KİV-lərdə millətlərarası məsələlərlə bağlı məlumatlandırma və maarifləndirmə Layihə

KİV-lərdə millətlərarası məsələlərlə bağlı məlumatlandırma və maarifləndirmə

IV yazı

Araşdırmaçı İlham Mazanlı bildirir ki, hazırda Azərbaycan öz milli inkişafının yeni mərhələsini yaşayır: "Milli-mənəvi dəyərlərin qorunması bu dövrün ən ümdə vəzifələrindən biri kimi qiymətləndirilir. Sahə mütəxəssislərinin fikrinə görə, gələcəyini düşünən xalq daim irəliyə baxmalı, insani, maddi və mənəvi resursları səfərbər etməlidir. Millətin tarixi keçmişi onun gələcəyə uğurla addımlaması üçün həm etibarlı zəmin, həm də ibrət dərsidir. Xalqın inkişaf yolunda varisliklə novatorluq vəhdət təşkil etməlidir. Bir sıra ictimai-siyasi xadimlər və tədqiqatçılar yeni dövr milli inkişaf siyasətinin davamlı şəkildə həyata keçirilməsini milli dövlətçiliyin, milli ruhun qorunmasının, inkişaf etdirilməsinin və yeni nəsillərə çatdırılmasının mühüm şərtlərindən biri kimi xarakterizə edirlər.
Millətlərarası və dövlətlərarası münasibətlərlə kütləvi informasiya vasitələri arasında qarşılıqlı təsir problemləri KİV əməkdaşlarından nəzəri bilik, müvafiq məsələlərə aid fakt və məlumatları toplamaq, elmi təhlil metodundan istifadə etmək, elmi ədəbiyyat və mənbələrlə işləmək bacarığı tələb edir. Milli inkişaf siyasətinin, millətlərarası və dövlətlərarası münasibətlərin kütləvi informasiya vasitələrində işıqlandırılması jurnalistdən yüksək səriştəlilik və sənətkarlıq keyfiyyətləri ilə yanaşı, həm də böyük məsuliyyət tələb edir. Beynəlxalq təcrübə göstərir ki, kütləvi informasiya vasitələrinin millətlərarası və dövlətlərarası münasibətlərə ikili (xüsusilə də neqativ) təsiri müəyyən dərəcədə bu problemlərin işıqlandırılması zamanı cəmiyyətdə baş verən bütün proseslərdə, o cümlədən, dövlətçilik və dövlət quruculuğu prosesində hansısa xalqın (əsasən, çoxsaylı) istisnalığının xüsusi vurğulanması ölkədə yaşayan digər xalqlarda (əsasən, azsaylı) assimilyasiya assosiasiyası yaradır. Əksər hallarda azsaylı xalqlar bu amilə çox həssaslıqla yanaşır və assimilyasıyanın məqsədli şəkildə və zorla həyata keçirildiyini düşünürlər. Məhz bu xüsusiyyəti nəzərə alaraq, media öz fəaliyyətində bu mühüm sosial-psixoloji amili daim nəzərə almalı, yerli etnosların minillər boyu dinc-yanaşı yaşamalarını,etnik özəlliklərini, mədəniyyətlərini, dilini və dinini, milli adət-ənənələrini qoruyub-saxlamalarını və inkişaf etdirmələrini bu ərazidə məskunlaşmış bütün xalqların xoşbəxtliyi kimi səciyyələndirməlidir. Təəssüf ki, qonşularımızın hamısı haqqında bu fikri qətiyyətlə söyləyə bilmirik. Hazırda Azərbaycanda yaşayan etnik icmaların dilində 15-dən, təkcə rus dilində isə 30-dan çox qəzet və jurnal nəşr olunur. Televiziya kanallarında milli azlıqların etnik-mədəni həyatı, etnoqrafiyası barədə müntəzəm olaraq materiallar nümayiş etdirilir. Milli azlıqların sıx yaşadıqları bölgədə yerli televiziya və radio kanalları fəaliyyət göstərir. Azərbaycan Dövlət Radiosu ilə mütəmadi olaraq rus, kürd, ləzgi, talış, gürcü və s. dillərində 15-dək veriliş yayımlanır.
