“Şərq ənənəviliyin, Qərb isə müasirliyin simvolu kimi başa düşülür” Layihə

“Şərq ənənəviliyin, Qərb isə müasirliyin simvolu kimi başa düşülür”

Səlahəddin Xəlilov: "Şərqdə və Qərbdə elmin, mədəniyyətin, təhsilin xüsusiyyətləri də məkandan daha çox zaman göstəriciləri ilə səciyyələnir"

"...Son əsrdə Avropa ideoloqlarının dəfələrlə Qərbin mədəni-mənəvi süqutundan bəhs etmələri heç də təsadüfi olmayıb, Qərb həyat tərzinin ümumbəşəri fəlsəfi düşüncə ənənəsindən fərqli istiqamətdə davam etməsinə, fəlsəfənin getdikcə daha çox dərəcədə praqmatik və utilitar düşüncə metodologiyası ilə əvəzlənməsinə, onun yerinə təbiət elmlərindən törəmə olan pozitiv intellektual-məntiqi sistemlərin, elm çərçivəsinə salınmış psevdofəlsəfi təlimlərin gəlməsinə və bundan doğan mənəvi boşluğa reaksiyadır". Bu fikirləri filosof, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvü, professor Səlahəddin Xəlilov səsləndirib. O əlavə edib ki, Qərb intellekt qanadlarında çox uzaqlara uçmuş, həyatın təməl prinsiplərindən, fəlsəfi bazisdən ayrı düşüb: "Həm də artıq elə uzaqlara gedib ki, geri qayıtmaq bir o qədər də asan məsələ deyil. "Qayıdış zamanı geridə olan qabağa düşür" hikmətini yada salsaq, sıra Şərqindir. Təməl prinsipləri, həyati enerjinin ruhi-mənəvi qaynaqlarını harada, hansı yol ayrıcında itirmişdiksə, yenidən həmin nöqtədən başlayaraq axtarsaq və bu zaman üstəlik yeni dövrün intellektual imkanlarından da istifadə edə bilsək, ola bilsin ki, fəlsəfi fikrə və ümumbəşəri tərəqqinin inkişafına yeni nəfəs gətirə bilərik".
Onun fikrincə, İslam dünyasında ilk dəfə milli-demokratik dövlət qurmuş Azərbaycanda bu gün yeni fəlsəfi ideya, yeni düşüncə və həyat tərzi məsələsi yeni ideologiya axtarışları ilə əlaqəli olsa da, müəyyən nisbi müstəqilliyə və məxsusi ənənəyə malikdir: "Özümüzə qayıtmaq və öz milli fikir potensialımız zəminində müasir fəlsəfi sistemlər qurmaq və milli ideologiyanı da bu yeni, həm də qədim milli fəlsəfi fikrin ruhuna uyğun kökləmək yönündə axtarışlar gedir. Bu axtarışların təməlində Zərdüşt, Dədə Qorqud, Bəhmənyar, Şeyx əl-İşraq, Şəbüstəri durur. Biz milli-mənəvi köklərimizə, milli-fəlsəfi fikir tariximizə Qərb fəlsəfəsi prizmasından baxmaq məcburiyyətində qalsaq da, müəyyən məqamlarda öz böyük sələflərimizlə birbaşa ruhani təmas qurmağa, qəlbimizin dərinliyində onları heç bir vasitəçi olmadan duymağa, zaman uçurumunun yaratdığı ögeylik sindromunu aradan götürməyə qadir olduğumuzu sübut etməliyik. Hər şeydən əvvəl, qeyd edək ki, biz "Şərq" və "Qərb" anlayışlarını heç də coğrafi terminlər kimi işlətmirik. Baxmayaraq ki, bu anlayışlar əvvəlcə ölkələrin məhz coğrafi yerləşməsinə uyğun olaraq işlədilib, lakin sonralar onların simvolik mənaları formalaşıb. Belə ki, əvvəla, Şərq ənənəviliyin, Qərb isə müasirliyin simvolu kimi başa düşülür. Bu baxımdan, Şərqdə və Qərbdə elmin, mədəniyyətin, təhsilin xüsusiyyətləri də məkandan daha çox zaman göstəriciləri ilə səciyyələnir. Bu mənada Şərqlə Qərb arasında münasibət həm də insanın öz genetik kodu ilə çağdaş mühitdən gələn dəyərlər arasındakı münasibətdir. İkincisi, Şərq və Qərb bölgüsü mədəni-mənəvi bölgü kimi, habelə sivilizasiyaların tipi və düşüncə tərzləri arasındakı fərqə görə getdiyindən biz bu anlayışlardan məhz həmin mənada istifadə edəcəyik. Üçüncüsü, və ən başlıcası, Şərq və Qərbi fərqləndirən ən mühüm amil münasibətlərin şəxsi, yoxsa ictimai miqyasda qurulmasıdır. Belə ki, Şərq düşüncəsində məqsəd insanın kamilləşməsi, Qərb düşüncəsində isə – cəmiyyətin təkmilləşdirilməsidir".
