəkmə həyata keçirilib. Belə ki, Daxili İşlər Nazirliyinin müvəqqəti saxlanılma yerlərinə 219, Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin istintaq təcridxanalarına, cəzaçəkmə müəssisələrinə, o cümlədən həbsxanaya, müalicə müəssisəsinə 112, Milli Təhlükəsizlik Nazirliyinin İstintaq təcridxanasına və Müvəqqəti Saxlanılma Yerinə 3, Müdafiə Nazirliyinin intizam xarakterli hərbi hissəsinə və hauptvaxtına 4, Dövlət Miqrasiya Xidmətinin Qanunsuz Miqrantların Saxlanılma Mərkəzinə 2, Təhsil Nazirliyinin xüsusi təlim-tərbiyə, habelə internat müəssisələrinə və xüsusi peşə məktəbinə 8, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin pansionatlarına, ahıllar və əlillər üçün internat evlərinə 10, Səhiyyə Nazirliyinin psixiatriya xəstəxanalarına, ruhi-əsəb dispanserlərinə, psixonevroloji uşaq evinə, uşaq və körpələr evlərinə 4, yerli icra hakimiyyətlərinin tabeliyində olan uşaq evlərinə 3 başçəkmə həyata keçirilib. Həmin başçəkmələr zamanı müvəqqəti saxlanılma yerlərində 237, istintaq təcridxanalarında və cəzaçəkmə müəssisələrində 1030, şəxsin öz iradəsi ilə tərk edə bilmədiyi başqa müəssisələrdə 250-dək saxlanılan şəxslə təklikdə və konfidensial görüşlər keçirilib, həmçinin bu müəssisələrin 300-dək əməkdaşı ilə fərdi söhbətlər aparılıb. Bu zaman müəssisə rəhbərləri və aidiyyəti vəzifəli şəxslər tərəfindən MPQ üzvlərinə lazımi şərait yaradılıb, verilmiş tövsiyələrin icrası və pozuntuların aradan qaldırılması üzrə tədbirlər görülüb.
Ölkənin bütün şəhər və rayonlarının polis idarə, şöbə və bölmələrində MPQ-nin "qaynar xətt"inin əlaqə nömrəsinin göstərildiyi müvafiq elanlar asılıb. Başçəkmələrin keçirildiyi müəssisələrin müəyyən hissəsinin yeni tikildiyi və ya əsaslı təmir olunduğu müəyyən edilib. Görüş zamanı saxlanılan şəxslər, bir qayda olaraq, müəssisə əməkdaşlarının onlara qarşı rəftarından şikayət etməyibər.


Uğur