İctimai Televiziya ölkədə yaşayan bütün xalqların və etnik qrupların, hətta bir və ya bir neçə kənddə məskunlaşmış, sayları bir neçə mindən artıq olmayan etnosların maddi mədəniyyət nümunələrini, etnik və məişət özəlliklərini geniş ictimaiyyətə çatdırır, etnik azlıq və qrupların mədəni irsinin qorunub saxlanılması və inkişaf etdirilməsi, xalqlar arasında qarşılıqlı anlaşma və dostluq münasibətlərinin möhkəmləndirilməsi məqsədilə "Azərbaycan - doğma diyar" devizi altında azsaylı xalqların incəsənəti festivalını keçirir. Müxtəlif bölgələrdən - Balakən, Zaqatala, Qax, Şəki, Quba, Qusar, Lənkəran, Astara, Masallı, Saatlı, İsmayıllı və Şabran rayonlarından azsaylı xalqların bədii özfəaliyyət kollektivləri festivala dəvət olunurlar. İctimai Televiziya bu festivalı peyk vasitəsilə bütün dünyaya yayır. Azərbaycanın zəngin milli palitrasını, azsaylı xalqların adət-ənənələrini, mətbəxini, folklorunu özündə əks etdirən videomateriallar hazırlanır və müxtəlif dillərə tərcümə edilərərək dünya ictimaiyyətinə çatdırılır".
Araşdırmaçı hesab edir, ancaq heç də həmişə KİV-in imkanlarından pozitiv məqsədlər üçün istifadə olunmur. Bu tendensiyalara bəzi postsovet ölkələrinin və digər qonşu ölkələrin mətbuatında da rast gəlinir: onlar KİV-in ictimai şüura nüfuzetmə imkanlarından sui-istifadə edir, əhaliyə kollektiv etnik, dini və s. hüququn insan hüquqlarından üstün əhəmiyyət kəsb etdiyini təlqin etməyə çalışırlar. Bu metoddan əsasən başqa xalqları əsrlərlə müstəmləkədə saxlayan rejimlər öz ömürlərini uzatmaq, ya da bu əsarətdən qurtarmış xalqları KİV millətlərarası və dövlətlərarası münasibətlərin təkmilləşdirilməsi faktoru kimi bu və ya digər formada yenidən öz təsir dairələrinə daxil etmək üçün istifadə edirlər. Bu prosesdə kütləvi informasiya vasitələrinin ikili rolu (tənzimləyici və ya dağıdıcı) özünü daha qabarıq şəkildə büruzə verir. Xüsusilə də elektron vizual mediada yeni kommunikasiya texnologiyalarının "məqsədli" tətbiqi sayəsində asanlıqla əldə olunan "25-ci kadr effekti", müşahidə olunan, ancaq qavranılmayan, yaxud da insan beyni tərəfindən qəbul olunan, ancaq emal olunmayan informasiya (işarə, səs, işıq formasında ola bilər) və ya istənilən material geniş auditoriyanın şüuru və hissləri ilə manipulyasiya etmək imkanlarını xeyli artırır.
Jurnalistika ictimaiyyətində belə bir fikir də mövcuddur ki, əhalisinin tərkibi çox sayda müxtəlif millətlərdən ibarət olan ölkələrdə millətlərarası və dövlətlərarası münasibət mədəniyyətini formalaşdırmadan vətəndaş mədəniyyətinə nail olmaq mümkün deyil. Bu fikrin tərəfdarları öz mövqelərini beynəlmiləl dilin olmadığı kimi, beynəlmiləl mədəniyyətin də olmaması arqumenti ilə əsaslandırır və izah etməyə çalışırlar ki, internet bizim həyatımıza nə qədər yüksək sürətlə daxil olacaqsa, milli mədəniyyətin qorunub saxlanılması üçün həm sayca çox olan millətin, həm də milli azlıqların dilində mətbu sözün əhəmiyyəti bir o qədər vacib xarakter alacaq. Bu problem özünü xüsusilə ötən əsrin 90-cı illərinin əvvəllərində keçmiş SSRİ ərazisində millətlərarası münaqişələrin və insanların bu hadisələrə münasibətlərinin kəskinləşdiyi şəraitdə özünü daha qabarıq şəkildə büruzə verirdi.