Filosof əlavə edib ki, Şərq və Qərb coğrafi bölgüdən daha çox, zaman bölgüsüdür: "Qədimlik və ənənəvilik müasirliklə, modernləşdirmə ilə qarşılaşır. Şərq dedikdə, insana əzəldən xas olan, onun mahiyyətini ifadə edən mənəvi-əxlaqi keyfiyyətlər, Qərb dedikdə, insanın yeni dövrdə əldə etmiş olduğu intellektual və texnoloji uğurlar yada düşür. Bu cür başa düşüldükdə, yeni dövrə qədər hər hansı bir Qərb sivilizasiyasından danışmaq mümkün deyil. Roma imperiyasının süqutundan ta Renessans dövrünə qədər Avropa da Şərq sivilizasiyasının bir hissəsi idi. Həm də ucqar hissəsi, əyalət idi. Dünyada baş verən əsas proseslər, sivilizasiyanın ağırlıq mərkəzi, geopolitik situasiyanı müəyyən edən böyük hadisələr məhz Şərqdə baş verirdi. Avropa ölkələri ancaq bu böyük mədəniyyət mərkəzləri ilə bağlı olmaq dərəcəsinə görə sivilizasiyaya qatıla bilirdi. Təsadüfi deyil ki, orta əsrlərdə müsəlman dünyasının təsir dairəsində olan İspaniya elmi-fəlsəfi fikrin inkişafında oynadığı rola görə bütün digər Avropa ölkələrindən öndə gedirdi. Vatikan isə sivilizasiyanın, tərəqqinin yox, sxolastikanın və inkvizisiyanın ideya mərkəzi idi. Varlığın iki böyük əsasının, maddi və mənəvi, hissi-empirik və hissi-estetik başlanğıcının bu və ya digər dövrdəki prioritetliyi bəşər sivilizasiyasının müxtəlif zaman kəsiklərində formalaşan müxtəlif keyfiyyətli, xarakterli qatlarının fərqləndirilməsi də coğrafi bölgüyə əsaslanmır. Sadəcə olaraq, müasir Avropa "Qərb sivilizasiyası"nın daşıyıcısına çevrildikdən sonra onun keçmiş zamana ekstrapolyasiyası subyektiv mülahizələrlə həyata keçirilir ki, bu da avropasentrizmin daha bir təzahürüdür. Onların əsas arqumenti, əlbəttə, antik sivilizasiyadır. Lakin obyektiv təhlil göstərir ki, antik dövrdə yaradılan dəyərlər sistemi müasir Şərq və Qərb bölgüsü baxımından heç bir tərəfə uyğun gəlmir və daha çox dərəcədə sinkretik hadisədir". Onun sözlərinə görə, Şərq təfəkküründə ona görə hissi-estetik və metaforik məqam ön plana çıxır ki, insan-dünya münasibətlərində bütövlüyün qorunub-saxlanması üçün onlar hissi-empirik və rasional məqamlara nisbətən daha əlverişlidir: "Bizim Qərb düşüncəsi kimi səciyyələndirdiyimiz hissi-empirik metod hadisələrin hissələrə ayrılmasını, parçalanmasını tələb edir. Marksizmin terminologiyası ilə desək, əslində bu, metafizik metoddur. Və Qərbin bütün sonrakı uğurlarının təməlində dünyanın məhz hissə-hissə, konkret hissi təcrübə aktları sayəsində öyrənilməsi və bu hissələrin sintezindən onun yeni, bütöv mənzərəsinin hasil olması dayanır. Bu, əslində dünyanın elmi təhlilidir. Təsadüfi deyil ki, bir çox tədqiqatçıların fikrinə görə, "Elm – Qərbin yeni dinidir". Daha doğrusu, Qərbin təməlində din yox, elm dayanır. Lakin Şərq dünyanın bədii-estetik mənzərəsindən çıxış edir. Hissədən yox, bütövdən başlayır. Sonlu olanlar sonsuzluğun, əbədiyyətin bir anı, məqamı kimi götürülür. Hegelin haqlı olaraq müşahidə etdiyi kimi, "Şərqdə bölünməz, möhkəm, vahid, substansional olanlar üstünlük təşkil edir... Qərb isə, xüsusən yeni dövrdə, sonsuzluğun müntəzəm bölünməsindən və parçalanmasından çıxış edir". Qərb düşüncə tərzinə görə, bütöv – hissələrin cəmidir. Əvvəlcə hissələr dərk edilməli, sonra onlardan bütöv konstruksiya alınmalıdır. Bunun üçün isə empirik və rasional idrakın vəhdəti tələb olunur. Rasional idrak Şərq üçün də səciyyəvidir. Lakin Şərqdə rasional, yəni, əqli fəaliyyət birbaşa bütövün dərkinə yönəldilir. Düşüncənin obyekti nə az, nə çox, bütövlükdə kainat, ali məqsəd, əbədiyyət və nəhayət, Allahın özüdür. Allah ideyasının birbaşa mənimsənilməsi Qərb düşüncəsi üçün səciyyəvi deyil. Ona görə də, Qərb ya dindən ümumiyyətlə kənarda dayanır, ya da Allah ideyasını sadəcə bir simvol kimi qəbul edərək düşüncənin strukturundan kənarlaşdırır və özünü lokal, sonlu, əlçatan bir məsafədə tapmış olur. Qərbdə azadlıq nəinki başqa insanların, sosial qurumların, siyasi hakimiyyətin məhdudiyyət sferasından, həm də Allahın hər yerdə və hər şeydə iştirakından irəli gələn daxili nəzarət sferasından kənara çıxmaqla əldə edilmiş olur. Ona görə də "Allah ölmüşdür" ideyasının müəllifləri (Nitsşe, Haydegger və digərləri) Qərbdə az qala azadlıq ideallarının böyük daşıyıcıları, carçıları kimi dəyərləndirilirlər. Ancaq digər tərəfdən, XIX əsrdən başlayaraq coğrafi Qərbdə Şərq düşüncə tərzinə böyük maraq yaranmış və bu iki sivilizasiyanın gələcək sintezindən xəbər verən yeni fəlsəfi və ədəbi-bədii axtarışların əsası qoyulmuşdur. Bu vəhdət ideyasının əsas carçıları Şpenqler, Toynbi, Lev Tolstoy, Emerson, Uitmen, Cübran Xəlil Cübran, Əmin ər-Reyhani, Həsən bəy Zərdabi kimi şəxsiyyətlərdir. Əslində bu ideyanın kökləri bir az da əvvələ gedir, onun beşiyi başında Qərbdə Herder, Kant, Göte, Şərqdə Abbasqulu ağa Bakıxanov, Mirzə Fətəli Axundov, Cəmaləddin Əfqani kimi zamanını qabaqlayan böyük düha sahibləri dayanırlar".
S.Xəlilov deyib ki, XX əsrin əvvəllərində Şərq və Qərb dəyərlərinin birləşdirilməsi, milli və dini dəyərləri saxlamaqla modernləşmək mövqeyi Azərbaycan ziyalıları üçün çox səciyyəvi olub: "Bu şüarla çıxış edən böyük siyasi xadimlərlə yanaşı, Azərbaycanda Sabir, Hadi, Cavid və Cabbarlı kimi böyük mütəfəkkir-yazıçılar da bu mövzunu həmişə öz yaradıcılığının diqqət mərkəzində saxlayıblar. Azərbaycanda da digər Şərq ölkələrində olduğu kimi, sivilizasiyalararası münasibət probleminə elmi-fəlsəfi münasibətdən öncə ədəbi-bədii münasibət formalaşıb. Yəni ilk reaksiya şair mütəfəkkirlərdən gəlib. Zamanca dünyanın intellektual dərkinin hissi dərkdən sonra gəlməsi qanunauyğun haldır. Və bir problem kimi fəlsəfi əhəmiyyət kəsb edən ancaq bu iki düşüncə tərzi və mədəniyyət formaları arasında münasibətin öyrənilməsidir. Coğrafi mənada Şərq və Qərb olsa-olsa, geopolitika problemi sayıla bilər. Sadəcə olaraq, müasir mənada elm Qərbi Avropada yaranıb inkişaf etdiyindən elmə əsaslanan sivilizasiya formasının şərti olaraq "Qərb" adlandırılması daha məqsədyönlüdür. Reallıqda isə bu gün ABŞ və Yaponiya elmi-texnoloji sistemlərin inkişafında liderliyi ələ keçirdiklərindən fəlsəfi və coğrafi bölgü arasındakı adekvatlıq artıq çoxdan sıradan çıxıb. Qərb sivilizasiyası hissə-hissə, damla-damla bütün planetə paylanmışdır və getdikcə daha çox dərəcədə planetar hadisəyə çevrilmək cəhdləri göstərir. Qloballaşma da məhz bu dəyərlər sisteminin dünyaya yayılması, hamı tərəfindən qəbul olunması və ya hamıya qəbul etdirilməsi proseslərini əhatə edir. Dünyada gedən bu proseslərin dərk olunmuş surətdə, təbii-tarixi inkişaf yolu ilə, mədəniyyətlərin yüksəlişi, sivilizasiyaların dialoqu sayəsində həyata keçməsi üçün mütərəqqi qüvvələrin birgə səyi tələb olunur. Heydər Əliyevin uzaqgörən siyasəti sayəsində Azərbaycan da bu proseslərin fəal iştirakçısına çevrilib...".

Əli

Ardı var...