Bəzi respublikaların KİV-ləri isə hələ XX əsrin 70-80-ci illərindən başlayaraq, beynəlxalq dəyərlərə, "vahid sovet xalqı" və s. bu kimi postulatlara məhəl qoymadan açıq şəkildə bir millətin başqa millətlərdən fərqliliyini –qədimlik və istedad baxımından üstünlüyünu və müstəsnalığını təbliğ edir, özünə "yerli xalq" imici qazandırmağa, başqa xalqların bura "gəlmə" olduqları ideyasını yaymağa, hətta millətlərin bərabərliyi prinsipinə etinasızlıq göstərərək, bu müddəaların milli qanunvericilikdə təsbit olunmasını, öz xalqlarının məkrli marağı naminə "əzabkeş xalq", "tarixi ədalətin bərpası", "milli haqq" və s. kimi konsepsiyaları mütləqləşdirməyə çalışırdılar. Bu da öz növbəsində millətçiliyi, xalqlar və dövlətlər arasında milli ədavəti daha da dərinləşdirirdi. Bu problem artıq jurnalistika araşdırıcılarını da narahat etməyə başlamışdı, çünki bu sahədə mətbuatın ikili rol oynamasını və KİV-in bu cür fəaliyyətinin hansı nəticələrə gətirib çıxaracağını onlar daha yaxşı anlayırdılar.
Bir sıra mütəxəssislərin fərqli sistemlərdə apardıqları araşdırmalar sayəsində gəldikləri nəticələri və verdikləri proqnozları həyat və praktika artıq dəfələrlə təsdiq edib. Media tədqiqatçılarının millətlərarası və dövlətlərarası münasibətlərin KİV-də adekvat şəkildə işıqlandırılması, problemin səbəblərinin obyektiv və əsaslandırılmış şəkildə əhaliyə çatdırılması və hansı neqativ nəticələrə gətirib çıxaracağının əvvəlcədən müəyyən edilməsi üçün emosiyalara, başqa xalqlara qarşı ədavət hisslərinə yol verilməməsi, publikasiyaların real həyata söykənməsinin təmin olunması məqsədi ilə redaksiyaların strukturunda və yaxud da millətlərarası problematikaya yönəlmiş ayrıca səriştəli sosioloji xidmət qruplarının yaradılmasının vacibliyi haqqında təkliflər həyata keçirilir və onların fəaliyyəti problemin həllində KİV-in təsirliliyinin artmasında xüsusi rol oynayır".
Araşdırmaçı bir məqama diqqət çəkir: "Fikrimizi təsdiq etmək üçün hələ 1991-ci ildə (SSRİ-nin dağıldığı il – İ.M.) keçirilmiş iri həcmli bir sosioloji tədqiqata müraciət etmək istərdik. Tədqiqat 20 ildən artıq əvvəl aparılsa da, onun aşkara çıxardığı hallar hazırda yaşadığımız günlərin gerçəkliklərini demək olar ki, təfərrüatı ilə özündə əks etdirir. Bu da millətlərarası və dövlətlərarası münaqişələrin yaranmasının və bəzən də onların həlli üçün zorakılıqdan istifadənin səbəbinin məhz KİV-lə milli məsələyə aid stereotip və xürafatların, başqa xalqlara nifrətin insanların beyninə yeridilməsi ilə bağlıdır. Sosioloji sorğu Rusiyanın Stavropol, Şimali Osetiya, Kemerov, Orenburq və Pskov vilayətlərində, Moskva şəhərində keçirilmiş və təxminən 4 min nəfəri əhatə edib.
Sosioloji sorğunun subyektləri arasında bizim üçün daha çox maraq kəsb edən Stavropol vilayətidir. Əgər nəzərə alsaq ki, bu vilayətdə yerli etnos sayılan ruslardan sonra sayına görə azsaylılar ermənilər hesab olunurlar, sorğunun nəticələrinin regionda baş verən proseslərin qiymətləndirilməsində oynayacağı rolu müəyyən etmək o qədər də çətin deyil. 2010-cu ilə olan məlumata görə, Stavropolun əhalisi 2 790 789 nəfər olub və onların 161 324 nəfərini, təxminən 6 %-ni ermənilər təşkil edir. Azərbaycanlı əhali 17800 nəfərdən ibarətdir ki, bu da 0,65 %-ə bərabərdir. Sorğu vərəqinə daxil edilmiş iki suala verilən cavab bizim diqqətimizi daha çox cəlb edir. "Elə millətlər varmı ki, siz onlara qarşı ədavət hissi keçirirsiniz?" sualına stavropolluların 33%-i müsbət cavab verib. Rəyi soruşulan paytaxtlıların da 20%-i sualı bu cür cavablandırıb. Respondentlər başqa millətlərə kinli münasibət bəsləmələrinin birinci səbəbi kimi onlarla məişət səviyyəsində münasibət saxlamalarını, istehsalatda birgə çalışdıqlarını və bu əsasda da onlara yaxşı bələd olduqlarını, ikinci səbəb kimi isə millətlərarası münaqişələrin günahkarları haqqında yaranmış təsəvvürləri göstəriblər.

Uğur